Bismillahir Rəhmanir Rəhim
Şeyx Əyyaşi İmam Baqir (ə)-ın belə buyurduğunu nəql edir: “Bu ayə (İsra surəsi, 33) Hüseyn əleyhis-səlam barədə nazil olmuşdur: “Biz məzlumcasına öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır”. Hüseynin (ə) qatilinə gəlincə isə “ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (məhkumiyyətindən artıq cəzalandırılmamaq baxımından)”. Hüseyn ibn Əli əleyhiməs-səlam məzlumcasına qətlə yetirildi və bizlər onun qəyyumlarıyıq. Bizim içərimizdəki Qaim (ə) qiyam etdiyi zaman Hüseynin (ə) qanını tələb edəcək, o qədər öldürəcək ki, hətta deyəcəklər “həddi aşdı”.
Sonra İmam (ə) buyurdu: (Ayədəki) “Öldürülmüş şəxs” Hüseyndir, onun “qəyyumu” isə Qaim. “Öldürməkdə həddi aşmaq” isə budur ki, Qaim (ə) Hüseynin (ə) qatili olmayan şəxsi öldürə[1]. Çünki “ona kömək olunmuşdur”. Həqiqətən də bir vaxt gələr ki, Peyğəmbər səllallahu əleyhi və alihi və səlləmin ailəsindən olan bir şəxs qələbə çalar və yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə doldurar. (Təfsiri-Əyyaşi: c.2, səh. 290, hədis 65 və 67)
Əli ibn İbrahimin Təfsirində Əba Əbdillah Sadiq (ə)-dan belə nəql edilir:
“Zülmə məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda cihad və döyüş) icazəsi verilmişdir, Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir”(Həcc surəsi, 39). Qaim əleyhis-səlam barədə nazil olmuşdur. O xüruc etdiyi zaman Hüseyn əleyhis-səlamın qanını tələb edəcək…” (Təfsiri-Qummi, c.1, s.84)
Fəzl ibn Şazan İmam Sadiq (ə)-dan nəql edir ki, buyurdu: “Məhdinin (ə) əshabının şüarı “Hüseynin qanının intiqamı!”-dır”. (Bihar: 52, s.308)
Həmçinin həzrəti Məhdi (ə)-ın ziyarətnamələrinin birində deyilir: “Salam olsun alim və gözlərdən gizli olan İmama, salam olsun şəhərlərdə olub (lakin) gözlərdən gizli qalana, salam olsun fikirlərdə və düşüncələrdə olana, salam olsun xeyirli şəxslərdən həyatda qalan son Şəxsə, salam olsun Zül-fiqarın varisinə, salam olsun o şəxsə ki, örtüklü Allah evində zühur edər, salam olsun o şəxsə ki, “Hüseynin intiqamı” şüarıyla ilə “Mən seçilmiş şəxslərin intiqamını alanam”, “Mən bütün zalımları məhv edənəm” deyə nida edər..”
Əba Səlt Hərəvidən nəql edilir ki, deyir: “Əbul-Həsən (ə)-a dedim: Ey Allah Rəsulunun övladı, Sadiq əleyhis-səlamdan rəvayət edilən bu hədis barədə nə deyirsiniz: “Qaim qiyam etdiyi zaman Hüseyn əleyhis-səlamın qatillərinin övladlarını öz ata-babalarının etdikləri əməllərə görə qətlə yetirəcək”? Həzrəti Rza (ə) buyurdu: “Necə deyilibsə, elədir”. Dedim: “Bəs elədirsə, onda Allahu-təalanın bu sözünü necə olsun ki, buyurur: ”Heç bir kəs başqa birisinin yükünü daşımaz”? (Ənam surəsi, 164) Buyurdu: “Allahın dediyi bütün sözlər doğrudur. Lakin Hüseynin qatillərinin zürriyyələri öz ata-babalarının əməllərindən razı olacaqlar və bununla fəxr edəcəklər.[2] Kim də bir şeydən razı olsa, elə onu edən kimidir. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə olan bir kəs bu işə razı olsa, o zaman qətlə razı olan şəxs izzət və cəlal sahibi Allahın dərgahında qatillə şərik sayılır! Qaim əleyhis-səlam qiyam etdiyi zaman onları məhz öz ata-babalarının əməllərinə razı olmaları səbəbindən öldürəcək”. (İləl: s.229, bab 164, hədis 1, Bihar: c.45, s.295, bab 45, hədis 1)
“Nəcmus-saqib”, II cild, Hacı Nuri Təbərsi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Yəni, həzrəti Məhdi (ə) ayəti-şərifənin hökmünə əsasən, yalnızca İmam Hüseyn (ə)-ın qatillərini öldürəcək və həddi aşmayacaq. Lakin insanların deyəcəyi “həddi aşdı” sözünə gəlincə isə, görünür bu, qisas zamanı çoxlu Hüseyn (ə) qatili öldürülməsinə görə olacaq. Çünki sonrakı rəvayətlərdən də göründüyü kimi, hər kəs həzrəti Hüseynin (ə) qətlinə razı olubsa, elə o həzrətin qatili sayılır və həzrəti Məhdi (ə) qiyam etdiyi zaman bu cür şəxslərdən intiqam alacaq. Məhz bu səbəbdən də məsələ dərk etməyən şəxslər üçün qaranlıq qaldığından həmin ifadəni işlədəcəklər. Müt.
[2] Necə ki, hazırda dövrümümzün Xəvaricləri və nasibiləri olan müəyyən qurup şəxslər Həzrəti Hüseyn (ə)-ın qatili olan Yəzid ibn Müaviyə (l.ə) kimi şəxslərin haqlı olduqlarını və bu mübarizədə həzrəti Hüseyn (ə)-ın (Allaha pənah) bidətkar olduğunu iddia edirlər. Məgər bu şəxslər Aşura günü Kərbəlada olsaydılar kimin tərəfində olacaqdılar?! Müt.