İmam Məhdi (ə)-ın əqiqəsi

Bismillahir rəhmanir rəhim

 

Əqiqə, qoyundan, inəkdən və ya dəvədən olan qurbanlıqdır ki, yeni dünyaya gələn uşaq üçün kəsilir. Bu əməl şəri cəhətdən müstəhəb sayılır. Allah Rəsulu (s)-də övladları həzrəti Həsən (ə) və həzrəti Hüseyn (ə) dünyaya gəldikdən yeddi gün sonra onlar üçün iki qoç kəsmişdi. (Zəxairul-uqba: səh.118)

Əqiqə uşaq üçün bir növ fidyə olaraq verilir və onun həyatı üçün təminat hesab edilir. Həzrət Peyğəmbərdən (s) nəql edilən bir hədisdə buyurulur: “hər kəs öz əqiqəsinin girovudur”. (Biharul-Ənvar: 104/126)

Əziz Peyğəmbərimizin (s) buyurduğu bu kəlam əqiqənin mənasını olduqca gözəl açıqlayır. Belə ki, mümkündür ki, yeni dünyaya gələn körpə yaşasın və həmçinin mümkündür ki, Allah öz verdiyi bu bəxşişi geri alsın və uşaq erkən yaşlarında ölsün. Əgər uşaq üçün əqiqə kəsilərsə, uşaq yaşayar. Çünki əqiqə bir növ rəhinə (girov) sayılır.

İmam Həsən Əsgəri (ə)-da imam Məhdi (ə) dünyaya gəldiyi zaman əqiqə əməlini yerinə yetirmişdir. Bəzi hədislərə əsasən, o həzrət (ə) öz əziz övladı üçün üç yüz əqiqə kəsmişdir. (Kəmalud-Din: c.2, s.106)

İmam Məhdi (ə) bu xüsusiyyətinə görə hər kəsdən fərqlənmişdir. Belə ki, tarixdə hələ heç kəs üçün üç yüz əqiqə kəsildiyi qeyd edilməmişdir[1].

Bununla yanaşı İmam Həsən Əsgəri (ə) Osman ibn Səid Əmriyə (r.ə) on min ratl[2] çörək və on min ratl ət almaq göstərişi vermiş və onları bəni-Haşim arasında paylamağı tapşırmışdı. (Kəmalud-Din: c.2, s.431)

Həmçinin, başqa bir hədisdə gəlmişdir ki, İmam Əsgəri (ə) səhabələrindən birinə kəsilmiş bir qoyun göndərib demişdir: “Bu oğlum Muhəmmədin əqiqəsindəndir”.( Kəmalud-Din: c.2, s.432)

Həmçinin, öz səhabələrindən olan İbrahimə dörd qoç göndərmiş, məktubunda isə yazmışdır: “Bismillahir-rəhmanir-rəhim. Bunlar mənim oğlum Muhəmməd Məhdinin əqiqəsidir. Ye! Allah onu sənə nuş etsin. Həmçinin şiələrimizdən kimi görsən ona da bundan yedir”. (Biharul-Ənvar: c.51/28)

  

Seyyid Muhəmmədkazım Qəzvini, “əl-İmamul-Məhdi, minəl-məhd iləz-zuhur”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

  



[1]  Məlum olduğu kimi bu hadisə gizli şəkildə baş tutmuşdur. Əks halda İmamın (ə.f) həyatı üçün təhlükə yarana bilərdi. Çünki Abbasi hökuməti daim o həzrətin (ə.f) dünyaya gəlib-gəlməməsi ilə maraqlanırdı. Əqiqənin verilməsi isə yeni bir uşağın dünyaya gəlməsini bildirirdi. Buna görə də bu hadisə gizli şəkildə və yalnız xass dostların xəbərdar olması çərçivəsində baş tutmuşdur. Müt

[2]  İraq “ratl”ı- təxminən 327 qram. Müt.

Leave a Comment