İmam Məhdi (ə)-ın adının çəkilməsi ilə bağlı irad və cavabı

Bismillahir rəhmanir rəhim

 

Sual: Şiələr Əba Əbdillah Cəfər Sadiqdən nəql edirlər ki, deyir: “Bu işin sahibi elə bir şəxsdir ki, onu adı ilə yalnız kafir çağırar” (əl-Ənvar əl-Numaniyyə: 2/53)

Həmçinin, Əbu Muhəmməd əl-Əsgəri barədə nəql edirlər ki, Məhdinin anasına demişdir: “Sən bir oğlan uşağına hamilə olacaqsan. Onun adı Muhəmməddir və o məndən sonra gələn Qaimdir” (əl-Ənvar əl-Numaniyyə: 2/55).

Məgər bu ziddiyyət deyilmi ki, bir yandan deyirsiniz onu adı ilə çağıran kafirdir, digər yandan da deyirsiniz ki, Həsən Əsgəri onu Muhəmməd adı ilə çağırmışdır?!

Cavab: Əgər sabit olsa ki, burada ziddiyyət və uyğunsuluq vardır, o zaman araşdırmaçı şəxsə vacibdir ki, bu iki növ hədislərin səhihliyini araşdırsın. Mümkündür ki, onlardan biri zəif sənədlidir və onu bir kənara qoymaq lazımdır. Və beləcə səhih olan rəvayətə əməl etmək lazımdır. Belə olsa zəif rəvayətin səhih rəvayətlə ziddiyyət təşkil etməsi zərər etməz.

Amma əgər bu rəvayətlərin hamısı səhih olsalar, o zaman dəlil əsasında bu iki növ rəvayətlər arasında uyğunluq tapmaq lazımdır.

Əgər bir-birlərinə tamamilə zidd olduqlarına görə bu səhih rəvayət arasında heç bir uyğunluq hasil etmək mümkün olmasa, o zaman bu rəvayətlər hamılıqla bir kənara qoyular. Onlara əməl etməz caiz olmaz. Çünki xəbəri-vahidin höccət olmasının dəlilləri səhih hədislə ziddiyyət məqamına şamil olmur. Beləcə bu rəvayətlərin hamısı höccət sayılmır.

Lakin əgər şiəyə bu iradı tutan şəxs adil olsaydı və qeyd edilən iki rəvayət üzərində düşünsəydi, bu iki rəvayət arasındakı uyğunluğu görərdi.

Belə ki, İbn Riabdan nəql edilən birinci rəvayət (hansı ki, səhih sənədlidir) ümumən şiələrə ünvanlanmışdır. Onlardan İmam Məhdi (ə)-ın adını gizli saxlamaq və ifşa etməmək tələb olunur. Ona görə ki, zalım hakimlər o həzrəti tanıyıb ələ keçirib qətlə yetirə bilməsinlər.

Bu məna Əbu Abdullah əs-Salehidən nəql edilən bir məktubda da gəlmişdir. Deyir:

“Əbu Muhəmməd (ə) dünyadan köçdükdən sonra əshabımızdan olan şəxslər məndən (məktub yazıb növbəti imamın) adını və yerini soruşmağımı istədilər. Məktuba belə bir cavab gəldi: “Əgər adı onlara desən, ifşa edəcəksiniz. Əgər yeri bilsələr, onu göstərəcəklər”” (Kafi: 1/333).

İkinci hədisə gəlincə isə, burada İmam Həsən Əsgəri (ə) İmam Məhdi (ə)-ın anasına (s.ə) xitab edir. Hansı ki, o xanım həzrət Məhdi (ə)-ın salamatlığına və qorunmasına can atan ən birinci şəxs idi. Əgər o xanım (s.ə) o həzrət üçün əmin şəxs idisə, necə ola bilər ki, onun adı üçün də əmin olmasın? Başqa sözlə, əgər İmam Məhdi (ə)-ın vücudu o xanıma əmanət idisə və xanım o həzrəti hifz edirdisə, necə ola bilər ki, o həzrətin adını hifz etməyəydi?!

Bununla bu iki növ rəvayətin bir-biri ilə ziddiyyət təşkil etmədiyi aydın olur. Belə ki, adın çəkilməsinin qadağan edilməsi hökmü xüsusi bir zamanda ümumi şiələrə aid olan bir hökm idi. Bunun səbəbi İmam Məhdi (ə)-ın adının yayılıb bəlli olmaması və zalım hakimin o həzrətdən xəbər tutub onu ələ keçirə bilməməsi idi. Çünki bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən o həzrətin adını ifşa edə bilərdilər və bu səbəbdən də həzrətin üçün həyati təhlükə yarana bilərdi.

Lakin, bu vəziyyət, o həzrətin anasına nisbətdə belə deyildi. Çünki məlum məsələdir ki, həzrət Nərcis (s.ə) kimi təqvalı xanım son Höccətin (ə.f) adını yaymaz və öz əziz övladı üçün təhlükə yaratmazdı. Bu səbəbdən də İmam Əsgəri (ə) öz gələcək övladının adını o xanıma söyləyir və bunda təhlükəli bir şey görmürdü.

 

 

Şeyx Əli Ali Muhsin

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment