Bismillahir rəhmanir rəhim
Dəyərli “Mikyalul-Məkarim” kitabının müəllifi Mirzə Muhəmmədtəqi Musəvi İsfahani (r.ə) adı çəkilən kitabda İmam Məhdi (ə)-ın digər peyğəmbərlər (ə) ilə olan bənzərliyinə misal göstərərkən həzrətin Nuh (ə)-la olan bənzərliyi barədə belə deyir:
-Nuh (ə) şeyxul-ənbiyadır (peyğəmbərlərin şeyxi və ən yaşlısı). İmam Sadiq (ə) və İmam Hadi (ə)-dan nəql olunmuşdur ki, həzrəti Nuh (ə) 2500 il yaşamışdır. Qaim (ə) da şeyxul-əvsiyadır (vəsilərin, imamların ən yaşlısı). Belə ki, o həzrət Kafi kitabında da gəldiyi kimi 255-ci ilin Şəban ayının 15-də dünyaya gəlmişdir (Kafi: 1/514) və bu günədək həyatdadır. Hal-hazırda 1331-ci hicri ilinin Zil-qədə ayının 10-cu günü və həftənin bazar günüdür[1]. Bu isə 1081 il 85 gün edir. İmam Zeynul-abidin (ə)-dan nəql edilmişdir ki, Qaim (ə) da Adəmdən (ə) və Nuhdan (ə) bir sünnə vardır və bu, ömrün uzunluğudur.
-Nuh (ə) yer üzünü bu sözü ilə kafirlərdən təmizləmişdir: “İlahi, kafirlərin heç birini yer üzündə qoyma!”. Qaim (ə) da qılıncı ilə yer üzünü kafirlərdən təmizləyəcək və onlardan heç bir əsər-əlamət qalmayacaq.
-Nuh (ə) 950 il səbr etmişdir. Allahu-təala buyurur: “Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı”. Qaim (ə) da imamətinin ilk günündən bu günədək səbr edir və bilmirəm mövlamız Sahibəz-zəman (ə) nə vaxtadək səbr edəcək.
-Hər kəs Nuh (ə)-dan ayrı düşdü qərq oldu. Eləcə də Qaim (ə)-dan ayrı düşən hər bir kəs həlak olacaq.
-Allah Nuh (ə)-ın və onun əshabının fərəcini o qədər təxirə saldı ki, Nuha iman gətirmiş kəslərin əksəriyyəti ondan üz çevirdi. Qaim (ə) barəsində də belə olacaq. Allah onun və onun dostlarının fərəcinin o qədər təxirə salacaq ki, nəhayət ona iman gətirənlərin əksəriyyəti ondan üz çevirəcəklər. Necə ki, İmam Əsgəri (ə)-dan nəql olunan bir hədisdə də bu qeyd olunmuşdur.
-Nuhun (ə) gəlişi ilə bağlı İdris (ə)-a müjdə verilmişdi. Qaimin (ə) zühuru ilə bağlı da Allahu-təala mələklərə, həzrəti Peyğəmbərə (s) və İmamlara (ə) və hətta keçmiş Peyğəmbərlərə (ə) müjdə vermişdir. Əgər bunların hamısını qeyd etmək istəsək söz çox uzanar.
-Nuh (ə)-ın səsi və çağırışı yer üzünün şərqinə və qərbinə yetişirdi. Bu onun möcüzələrindən biri idi. Bu barədə Zubdədut-təsanif kitabında məlumat gəlmişdir. İmam Sadiq (ə)-dan nəql olunur ki, Qaim (ə) da zühur etdiyi zaman rüknlə məqam arasında dayanacaq və uca səslə belə deyəcək: “Ey mənim seçilmiş (dostlarım) və yaxın şəxslərim! Ey o kəslər ki, mən zühur etməmişdən qabaq Allah onları mənə yardım üçün yer üzündə qoruyub saxlamışdır! İtaətkar şəkildə mənim yanıma gəlin!”. Beləcə onun səsi onlara çatacaq. Bu zaman onlar yerin şərqində və qərbində öz mehrablarında, bəziləri də yataqlarında olmuş olacaqlar. Hər biri onun (ə) səsini eşidəcək. Hamısı ona tərəf gələcəklər (onun çağırışına ləbbeyk deyəcəklər). Bir göz qırpımı içində hamısı rüknlə məqam arasında olacaqlar. (Biharul-Ənvar: 7/53).
“Mikyalul-Məkarim”, Mirzə Muhəmmədtəqi İsfahani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] Kitab yazıldığı zaman. Müt.