Bismillahir rəhmanir rəhim
Kiçik qeyb dövründə İmam Məhdi (ə)-dan sadir olan mübarək məktublardan biri də o həzrətin Əhməd ibn İshaqa göndərdiyi məktubdur. İmam (ə) burada İmamların (ə) məqam və mənzilətini açıqlamış və əmisi Cəfəri təkzib etmişdir. Bu məktubu mərhum Şeyx Təbərsi (r.ə) “İhticac” kitabında c1., səh.468-də gətirmişdir. İhticac kitabında deyilir:
“Bir dəstə camaat Tələkbəridən, o Əhməd ibn Əlidən, o əl-Əsədidən, o Səddən, o da Əhməd ibn İshaqdan belə nəql edir ki, əshabımızdan olan bir nəfər onun (Əhməd ibn İshaqın) yanına gələrək xəbər verir ki, Cəfər ibn Əli ona məktub yazıb. Orada özünü tanıtdıraraq özünün atasından sonra imam olduğunu bildirib və deyib ki, onun yanında lazım olan həddə halal və haram elmi və sair bütün elmlər vardır.
Əhməd ibn İshaq deyir: Məktubu oxuduqdan sonra Sahibəz-zəman (ə)-a məktub yazdım və Cəfərin məktubunu da bu məktuba dərc etdim[1].
Bundan sonra belə bir cavab gəldi:
Bismillahir rəhmanir rəhim.
Sənin məktubun və (orada) dərc etdiyin məktub mənə gəldi. Allah səni hifz etsin. Orada yazılanların hamısından xəbərdar oldum. Oradakı sözlərdə olan bütün ixtilafları və təkrar edilən xətalar(ı da gördüm). Əgər onun üzərində (diqqətlə) düşünsən sən də mənim gördüklərimin bir hissəsini görərsən.
Bizə olan ehsanına və fəzlinə görə həmd olsun aləmlərin Rəbbi olan Allaha. Onun şəriki yoxdur. Allah əzzə və cəll haqq barəsində yalnız onu tamam etmək, batil barəsində isə yalnız onu aradan aparmaq iradə etmişdir. O, şübhə olmayan bir gündə toplandığımız və bizdən ixtilaf etdiyimiz şey barədə soruşduğu zaman qeyd etdiklərim barədə mənə şahid və dediklərim barədə sizə vəlidir.
Həqiqətən də O (dərc etdiyin) məktubu yazan şəxs üçün nə məktub yazılan, nə sən və nə də hansısa bir bəndə üzərində vacib imamət, itaət və zimmət təyin etməmişdir! Mən sizə kifayət edən zimməti sizə açıqlayacağam, inşəallah.
Ey bu[2], Allah sənə rəhmət etsin. Allah məxluqatı əbəs yerə yaratmamış, onları başıboş buraxmamışdır. Onları öz qüdrəti ilə yaratmış, onlara qulaqlar, gözlər, qəlblər və ağıllar vermişdir. Sonra onlara müjdəçi və qorxudanlar olaraq Peyğəmbərləri (ə) göndərmişdir. Onlar insanları Allahın itaətinə dəvət etmiş, Ona məsiyət (günah) etməkdən çəkindirmiş, öz Xaliqləri barədə və dinləri barədə bilmədikləri şeyləri onlara öyrətmişlər. (Allah) onlara kitab nazil etmiş, mələklər məbus etmişdir.. Onları fəzilətli qərar vermiş, onlara aşkar dəlillər, parlaq sübutlar və qalib ayətlər əta etmişdir.
Onların bəzisinə odu soyuq və xətərsiz qərar vermiş, onu özünə xəlil (dost) seçmişdir.
Onlardan bəzisi ilə bir növ danışmış, onun əsasını açıq-aşkar (böyük) bir ilana çevirmişdir.
Onlardan bəzisi Allahın izni ilə ölüləri diriltmiş, korları və cüzam xəstələrini Allahın izni ilə sağaltmışdır.
Onlardan bəzisinə quşların dilini öyrətmiş və ona hər bir şey verilmişdir.
Sonra Allah Muhəmmədi (s.ə.a.s) aləmlərə rəhmət olaraq göndərdi. Onunla öz nemətini tamamladı və onunla peyğəmbərlərini xətm etdi. Onu bütün insanlara göndərdi. Sonra sidqindən aşkar etdiyini aşkar etdi, ayə və əlamətlərindən aydın etdiyini aydın etdi. Sonra onun (s.ə.a.s) (ruhunu) qorxusuz, rahat və xoş bir halda qəbz etdi.
İşi ondan sonra onun qardaşı, əmisi oğlu, vəsisi və varisi Əli ibn Əbu Talibə (ə) verdi. (Ondan) sonra isə bir-bir onun nəslindən olan vəsilərə verdi. Onlarla öz dinini diriltdi, onlarla öz nurunu tamam etdi.
Onlarla onların qardaşları, əmi oğlanları və bütün qohumları arasında açıq aşkar bir əlamət qərar verdi. Elə bir əlamət ki, onunla höccət məhcucdan, imam məmumdan seçildi. Belə ki, onları günahlardan qorudu, eyblərdən uzaq, çirkinliklərdən təmiz, xətaya düçar olmaqdan münəzzəh etdi. Onları öz elminin xəzinədarları, hikmətinin qərar yeri, sirrinin (qoyulduğu) məkan etdi və onları dəlillərlə gücləndirdi. Əgər belə olmasaydı insanlar bir səviyyədə olardılar, hər kəs Allah əzzə və cəll-in işini iddia edərdi və haqq batildən, alim cahildən seçilməzdi.
Bu batilə uyub Allaha iftira atan şəxs iddia etdiyi şeylə yalan iddia etmişdir. Bilmirəm onun hansı haləti (xüsusiyyəti) vardır ki, onunla öz iddiasını tamam etmək istəyir. Görəsən Allahın dinində fəqih olması ilə? Allaha and olsun ki, halalı haramdan ayıra bilmir, xəta ilə doğru arasında fərq qoya bilmir!
Yoxsa (hansısa) bir elmlə? Halbuki haqqı batildən, möhkəmi mütəşabehdən ayırd edə bilmir. Namazın həddini və vaxtını bilmir.
Yoxsa (sahib olduğu) vərə (təqva) ilə? Halbuki Allah onun oyunbazlığa görə qırx gün vacib namazı tərk etməsinə şahiddir! Bəlkə də onun xəbəri sizə çatmışdır. Onun şərabının qabları mövcuddur, Allah əzzə və cəll-ə üsyanının nümunələri məşhurdur və (hələ də) qalır.
Yoxsa bir əlamət ilə? Elədirsə, gətirsin onu.
Yoxsa bir dəlil ilə? Elədirsə, qoysun ortaya.
Yoxsa bir dəlalət ilə? Elədirsə, desin onu.
Allah əzzə və cəll öz kitabında demişdir:
“Bismillahir rəhmanir rəhim.
Ha, Mim. Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara bu cür vəhy edir. Biz göyləri və yeri və onların arasında olanları yalnız haqq olaraq və müəyyən bir zamana kimi yaratmışıq. Kafir olanlar xəbərdar edildikləri şeydən üz döndərirlər. De: görəsən, Allahdan başqa çağırdıqlarınız yerdə nə yaradıblar, göstərin mənə. Yoxsa onların səmalarda bir şəriklikləri vardır? Əgər düz deyirsinizsə, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər”.
Elə isə, Allah sənə tövfiq bəxş etsin, sənin üçün qeyd etdiyim şeyləri bu zalımdan istə, onu imtahan et. Ondan Allahın kitabından bir ayə soruş və (de ki,) onu təfsir etsin! Və ya vacib namaz barədə soruş ki, hədlərini və onda vacib olan şeyləri bəyan etsin! (Bunu et) ki, onun vəziyyətini və qədərini biləsən. Onun zəiflik və nöqsanları sənin üçün aşkar olsun. Allah onu hesaba çəkəcək.
Allah haqqı onun əhli üçün qorusun, onu öz yerində bərqərar etsin.
Allah əzzə və cəll Həsən (ə.s) və Hüseyndən (ə.s) sonra imaməti iki qardaşda qərar verməmişdir. Elə ki, Allah bizə danışmaq icazəsi verəcək, haqq zahir olacaq, batil yox olacaq və sizdən uzaqlaşacaq.
Kafi olmaqda, yaxşılıqda və himayə etməsində Allaha rəğbət edirəm. Allah bizə kifayətdir və nə gözəl vəkildir.
Allahın səlatı olsun Muhəmmədə və Muhəmməd ailəsinə.
Əminul-İslam Təbərsi, “İhticac”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.