İmam Məhdi (ə)-ın libası

Bismillahir rəhmanir rəhim

 1-Muhəmməd ibn Yaqub əshabımızdan olan bir neçə şəxsdən, onlar Əhməd ibn Muhəmməd əl-Bərqidən, o atasından, o Muhəmməd ibn Yəhya əl-Xəzzazdan, o da Həmad ibn Osmandan nəql edib deyir:

“Əba Əbdillah (ə)-ın yanında idim. Bir nəfər ona dedi: Allah sizə yardımçı olsun, dediniz ki, Əli ibn Əbi Talib (ə) cod və qaba paltar geyirdi, geydiyi köynək dörd dirhəmə olurdu və s. Amma biz görürük ki, sizin üzərinizdə yaxşı paltar var.

Buyurdu: Əli ibn Əbu Talib (ə) o libası elə bir zamanda geyirdi ki, o zaman ona pis baxmırdılar. Əgər elə bir paltar bu gün geyilsə, onda məşhur olar (şöhrət libasına çevrilər). Hər zəmanənin ən yaxşı libası, o zəmanənin insanlarının geydiyi libasdır. Lakin bizim Qaimimiz (ə) qiyam etdiyi zaman Əli (ə)-ın geyimini geyəcək, Əlinin (ə) yolu ilə addımlayacaq (onun kimi davranacaq)”. (Kafi: 1/411, hədis 4)

2-Muhəmməd ibn Yaqub əl-Kuleyni Müəlla ibn Xuneysdən belə nəql edir:

“Əba Əbdillah Sadiq (ə) buyurdu: Bir gün Əli (ə) Bəni-Divanın yanına gedib bir dirhəmə üç libas aldı. Onların biri topuğun yuxarı hissəsinə qədər olan bir köynək, digəri ayağının yarısına qədər gələn bir izar (üst geyimi), o birisi də öndən sinəsinə, arxadan isə belinin son hissəsinə qədər gələn rida idi. Sonra əllərini səmaya tərəf qaldırıb evinə daxil olana qədər – verdiyi libasa görə – Allaha həmd etdi. Sonra imam (ə) dedi: Müsəlmanların geyməli olduqları libas budur.

Daha sonra buyurdu: Lakin müsəlmanlar bu gün bu libası geyə bilməzlər. Əgər biz bu gün bu libası geymək istəsək, şübhəsiz ki bizə ya “dəli”, ya da “riyakar” deyərlər! İzzət və cəlal sahibi olan Allah buyurur: “Libasını da təmizlə!” (Müddəsir surəsi, 4). (Yəni) deyir: Libasını qaldır və sürümə. Bizim Qaimimiz (ə) zühur etdiyi zaman bu libası geyəcək”. (Furui-Kafi: c.6, 455-456)

3-Muhəmməd ibn İbrahim Numani Yaqub ibn Şüeybdən belə nəql edir:

“Əba Əbdillah (ə) dedi: İstəyirsən sənə Qaimin zühur etdiyi zaman geyəcəyi köynəyi göstərim?

Dedim: Bəli, (istəyirəm).

Bundan sonra imam göstəriş verdi ki, bir qutu gətirsinlər. Həzrət o qutunu açıb oradan bir Kərabis köynəyi çıxardı və onu sərdi. Bu zaman gördüm ki, köynəyin sağ qolunda qan ləkəsi var. Həzrət (ə) buyurdu: “Bu, Allah Rəsulunun (s) köynəyidir. Həzrət bunu (Uhudda) dişi sınan gün geyinmişdi. Qaim bu köynəkdə zühur edəcək”. Mən qan yerini öpüb üzümə qoydum. Sonra Əba Əbdillah (ə) onu bükdü və göstəriş verdi ki, yerinə aparsınlar”. (Ğeybəti-Numani: b.13, h.42, Biharul-Ənvar: 52/355)

 

Seyyid Haşim Bəhrani, “Hilyətul-Əbrar”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment