Bismillahir rəhmanir rəhim
Sünni məzhəbinin etiqadına əsasən, axirəz-zəmanda gələcəyi müjdə verilmiş Məhdinin atasının adı Abdullahdır. Bu, şiə-Əhli-Beyt (ə) məktəbinin etiqadının xilafınadır. Belə ki, şiə məktəbinin etiqadına əsasən, həzrəti Məhdinin (ə) atasının adı Həsəndir (ə). Bəs görəsən mövcud ixtilaf nədən qaynaqlanmışdır?
Burada əsas səbəb kimi bir neçə qondarma hədisi göstərmək olar. Bu hədislərə misal olaraq aşağıdakıları göstərə bilərik:
1-İbn Əbi Şeybə, Təbərani və Hakim, Asim ibn Əbin-Nəcuddan, o Zir ibn Hubeyşdən, o da Abdullah ibn Məsuddan nəql edir ki, Allah Rəsulu (s) demişdir: “Allah, adı mənim adımla, atasının adı da atamın adı ilə uyğun gələn bir şəxsi məbus etməyincə dünya aradan getməyəcək”. (Müsənnəf (İbn Əbi Şeybə): 15/198, 19493, əl-Mucəmul-Kəbir (Təbərani): 10/163, 10213, Müstədrəkul-Hakim: 4/442).
2-Əbu Əmr əd-Dani və Xətib Bağdadi, Asim ibn Əbin-Nəcuddan, o Zir ibn Hubeyşdən, o da Abdullah ibn Məsuddan nəql edir ki, Allah Rəsulu (s) demişdir: ”Mənim Əhli-Beytimdən olub adı adımla, atasının adı atamın adı ilə uyğun olan bir şəxs hakimiyyət etməyincə qiyamət qopmayacaq”. (Sünən (Əbu Əmr): 94-95, Tarixu-Bağdad (Xətib Bağdadi): 1/370).
3-Nəim ibn Həmmad, Xətib və İbn Həcər, Asim ibn Əbin-Nəcuddan, o Zir ibn Hubeyşdən, o da Abdullah ibn Məsuddan nəql edir ki, Allah Rəsulu (s) demişdir: “Məhdinin adı mənim adımla, atasının adı da atamın adı ilə uyğun gəlir”. (Tarixu-Bağdad: 5/391, Kitabul-Fitən (Nəim) 1/367, 1076, Kənzul-Ummal: 14/268, 38678).
4-Nəim ibn Həmmad öz sənədi ilə Əbu Tufeyldən nəql edir ki, deyir: “Allah Rəsulu (s) dedi: “Məhdinin adı mənim adım, atasının adı da atamın adıdır””. (Fitən: 1/368, 1080).
Həqiqət:
Bu hədislərin heç biri höccət və dəlil olaraq qəbul edilə bilməz. Belə ki:
İlk üç hədisin sənədi bir yolla (Asim ibn Əbun-Nəcud ilə) Abdullah ibn Məsuda çatır. Bu barədə ətraflı danışılacaq.
Dördüncü hədisin sənədi isə zəifdir. Belə ki, bu sənəddə Ruşdeyn (və ya Rəşidin) ibn Səd əl-Muhri vardır. Bu şəxs Ruşdeyn ibn Əbu Ruşdeyndir ki, əhli-sünnənin rical alimləri onun zəif olmasında ittifaq etmişlər.
Əhməd ibn Hənbəl deyir:
“إنله ليس يبالي عمن روى”
“Kimdən nəql etməsinə fikir verməzdi”.
Həmçinin, Hərb ibn İsmayıl deyir:
“سألت أحمد بن حنبل عنه، فضعفه”
“Əhməd ibn Hənbəldən onun barəsində soruşdum, onun zəif olduğunu dedi”.
Yəhya ibn Muin deyir:
“لا يكتب حديثه”
“Onun nəql etdiyi hədis yazılmaz”.
