Bismillahir rəhmanir rəhim
Şeyx Səduq (r.ə) “Kəmalud-Din” kitabında öz isnadı ilə Həkimə binti İmam Cavad (ə.s)-dan belə nəql edir:
“Əbu Muhəmməd Həsən ibn Əli (ə) (adam) göndərib məni (evinə çağırdı və mənə) dedi: Ey bibi, bu gecə iftarını bizdə et. Bu gecə Şaban ayının yarısının gecəsidir. Allah təbarəkə və təala Höccəti bu gecədə aşkar edəcək. O Onun yer üzündəki höccətidir. (Digər bir rəvayətdə: Bu gecə izzət və cəlal sahibi olan Allah yanında kəramət (fəzilət) sahibi olan övlad dünyaya gələcək. O həmin şəxsdir ki, Allah yer üzünü öldükdən sonra onunla dirildəcək.)
Həkimə xanım (s.ə) deyir, dedim: Onun anası kimdir. Buyurdu: Nərcis. Ona dedim: Allah məni sizə fəda etsin, axı mən onda bir əlamət görmürəm? Dedi: (Məsələ) sənə dediyim kimidir. Xanım deyir: Mən gəldim və salam verib oturdum. Bu zaman (Nərcis xanım (s.ə)) gəlib başmağımı çıxarmaq istədi və dedi[1]: Ey mənim və ailəmin xanımı, necəsiniz? Dedim: Xeyr, sən mənim və ailəmin xanımısan. Bu zaman o mənim sözümü qəbul etməyib dedi: Bu nə sözdür, ey bibi?![2] (Başqa bir rəvayətdə: Nərcis mənim yanıma gəlib başmağımı çıxarmaq istədi. Mənə dedi: Ey xanımım, başmaqlarınızı mənə verin. Dedim: Xeyr, sən mənim və ailəmin xanımısan. Allaha and olsun ki, başmağımı çıxarmağına və mənə xidmət etməyinə izin vermərəm. Əksinə, mən sənə xidmət edəcəyəm – gözüm üstə! Əbu Muhəmməd (ə) bu sözümü eşidib dedi: Allah sənə xeyirli mükafat versin, ey bibi.)
Həkimə xanım (s.ə) deyir: Ona (Nərcis xanıma) dedim: Ey qızım, Allah bu gecə sənə dünya və axirətdə ağa olan bir övlad bəxş edəcək. Bu vaxt Nərcis (s.ə) oturdu və utandı. Mən işa namazını bitirdikdən sonra iftar etdim və yatdım. Gecə yarısı olunca namaza qalxdım. Namazımı qılıb qurtardım. Bu zaman o yatırdı və onda heç bir əlamət yox idi. Mən oturub təqibatlarla məşğul oldum. Sonra yenidən yatdım. Sonra qəfildən oyandım və bu zaman o hələ də yatırdı. Sonra qalxdı və namaz qıldı. Bu zaman mənə şəkk üz verdi. Lakin elə bu an Əbu Muhəmməd (ə) əyləşdiyi otaqdan mənə səslənib dedi: Tələsmə, ey bibi. Həqiqətən də iş yaxınlaşmışdır.
Başqa rəvayətdə: Süsən qəfildən ayıldı. Otaqdan çıxıb dəstəmaz aldı. Sonra qaydıb gecə namazını qılmağa başladı və gəlib vitr namazına çatdı. Bu zaman sübhün yaxınlaşdığını anlamaq üçün, qalxıb (havaya) baxdım. Gördüm ki, fəcri-əvvəl baş verib. Bu zaman qəlbimə Əbu Muhəmmədin (ə) vədi barədə şəkk daxil oldu. Həmin vaxt o mənə öz otağından səslənib dedi: Şəkk etmə. Mən Əbu Muhəmməddən (ə) utandım və qəlbimə gələn şeyə görə xəcalət çəkdim. Utanan bir halda otağa qayıtdım. Bu zaman gördüm ki, o (Nərcis xanım (s.ə)) namazı yarımçıq saxlayıb və qorxu ilə otaqdan çıxır. Onunla qapıda qarşılaşdım və ona dedim: Sənə dediyim şey barədə nəsə hiss edirsən?
Dedi: Bəli, ey bibi. Mən şiddətli bir şey hiss edirəm. Ona dedim: Allahın adına xatir, özünü topla, qəlbini topla. Bu, mənim sənə dediyim şeydir. İnşəallah sənin üçün heç bir qorxu yoxdur..
