Bismillahir Rəhmanir Rəhim
İmam Məhdi (ə)-ın mübarək hərəkatının gedişini qısaca olaraq aşağıdakı kimi göstərmək olar:
Süfyani (l.a) sayları yetmiş min nəfərə çatan bir qoşunu Kufəyə göndərəcək. Onlar Kufə camaatını öldürəcək, talan edib əsir alacaqlar. Həmin vaxt İmam Məhdi (ə) Mədinə şəhərində olacaq. Bundan sonra Süfyani sayları üç yüz min olan bir dəstəni Mədinəyə yollayacaq. Bunu bilən Məhdi (ə) Mədinədən çıxıb Məkkəyə gedəcək. Süfyaninin ordusu Mədinəyə daxil olub Mədinə məsçidini dağıdacaq və heyvanları öz tullantılarını oraya tökəcəklər. Süfyaninin ordusunun başçısına xəbər verəcəklər ki, Məhdi (ə) Mədinədən çıxıb Məkkəyə getmişdir. O bunu bildikdən sonra həzrətin ardıyca Məkkə istiqamətinə qoşun göndərəcək. Lakin qoşun Beyda çölünə çatınca yerə batacaq. (Muxtəsəru-bəsair: 185, Ğeybəti-Numani: 289 və 290, bab 14, hədis 67)
Bundan sonra həzrəti Məhdi (ə) Məkkədən çıxıb Beyda çölünə gələcək (Təvilul-ayat: 478, hədis 12) və orada baş verənlərdən camaatı xəbərdar edəcək. Ardıyca Mədinəyə gedib şəhərə daxil olacaq və anası Fatimənin (s.ə) qəbrinin yerini göstərəcək. Bununla şəhərdə matəm məclisləri qurulacaq. Daha sonra Mədinədən çıxıb Kufəyə yollanacaq və uzun müddət Kufədə qalacaq. Həzrətin hakimiyyət evi Kufədə olacaq və onun (ə.f) hökumət məclisi Kufə məsçidi olacaq. Həzrətin beytül-malı və müsəlmanların qənimətlərinin bölünəcəyi yer Səhlə məsçidi olacaq. Həzrət (ə) cümə namazı qılacaq, lakin namaz qılanların çoxluğundan Kufə məsçidi dar gələcək. Həzrət (ə) çöllük əraziyə çıxıb orada min qapısı olan bir məsçidin planını (çertyojunu) müəyyən edəcək. (Ğeybəti-Tusi: 469, hədis 485)
Həzrəti Məhdi (ə) Kufə şəhərində bir çox mühüm işlər görəcək ki, bunlara misal olaraq insanlara Qurani-Kərimin həqiqi təfsir və təvilinin açıqlanmasını, həzrətin hökm zamanı xüsusi şəkildə hökm verməsini, yeni hökmlərin gətirilməsini və s.ni göstərmək olar.
Hədisi-şəriflərdə qeyd edilənə əsasən Kufə şəhərində on altın min “bətriyyə” İmam Məhdi (ə)-a qarşı çıxacaq. Onlar Əhli-Beyt (ə)-a dostluq bəsləsələr də onların düşmənlərindən uzaq olmayan kəslər olacaqlar. Bir çox alimlərin fikrincə onların “bətriyyə” (kəsənlər, yarımçıq saxlayanlar, yarımçıq olanlar) adlanmalarının səbəbi həzrət Zeyd ibni Əlinin (ə) onları bu şəkildə adlandırmasıdır. Belə ki, bir vaxtlar həzrət Zeyd onlara demişdi: “Siz Fatimə əleyhas-səlam-dan təbərrö edirsiniz (ondan uzaq olduğunuzu bildirirsiniz)? Bizim işimizi yarımçıq etdiniz, Allah da sizi yarımçıq etsin”. Beləcə o gündən onlar “bətriyyə” adlandılar. Həzrəti Məhdi (ə) onları düz yola dəvət etsə də qəbul etməyəcəklər. Nəhayət döyüş başlanacaq və əsrdən axşam namazına qədər olan vaxt ərzində onlardan bir nəfər belə sağ qalmayacaq. Həzərti Məhdinin (ə) əshabından isə bir nəfər belə ölməyəcək. (Mən la yəhzurul-fəqih: 4/544, Dalailul-İmamə: 455, 456)
Bundan sonra İmam (ə) Süfyani ilə döyüşməkdən ötrü Şama gələcək. Həzrət Şama gəlincə deyəcək: Əmi oğlumu yanıma gətirin. Süfyanini onun yanına gətirəcəklər və həzrət (ə) Süfyani ilə söhbət edəcək. Bundan sonra Süfyani İmam (ə)-a beyət edəcək, lakin öz əshabının yanına qayıdıb beyət etdiyini deyincə əshabı ona “Allah üzünü qara eləsin, özün tabe olunan bir başçı ikən gedib (başqa bir şəxsə) tabe oldun” deyə tənə vuracaq. Beləcə o günün səhəri iki qoşun arasında döyüş başlanacaq və həzrəti Məhdi (ə) Allahu-təalanın izni ilə Süfyani ordusunu məğlub edəcək. Həzrəti Məhdi (ə) istədiyi müddətə qədər burada (Şamda) qalacaq. Orada olduğu müddətdə İmam (ə) üç bayraqla üç ərazini fəth edəcək. Birinci bayrağı Konstantinopola (indiki İstanbul) göndərəcək və Allah oranın fəthini nəsib edəcək, ikinci bayrağı Çinə göndərəcək və ora da fəth ediləcək, sonuncu bayrağı isə Deyləm dağlarına göndərəcək və oralar da fəth ediləcək. (Biharul-Ənvar: 52/388, hədis 206)
Sonra İmam (ə) Beytül-Müqəddəsə gələcək və sübh namazında orada hazır olacaq. İmam (ə) irəliyə keçib camaata namaz qıldırmaq istərkən birdən İsa ibn Məryəm səmadan enəcək. İmam (ə) İsa ibn Məryəm (ə) qabağa keçsin deyə arxaya çəkiləcək və ona deyəcək: Buyurun, bizə namaz qıldırın. Həzrəti İsa (ə) əlini həzrətin çiyinlərinin arasına qoyub deyəcək: Önə keçin, sizlər əmirsiniz və Allah tərəfindən bu ümmət üçün bir nemətsiniz (başqa bir rəvayətdə: “siz elə imamlarsınız ki, heç kəs sizdən önə keçə bilməz”.-müt.). Beləcə İmam Məhdi (ə) önə keçib camaat namazı qılacaq və həzrəti İsa ibn Məryəm (ə) da o həzrətin arxasında namaz qılacaq. (Biharul-Ənvar: 51/85-90)
Daha sonra həzrəti İmam Məhdi (ə) Antakyada olan bir mağaradan Tövratı və digər ilahi kitabları çıxaracaq və Tövrat əhli ilə Tövrat, İncil əhli ilə İncil, Quran əhli ilə Quran əsasında hökm çıxaracaq.
“Əl-Məariful-Məhdəviyyə”, Şeyx Əli Dəhənin
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.