Əbu Zərə deyir:
“ضعيف الحديث”
“Hədisləri zəifdir”.
Əbu Hatəm deyir:
“منكر الحديث”
“Hədisləri rədd edilir”.
Curcani deyir:
“عنده معاضيل، ومناكير كثيرة”
“Onun çoxlu problemli və rədd ediləsi hədisləri vardır”.
Nəsai deyir:
“متروك الحديث لا يكتب حديثه”
“Hədisləri tərk edilir. Nəql etdiyi hədis yazılmaz”.
(Bax: Təhzibul-Kəmal: 9/191, 1911, Təhzibut-Təhzib: 3/240)
Məlum məsələdir ki, halı bu cür olan bir şəxsin xüsusən də belə bir həssas məqamda nəql etdiyi hədis qəbul edilməz.
İlk üç hədisə gəlincə, onlar da dəlil sayıla bilməzlər. Belə ki, böyük hafizlər və mühəddislər “atasının adı atamın adıdır” cümləsini nəql etməmişlər. Əksinə, onların yanında sabit olan “adı mənim adımdır” cümləsinə qədərki hissədir. Bir çox sünni alimləri hədisdəki məlum ibarənin əlavə olduğunu bildirmişlər.
Bundan başqa, ilk üç hədisin isnadı İbn Məsuda çatır. Bir halda ki, elə İbn Məsudun özündən nəql edilən başqa bir hədisdə təkcə “adı mənim adımdır” hissəsi qeyd olunmuşdur. (Bax: Müsnədi-İbn Hənbəl: 1/376, 377, 430)
Həmçinin, Tirmizi bu hədisi qeyd edilən ibarə olmadan nəql etmişdir. Tirmizi “Sünəni-Tirmizi”də (4/505, 2230) hədisi İbn Məsuddan “adı mənim adımdır” şəklində nəql etdikdən sonra deyir: “Bu babda Əlidən, Əbu Səiddən, Ümmü-Sələmədən və Əbu Hureyrədən də bu şəkildə nəql edilmişdir. Bu, səhih və həsən hədisdir”.
Böyük hafizlər də bu fikirdə olmuşlar. Məsələn, Təbərani bu hədisi İbn Məsuddan bir neçə yolla, hamısında da “adı mənim adımdır” şəklində nəql etmişdir. O “Mucəmul-Kəbir”də hədisləri aşağıdakı rəqəmlərdə gətirmişdir: 10214, 10215, 10217, 10218, 10219, 10220, 10221, 10225 və s.
Həmçinin, “Müstədrək”də hədisi İbn Məsuddan nəqlən “adı mənim adıma uyğun gəlir” şəklində gətirmiş və sonra demişdir:
“حديث صحيح على شرط الشيخين ولم يخرجاه”
“Şeyxeynin şərtlərinə əsasən səhihdir. Hərçənd ki, kitablarında qeyd etməmişlər”.(Müstədrək: 4/442).
Həmçinin, Zəhəbi də hədisi bu şəkildə qeyd etmişdir. Habelə, Nəcd əl-Bəğəvi “Məsabihus-sünnə”də (səh.492, 4210) hədisi İbn Məsuddan məlum cümlə olmadan nəql etmiş və hədisin “həsən” olduğunu bildirmişdir.
Müqəddəsi Şafei hədisi İbn Məsuddan əlavəsiz nəql etdikdən sonra bildirmişdir ki, hədisdəki əlavəni böyük hədis imamları nəql etməmişlər. Şafei deyir:
“أخرجه جماعة من أئمة الحديث في كتبهم، منهم الإمام أبو عيسى الترمذي في جامعه، والإمام أبو داود في سننه، والحافظ أبو بكر البيهقي، والشيخ أبو عمرو الداني، كلهم هكذا”
“Bu hədisi hədis imamlarından olan bir dəstə alim öz kitablarında gətirmişlər. Onlara misal olaraq İmam Əbu İsa ət-Tirmizini (Cami kitabında), İmam Əbu Davudu (Sünən kitabında), Hafiz Əbu Bəkr Beyhəqini və Şeyx Əbu Əmr əd-Danini göstərmək olar. Onların hamısı hədisi bu şəkildə qeyd etmişlər”. (Əqdüd-Dürər: 51, bab 2)
Yəni “atasının adı atamın adındandır” cümləsini qeyd etməmişlər. Daha sonra dediyinə dəlil olaraq Təbəranidən, Əhməd ibn Hənbəldən, Tirmizidən, Əbu Davuddan, Hafiz Əbu Davuddan və Beyhəqidən hədislər qeyd edir (Əqdüd-Dürər: 51-56, bab 2).
Buna əsasən, əgər həqiqətən də hədis İbn Məsuddan əlavəli şəkildə nəql olunmuş olsaydı onda bu qədər hədis alimi və hafizləri onu batil hesab etməzdi.
Deməli aydın olur ki, cümlə hədisə sonradan əlavə olunmuşdur. Bu isə ya Həsənilərin (Muhəmməd ibn Abdullah ibn Həsən əl-Müsənnanın məhdəviyyətinə inananların), ya da Abbasilərin tərəfdarları tərəfindən (onlar da Muhəmməd ibn Abdullah əl-Mənsur Abbasinin məhdəviyyətinə etiqad edirdilər) əlavə olunmuşdur.
Dediyimizi dəstəkləyən faktlardan biri də budur ki, bu iki şəxsdən birincisinin dilində və dolayısıyla nitqində qüsur olmuşdur. Buna görə də ardıcılları onun adına hədis qondarmış və belə bir şey ortaya çıxarmışdılar: “Məhdinin adı Muhəmməd ibn Abdullahdır. Onun dilində duruxma vardır”. (“Mucəmu-əhadisil-İmamil-Məhdi (ə)”-da “Məqatilut-Talibiyyin”dən nəqlən: 163-164)
Bundan əlavə, Asim ibn Əbin-Nəcuddan nəql edilən ilk üç hədis Asimin özündən nəql edilən digər hədislərlə uyğun gəlmir. Hafiz Əbu Nəim İsfahani “Mənaqibul-Məhdi” kitabında bu hədisin Asimdən nəql edilən otuz bir təriqini nəql etmişdir ki, heç birində “atasının adı atamın adındadır” cümləsi qeyd olunmamışdır. Gənci Şafei də onun sözünü nəql etmiş və ardıyca demişdir:
“ولا يرتاب اللبيب أن هذه الزيادة لا اعتبار بها مع اجتماع هؤلاء الأئمة على خلافها”
“Ağıl sahibi olan kəs şübhə etməz ki, bu əlavənin heç bir dəyəri (əsası) yoxdur. Xüsusən də nəzərə aldıqda ki, bütün bu hədis imamları onun xilafında ittifaq etmişlər”. Daha sonra deyir:
“İmam Əhməd öz Müsnədində bu hədisi bir neçə yerdə “adı mənim adımdandır” şəklində qeyd etmişdir”. (əl-Bəyan (Şafei): səh. 482)
Bütün bu deyilənlərə əsasən: adı Muhəmməd ibn Abdullah olan şəxsi gözləyən kəslər əsl həqiqətdə xəyali və uydurma olan bir şəxsi gözləmiş olurlar. Buna görədir ki, görürük ki, Əl-Əzhər ustadlarından olan Səd Muhəmməd Həsən açıq-aşkar bildirir ki, “atasının adı atamın adıdır” məzmunlu hədislər qondarmadır. (əl-Məhdəviyyə fil-İslam (Sə`d Muhəmməd Həsən): səh.69).
Lakin, qəribəsi ondadır ki, o bu qondarmanı şiə-İmamiyyə məzhəbinə aid edir…
“əl-Məhdiyyul-Muntəzər fil-fikril-İslami”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.