Bu zaman viladət hadisəsi baş verməyə başladı. Əbu Muhəmməd (ə) mənə səslənib dedi: Ona “inna ənzəlnahu fi leylətil-qədr” oxu. Mən həzrətin əmr etdiyi kimi surəni oxumağa başladım. Bu zaman onun bətnindəki cənin də mənə cavab verib mənim oxuduğum kimi oxumağa başladı. Mən bunu eşidincə qorxdum. Əbu Muhəmməd (ə) mənə səslənib dedi: “Allahın işinə görə təəccüblənmə. Həqiqətən də Allah bizi uşaq ikən hikmətlə danışdırar, böyüdükdə isə bizi yer üzündə höccət qərar verər”. Həzrət sözünü tamam etməmişdi ki, Nərcis gözümdən qeyb oldu və onu görmədim. Sanki mənimlə onun arasına bir pərdə çəkildi. Mən qışqıraraq Əbu Muhəmmədin (ə) yanına qayıtdım. O mənə dedi: Qayıt ey bibi. Sən onu öz yerində görəcəksən. Mən qayıtdım və bu zaman mənimlə onun arasındakı hicab aradan qalxdı. Mən onu gördüm. Lakin bu vaxt onun üzərində elə bir nur var idi ki, gözümü tuturdu (qamaşdırırdı). Həmin vaxt mən Allahın Vəlisinin (səlavatullahi əleyh) öz səcdə üzvlərini yerə qoymuş bir vəziyyətdə gördüm – onun sağ qolunda “Haqq gəldi, batil aradan getdi. Həqiqətən də batil aradan getməyə layiqdir” (İsra surəsi, 81) ayəsi yazılmışdı – və o belə deyirdi: “Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. Təkdir, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, babam Muhəmməd Allahın elçisidir, atam Əmirəl-möminin Allahın vəlisidir”. Sonra bir-bir imamların adlarını sadalayıb özünə çatdı və dedi: “İlahi, mənə vəd etdiyin şeyi həyata keçir, işimi tamamla, vət`ətimi sabit et[3], yer üzünü mənim (əlim)lə ədalət və düzlüklə doldur”. Sonra belə deyə-deyə başını yerdən qaldırdı: “Şəhidəllahu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qisti. La ilahə illa huvəl-əzizul-həkim. İnnəd-dinə indəllahil-İslam”[4]. Sonra asqırdı və dedi: “Əl-həmdu lillahi rəbbil-aləmin və səllallahu əla Muhəmmədin və alih. Zalımlar belə iddia etdilər ki, Allahın höccəti aradan gedib. Lakin əgər bizə danışmaq izni verilsəydi, şübhəsiz ki, şəkk aradan gedərdi”.
Həkimə xanım deyir: Mən onu çiyinlərindən tutub qucağıma aldım və onu öz otağıma apardım. O pak-pakizə və təmiz idi. Əbu Muhəmməd (ə) mənə səslənib dedi: Ey bibi, oğlumu yanıma gətir. Mən uşağı onun yanına apardım. Həzrət (ə) onu sol əli üzərinə aldı. Sağ əlini isə onun arxasına qoydu. Sonra dilini onun ağzına saldı. Əlinin onun başına, gözlərinə, qulaqlarına və oynaqlarına çəkib dedi: Danış ey oğlum!
(Başqa rəvayətdə: Ey oğlum, danış Allahın qüdrəti ilə. Danış, ey Allahın höccəti, ey bəqiyyətul-Ənbiya, ey xatəmul-Əvsiya. Danış, ey təqvalıların xəlifəsi…) Bu zaman o iki şəhadəti deyib Peyğəmbər və pak imamlara bir-bir salavat dedi. Atasının adına çatdıqdan sonra susdu. Sonra qovulmuş şeytandan Allaha sığınıb bu ayəni tilavət etdi: “Biz istəyirik ki, yerdə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək. Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq, Firona və Hamana və qoşunlarına onlar sarıdan qorxduqları və çəkindikləri şeyi göstərək” (Qəsəs surəsi, 4-5).
Əbu Muhəmməd (ə) onu mənə verib dedi: Ey bibi, onu anasının yanına apar ki, gözü nurlansın və qəmlənməsin. Və bilsin ki, Allahın vədi haqqdır, lakin insanların əksəriyyəti bunu bilmir.
Mən onu anasının yanına apardım. Bu zaman ikinci fəcr (fəcri-sadiq) açılmışdı. Mən vacib namazımı qıldım və Əba Muhəmmədlə sağollaşıb getdim”.
“Əl-İmamul-Məhdi, minəl-məhdi iləz-zuhur”, Seyyid Muhəmmədkazim əl-Qəzvini
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] Seyyid Muhəmməd Kazim Qəzvini deyir: O dövrdə adət bu imiş ki, evin sahibəsi hörmət və ehtiram əlaməti olaraq evə gələn xanım qonağın başmağını çıxararmış.
[2] Yəni, necə ola bilər ki, İmam (ə) qızı, İmam (ə) bacısı və İmam (ə) bibisi olan Həkimə xanım (s.ə) kimi bir xanım bir cariyəyə bu sözləri desin?!
[3] Vət`ət: zalımların məhvi. Yəni, zalımları məhv etməkdə mənə yardım et və bu işimi həyata keçir. Müt.
[4] Ali-İmran, 18-19. “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər. Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.”