Bismillahir Rəhmanir Rəhim
İmam Məhdi (ə)-ın nə qədər hakimiyyətdə qalacağı ilə bağlı istər şiə, istərsə də əhli-sünnə məzhəbi təriqi ilə müxtəlif rəvayətlər nəql edilmişdir. Əhli-sünnə məzhəbi təriqi ilə nəql edilən rəvayətlərin birində deyilir: “O yeddi il hakimiyyət edib (hakimiyyət başında) qalacaq”. (Müsnədi-Əhməd: c.3, 28 və 70) Başqa yerlərdə deyilir: “Yeddi və ya on (il) hakimiyyət edəcək” (Yənabiul-Məvəddə: c.3, 300), “iyirmi il hakimiyyət edəcək” (Mucəm lit-Təbərani: c.8, 102, əl-İsalə li-İbni Həcər: c.6, 71), həmçinin “beş, yeddi və ya doqquz il yaşayacaq” (Sünəni-Tirmizi: c.3, 343), “yeddi, səkkiz ya da doqquz il yaşayacaq” (Müsnədi-Əhməd: c.3, 26-27), “altı, yeddi, səkkiz, ya da doqquz il qalacaq” (Kənzül-Ummal: c.14, 261)
Şiə məktəbi təriqi ilə nəql edilən hədislərə gəlincə isə aşağıdakıları göstərə bilərik. İmam Sadiq (ə)-dan belə buyurduğu nəql edilir: “O yeddi il hakimiyyət edəcək. O zaman onun üçün günlər uzanacaq və onun (hakmiyyətdə olduğu) bir il, sizin on ilinizə bərabər olacaq. Beləcə onun hakimiyyət başında olduğu müddətin sayı sizin ilinizlə yetmiş il olacaq” (İrşad: c.2, 385). Bu mənada başqa bir hədis də İmam Baqir (ə)-dan nəql edilmişdir: “Həzrətə deyildi: Sizə qurban olum, illər necə uzanacaq? Buyurdu: Allah fələkə durmaq və yavaş hərəkət etmək əmri verəcək, buna görə də günlər və illər uzanacaq. Deyildi: Amma onlar (müxaliflər) deyirlər ki, əgər fələkdə bir dəyişiklik olsa, onda o aradan gedər! Buyurdu: Bu, zındıqların (dinsizlərin) sözüdür, müsəlmanlar belə söz deyə bilməzlər. (Çünki müsəlmanlar bilirlər ki,) Allah öz peyğəmbəri üçün ayı yarmışdı, Yuşə ibn Nun üçün günəşi tərsindən çıxarmışdı və (bilirlər ki,) Allah qiyamətin uzunluğundan xəbər verərək onun (bir ilini) “sizin hesabınızla min ildir” deyə bildirmişdir” (İrşad: c.2, 385).
Həmçinin, İmam Baqir (ə)-dan belə nəql edilir: “Həqiqətən də Qaim (ə) Əshabi-Kəhf mağarada qaldığı qədər: üç yüz doqquz il hakimiyyət edəcək” (Ğeybəti-Tusi: 474, hədis 496). Həmçinin: “Allaha and olsun ki, bizdən bir nəfər üç yüz on üç il və doqquz il də əlavə (322 il) hakmiyyət edəcək. Deyildi: Bu nə vaxt baş verəcək? Buyurdular: Qaim (ə) öləndən sonra. Deyildi: Bəs Qaim (ə) ölən vaxtadək nə qədər hakimiyyət başında qalacaq? Buyurdu: Hakimiyyət başına gəldiyi vaxtdan ölən vaxtadək on doqquz il” (Ğeybəti-Numani: 330, bab 26, hədis 3).
İmam Sadiq (ə)-dan nəql edilən bir neçə hədisdə isə buyurulur: “Bizim Qaimimizin (ə) hakimiyyət müddəti on doqquz il bir neçə aydır” (həmin mənbə: hədis 2).
İmam Həsən (ə) Əmirəl-möminin (ə)-dan nəql edir ki: “Allah axirəz-zəmanda bir şəxsi göndərər… Şərqlə qərb arasında qırx il hökümranlıq edər. Xoş olsun onun zamanında yaşayan və onun sözünü eşidən kəslərə” (İhticac: c.2, 10).
Şeyx Müfid (r.ə) yuxarıdakı “yeddi il” (hansılar ki, bir ili bizim on ilimizə bərabərdir) rəvayətlərini qeyd etdikdən sonra deyir: “Rəvayət edilmişdir ki, Qaim əleyhis-səlam-ın dövlətinin müddəti on doqquz il olacaq və bu zaman günlər və aylar – əvvəldə də qeyd etdiyimiz kimi – uzanacaq. Bu, necəliyi bizə məlum olmayan bir işdir. Bizə deyilən təkcə budur ki, Allahu-təala onu həyata keçirəcək. Biz bu iki işdən hansı birisinin baş verəcəyini dəqiq bilmirik. Hərçənd ki, “yeddi il” rəvayətləri daha aşkar və daha çoxdur”(İrşad: c.2, 386).
Əllamə Məclisi (r.ə) isə “Biharul-Ənvar”da buyurur: “Həzrətin hakimiyyət günləri barədə müxtəlif rəvayətlər nəql edilmişdir. Onların bəziləri həzərtin (ə) bütün hakimiyyət müddətinə aiddir, bəziləri isə dövlətinin möhkəmləndiyi (istiqrar tapdığı) zaman(dan sonrasına) aiddir, bəziləri bizim aylar və illərimizlə deyilib, bəziləri isə onun uzun illəri və ayları ilə deyilib. Hərhalda, ən doğrusunu Allah bilər”. (Bihar: c.52, 280)
“Tərcəmətul-İmamil-Məhdi əleyhis-səlam”, Seyydi Muhsin Əmin
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.