İmam Məhdi (ə) məsumların (ə) dilində

Bismillahir rəhmanir rəhim

 

Peyğəmbəri Əkrəm (s) buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.» (Biharul-ənvar 52-ci cild səh 309)

İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.» (Yenə orada).

Fatimeyi Zəhəra (əleyha səlam)-ın «Müshəf»ində belə qeyd olunur[1]: “…Sonra aləmlərə olan rəhmət səbəbi ilə vəsilər silsiləsini İmam Həsən Əsgəri (ə)-ın övladının vasitəsi ilə təkmil edəcəyəm. O, elə bir kəsdir ki, onda Musanın kamalı, İsanın əzəməti, Əyyubun səbri vardır…» (Kamaludin birinci cild 28 bab birici hədis səh 569)

İmam Həsən Muctəba (ə) bir rəvayətdə Peyğəmbərdən sonra yaranan çətinlikləri bəyan etməklə yanaşı, buyurmuşdu: «Allah təala axirəz-zamanda bir kişini seçəcəkdir… Onu Öz mələklərinin vasitəsi ilə möhkəmlədəcək, onun köməkçilərini qoruyub-saxlayacaqdır… Onu yer üzünün bütün sakinlərinə qalib edəcəkdir… O, yer üzünü ədalət, nuranilik və aşkar dəlillərlə dolduracaqdır… Xoş olsun o kəsin halına ki, onun dövrünü görsün və onun sözlərini eşitsin.» (Ehticac ikinci cild səh 70).

İmam Hüseyn (ə) buyurur: «…Allah təala onun (Həzrəti Məhdinin) vasitəsi ilə, yeri öldükdən sonra bir daha dirildəcək, onun vasitəsi ilə haqq dinini hətta müşriklərin xoşuna gəlməsə də belə bütün dünya dinlərinə qalib edəcəkdir. Onun üçün bir qeybət dövrü vardır ki, bir qrup o dövrdə dindən çıxacaq, başqa bir qrup isə dində sabitqədəm qalacaqdır… Həqiqətən hər kəs onun qeybəti dövründə əziyyətlərə və təkziblərə səbr etsə, Peyğəmbərin önündə qılıncla cihad edən şəxs kimi olar.» (Kamaludin birinci cild bab 30 hədis 3 səh 584)

İmam Səccad (ə) buyurur: «Bizim Qaimimizin qeybət dövründə bizə məhəbbət və dostluqda sabitqədəm qalan şəxsə Allah təala Bədr və Ühüd şəhidlərindən olan min şəhidin əcir və səvabını inayət edər.» (Yenə orada birinci cild 31-ci bab səh 592)

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün bir zaman gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim (vilayət) əmrimizdə sabitqədəm qalar.» (Yenə orada birinci cild 32-ci bab hədis 15 səh 602)

İmam Sadiq (ə) buyurur: «Qaim üçün iki qeybət dövrü vardır, onlardan biri qısa müddətli, digəri isə uzun müddətlidir.» (Qeybəti nömani onuncu bab 4-cü fəsil beşinci hədis səh 176)

İmam Kazim (ə) buyurur: «İmam (Məhdi) camaatın gözlərindən qeybə çəkilər, lakin onun adı və xatirəsi mö`minlərin qəlbindən çıxmaz.» (Yenə orada 34-cü bab 6-cı hədis səh 57)

İmam Riza (ə) buyurur: «(İmam Məhdi) qiyam edən zaman yer onun (vücud) nuru ilə aydınlaşar və o həzrət haqq-ədalət tərəzisini insanlar arasında bərqərar edər. Bundan sonra heç kəs başqasına zülm etməz.» (Yenə orada 35-ci bab 5-ci hədis səh 60)

İmam Cavad (ə) buyurur: «Bizim Qaimimiz o kəsdir ki, camaat qeybət dövründə onun intizarını çəkməli, qiyam etdiyi zaman isə onun fərmanlarına itaət etməlidirlər.» (Yenə orada 36-cı bab 1-ci hədis səh 70)

İmam Hadi (ə) buyurur: «Məndən sonrakı imam oğlum Həsən, ondan sonra isə onun oğlu Qaimdir. O həmin kəsdir ki, yer üzü haqsızlıq və zülm ilə dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır.» (Yenə orada 37-cı bab 10-cu hədis səh 79)

İmam Həsən Əsgəri (ə) buyurur: «Həmd olsun o Allaha ki, mənim canişinimi mənə göstərməyincə, məni dünyadan aparmamışdır. O, bəndən quruluşu və əxlaq cəhətindən camaat arasında peyğəmbərə ən çox oxşayan şəxsdir.» (Yenə 37-ci bab 7-ci hədis səh 118)

Erfan.ir

Məlumatdan istifadə etdikdə istinad vacibdir.


[1] Həmin rəvayətdə deyilir ki, Cabir Ənsari belə demişdir: Peyğəmbərin dövründə İmam Hüseyn (ə) təvvəlüdünü təbrik etmək üçün Fatimənin yanına getdim. Onun əlində yaşıl rəngli səhifə (lövhə) gördüm. O yazıda gün kimi parlayan bir sətirlər gördüm. Soruşdum ki, bu lövhə nədir? Buyurdu: Bu lövhəni Allah təala öz Rəsuluna hədiyyə etmişdir. Onda atamın, ərimin iki övladlarımın canişinlərinin aları qeyd olunmuşdur. Peyğəmbəri Əkrəm onu mənə əta etmişdir ki, ona baxıb sevinim.

Leave a Comment