İmam Məhdi (ə)-ın məktubları barədə sual

Bismillahir rəhmanir rəhim

 

Sual: Bəzi kitablarda İmam Məhdi (ə.f)-in öz səfirlərinə bir sıra məktublar göndərdiyi qeyd olunur. Görəsən, bu məktublar indi də İmam (ə)-ın öz əl xətti ilə mövcuddurmı və təbərrük üçün onlara baxmaq olarmı? Olarsa, onları hansı kitabxanada və ya hansı məkanda tapmaq olar?

Cavab: Əlimizdə olan məktublar alimlərin hədis və digər kitablarda qeyd etdiklərindən ibarətdir. İmamın (ə.f) məktublarının orijinal nüsxələri digər İmamların (ə) məktubları kimi əlimizdə mövcud deyildir. Qənaətimizcə, bu məktublar gizli məzmunda olduğu üçün orijinal nüsxələri bilərəkdən aradan aparılmışdır. Məlumdur ki, İmam Sahibəzzəman (ə) bu məktubların sadir olduğu kiçik qeyb dövründə çox güclü gizlilik halında olmuşdur. O həzrətin varlığından və ya yerindən xəbər verən ən kiçik nişanə o həzrətin həyatı üçün təhlükə sayılırdı. Məhz bu səbəbdən də məktubların orijinal nüsxələri bilərəkdən silinib aradan aparılmışdır. Xüsusən də məktubların dörd naibdən biri vasitəsilə göndərildiyi və gələn cavabın da birbaşa sual göndərən şəxsin özünə deyil, dörd xüsusi naibdən birinə gəldiyini nəzərə aldıqda məsələ daha da aydınlaşır. Belə ki, naiblər altında İmam Məhdi (ə) imzası olan məktubu sual göndərən şəxsə təqdim edir, onu gələn cavabdan xəbərdar edirdilər. Ardınca heç bir iz qalmasın deyə məktubun orijinalını gizlədir, yaxud aradan aparırdılar. Nəticədə məktubun məzmunu yalnız sual göndərən şəxsin nəqli ilə yayılırdı. Elə buna görədir ki, əlimizdə olan məktublar adətən hədis kitablarında, məktub göndərən şəxslərin nəqlləri şəklində mövcuddur.

Zuhuradogru.org

Məlumatdan istifadə etdidə istinad vacibdir.

Leave a Comment