İmam Məhdi (ə.f)-in davranışı ilə bağlı irad

Bismillahir Rəhmanir Rəhim

Ümumiyyətlə, bu günümüzədək məhdəviyyət mövzusunda digər İslami məzhəblər tərəfindən bəzi şübhələr ortaya atılmışdır ki, bunlardan biri də şiənin “Məhdi”sinin, “əhli-sünnə vəl-cəmaə”nin “Məhdi”sindən fərqlənməsi məsələsidir. Onlara görə: “kim şiələrin hədislərinə nəzər salarsa, görər ki, şiələrin Məhdisi diktator, təcavüzkar bir şəxsdir, Peyğəmbər (s) ümmətinə qarşı şiddət, əzab tətbiq edən və onları yox etməyə çalışan bir insandır. İmamiyyə məzhəbində mövcud olan hədislər bizim üçün Məhdi barədə elə bir təsəvvür yaradır ki, sanki onun dövləti yalnızca qılınca, zor tətbiq etməyə, yox edib əzab verməyə əsaslanan bir dövlət olacaq. Bundan başqa, imamiyyə şiələrinin gözlədiyi bu dövlətin əsas səciyyəvi cəhəti aşağıdakılardır:

 Birincisi: Bu dövlət İslam ruhu ilə heç cür uyuşmayan bir dövlətdir. Çünki İslamın ruhu rəhmətdir, belə ki, Allahu-təala buyurur: “Biz səni yalnızca aləmlərə rəhmət olaraq göndərdik”. (Ənbiya, 107) Halbuki, şiələrin etiqad etdikləri Məhdi dövləti qılınca, zor tətbiq etməyə və qırıb-tökməyə əsaslanan bir dövlətdir. Bu isə İslam ruhu ilə ziddiyyət təşkil edir.

 İkincisi: Məgər mümkün ola bilərmi ki, bütün bəşəriyyət min illər boyu şövq və hərarətlə “son dövləti” gözləsin, amma qəflətən qılıncla davranan, zor tətbiq edən və talan edib bir şey saxlamayan bir dövlətlə qarşılaşsın?

Bunun nəticəsində bəşəriyyətin arzuları boşa çıxar, məyus olub müvəffəqiyyətsizliyə uğrayarlar. Bax bu, şiələrin Məhdisidir. Amansız və qəddar bir şəxs..

Lakin “əhli-sünnə vəl-cəmaə”nin etiqad etdiyi Məhdi isə rəhmət və mərhəmət mənbəyidir…” Bu yazıçı dediklərinə sübut olaraq şiə kitablarında mövcud olan bir neçə hədisə əsaslanıb. Bunlardan aşağıdakıları göstərmək olar:

Birinci hədis: Əllamə Məclisinin “Biharul-ənvar” kitabındakı (c.52, s.353, hədis 109) Zürarədən nəql edilən hədis. Zürarə deyir ki, “İmam Sadiq (ə)-a belə dedim: O (həzrəti) Muhəmməd (s) kimi davranacaq? Həzrət (ə) buyurdu: Heyhat, heyhat ey Zürarə! O, (həzrəti Peyğəmbərin (s)) davrandığı kimi davranmayacaq! Dedim: Sənə fəda olum, nə üçün? Buyurdu: Həqiqətən Allah Rəsulu (s) ümməti ilə yumşaq davrandı, o camaatla hüsn-rəğbətlə keçinirdi. Qaim isə öldürəcək. Özündə olan kitabda ona əmr edilmişdir ki, öldürsün və kimsənin tövbəsini qəbul etməsin! Vay olsun onunla düşmənçilik edənə!”

İkinci hədis: Əladan nəql edilir, o da Muhəmməddən nəql edir ki, dedi: Əba Əbdillahın (ə) belə dediyini eşitdim: “Əgər camaat bilsəydi ki, Qaim qiyam edən zaman nə edəcək, o zaman onların çoxu onu görmək istəməzdilər! Bunun səbəbi isə onun insanları öldürməsidir! Bilin, o birinci Qüreyşdən başlayacaq. Onunla (Qureyş) arasında yalnız qılınc olacaq. Hətta insanların çoxu deyəcək: Bu Muhəmməd Ailəsindən deyil, əgər Ali Muhəmməddən olsaydı rəhm edərdi!” (“Ğeybəti Numani”, 238, bab 13, hədis 18)

Üçüncü hədis: Əbu Bəsir İmam Sadiq (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Qaim qiyam etdiyi zaman onunla ərəblər və Qüreyş arasında yalnızca qılınc hakim olacaq. Onlarla yalnız qılıncla davranacaq. Nə üçün Qaimin qiyamının tez olması üçün tələsirsiniz? And olsun Allaha ki, onun libası qalın olacaq, yeməyi çox az olacaq, o yalnız qılınca sarılacaq. Ölüm isə qılıncın kölgəsi altında olacaq”. (“Ğeybəti Numani”, 239, bab 13, hədis 21)

Dördüncü hədis: Nömani “Ğeybət” kitabında Əbul-Caruddan, o Qasim ibn Vəlid Həmədanidən, o Haris əl-Ə`vər Həmədanidən nəql edir ki, sonuncu dedi: Əmirəl-möminin (ə) buyurdu: “Atam kənizlərin ən yaxşısının oğluna (İmam Məhdiyə (ə.f))qurban! O onları alçaldacaq (zəlil, xar edəcək).. onları qılıncla məhv edəcək..” (“Ğeybəti Numani”, 234, bab 13, hədis 11) …

Bu hədislərlə bağlı bizim mövqeyimiz nədir?

Birincisi: Burada qeyd olunan bütün hədislər “zəif sənədli” hədislərdir. Belə ki, bunların hamısında ravilər silsiləsində Əbu Səminə künyəli Muhəmməd ibn Əli Kufinin adı gəlmişdir. “Şeyxur-Ricaliyyin” Şeyx Nəcaşi bu şəxs barədə deyir: “Muhəmməd ibn Əli Əbu Səminə ləqəbi ilə çağırılırdı. Olduqca zəifdir. Fasid əqidəlidir, heç bir şeydə ona etimad etmək olmaz! O – Kufədə yalançılıqla məşhur olduqdan sonra – Quma gedir və bir müddət burada Əhməd ibn Muhəmməd ibn İsanın evində qalır. Sonra ğüluvv etməklə tanınır.. bundan sonra isə Əhməd ibn Muhəmməd ibn İsa onu Qumdan qovur”. (“Ricalu Nəcaşi”, 332, rəqəm 894)

Həmçinin, bu hədislərdə ravi silsiləsində Muhəmməd ibn Əli Həmədani də vardır ki, “məchul”dur (kimliyi bilinmir). (Bax: “Əl-Fehrest”, Şeyx Tusi, 337, rəqəm 618, “Rical”, İbn Davud, 274, rəqəm 468)

Həmçinin, Həsən ibn Əli ibn Əbi Həmzə Bətaininin adı da ravilər cərgəsində gəlmişdir ki, rical alimləri onun zəif olduğunu bildirmişlər. (Bax: “Ricalu Nəcaşi”, 36, rəqəm 73, “İxtiyar mərifətir-rical”, 2/827, rəqəm 1042)

Yenə ravilər silsiləsində Həsən ibn Harunun adını görürük ki, bu şəxs də “məchul”dur. (Bax: “Müstədrək elmir-rical”, Şeyx Əli Nəmazi, 3/67, rəqəm 4069, “Əl-Faiq”, Əbdül-Hüseyn Şəbüstəri, 1/386, rəqəm 778)

Habelə, hədislərin raviləri arasında Əbul-Carudun da adına rast gəlirik ki, bu şəxs də Carudiyyə firqəsinin başçısı olmuşdur. Carudiyyə firqəsi isə Zeydiyyə firqəsinin qollarından  biridir. Bu şəxs bəzi rical elmi kitablarında zəif bilinmişdir. (Bax: “Ricalun-Nəcaşi”, 170, rəqəm 448, “İxtiyar mərifətir-rical”, 2/495-496, rəqəm 413-416)

Deməli bu hədislərin sənədləri zəifdir və bu səbəbdən də onlara etimad etmək, onlara əsaslanıb İmam Məhdinin (ə.f) dövləti haqqında rəy söyləmək olmaz.

İkincisi: Bu hədislər həzrəti Qaim əleyhis-səlamın dövlətinin gözəlliklərini vurğulayan hədislərlə ziddiyyət təşkil edir. Belə ki, həmin hədislərə əsasən həzrətin (ə.f) dövləti rəhmət dövləti, mehribanlıq dövləti, müti və asi olmasından asılı olmayaraq hər bir kəsə qarşı şəfqət dövlətidir. “Əqdud-dürər” kitabında İmam Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur ki, Məhdi (ə.f) öz əshabından beyət alacaq ki, heç bir müsəlmanı təhqir etməsinlər, öldürülməsi haram olan şəxsi öldürməsinlər, kiminsə namusuna təcavüz etməsinlər, heç bir evi dağıtmasınlar və heç kimsəni haqqı olmadığı halda vurmasınlar! (“Mucəmul-İmamil-Məhdi”, 3/95, hədis 639, “Əqdud-dürər”, 90-99)

Hətta həzrəti İmam (ə.f) ən qatı düşməni olan Süfyani ilə də bu şəkildə davranacaq:

Hədislərin birində Əmirəl-möminin (ə) buyurur: “(Məhdi) ən azı on iki min və ən çoxu on beş min nəfərdən təşkil olunmuş bir (ordu) ilə hərəkət edəcək. Onların şüarları isə “Əmət, əmət” (öldür, öldür) olacaq. Nəhayət Süfyani onun (ordusuy)la qarşı-qarşıya gələr və deyər: Əmim oğlunu mənə göndərin ki, onunla danışım. (Həzrəti Məhdi (ə.f)) onun qarşısına çıxıb onunla danışar. Bundan sonra Süfyani təslim olub, ona beyət edər. Lakin elə ki, Süfyani öz adamlarının yanına qayıdar, Kəlb qəbiləsindən olan bir nəfər onu fikrindən döndərər və (beləcə) Süfyani beyəti pozar. Bundan sonra isə onunla (İmam Məhdi (ə.f) ilə) Süfyaninin ordusu arasında döyüş baş verər…” (“Kitabul-Fitən”, Mərvəzi, 217)

Deməli aydın olur ki, İmam (ə.f) ilk öncə öz düşməni ilə dialoq əsasında hərəkət edəcək. Bu isə onu göstərir ki, həzrət danışığa meyilli bir şəxsdir və onun yolu mərhəmət yoludur, işgəncə və öldürmək yolu deyil.

“Biharul-ənvar” kitabında İmam Sadiq (ə)-ın belə buyurduğu nəql edilir: “Məhdi yəhudilərin böyüklərini və rahiblərini və xristian dininin öndə gedən şəxsləri ilə alimlərini yanına çağıracaq. Sonra isə Tövratı, İncili, Zəburu və Furqanı (Quranı) gətirəcək. İlk öncə onlarla döyüşməyəcək. Əksinə, həqiqətləri onlara bəyan edəcək və onlarla ayrı-ayrılıqda hər bir kitab əsasında bəhs aparacaq! Onlardan onun yozumunu (təvilini) tələb edəcək və həmin kitabın təhrif olunmuş hissələrini onlara bildirəcək”. (“Biharul-ənvar”, 53/9, “Müxtəsər bəsairid-dərəcat”dan nəqlən: 185)

Üçüncüsü: Bu mövzuda olan bəzi səhih hədislərdə gəlmişdir ki, həzrəti Məhdi (ə.f) ilə düşmənləri arasında güclü bir döyüş olacaq. Lakin burada diqqət yetiriliməsi gərəkən bir məsələ vardır və o da budur ki, hər şeydən öncə bilmək lazımdır ki, bu döyüşlər hansı məqsədlə aparılacaq, hansı növdən olacaq və nə kimi bir hədəf güdəcək? Biz hədisi şəriflərə nəzər salan zaman görürük ki, bu hədislər bizlərə baş verəcək döyüşlərin hansı məqsədlə aparılacağını açıqlayıb. Hədisi- şəriflərin bildirdiyinə əsasən, həzrəti Məhdinin (ə.f) döyüşləri hücüm xarakterli deyil, müdafiə xarakterli döyüşlər olacaq. Belə ki, yəhudisi və nəsranisi ilə birgə “Qərb” o həzrətə iman gətirəcək və ona tabe olacaq, bu səbəbdən də onunla döyüşməyəcək. Yer əhli elm və mərifətlə danışdığı və rə`fət və mehriban davrandığı üçün könül xoşluğu ilə o həzərətə tabe olacaqlar. Həzrəti Məhdi (ə.f) ilə döyüşəcək olan şəxslər isə, məhz nasibilər olacaqdır. Bəli, həzrətlə döyüşəcək şəxslər müsəlmanlardan olan xüsusi bir dəstə olacaq; bunlar “nasibilər” adlanan (qatı Əhli-beyt (ə)) düşmənləridir. İmam Baqir (ə) buyurur: “Məhdi Kufəyə doğru hərəkət edəcək. Kufədən yaxşı silahlanmış on altı min “Bətriyyə” çıxacaq. Onlar Quran qariləridirlər, dində fəqihdirlər, alınları (səcdə etməkdən) yara bağlamışdır və geyimlərini qısaltmışlar. Nifaq onları bürümüş olacaq. Hamısı deyəcək: Ey Fatimənin oğlu, geri qayıt, bizim sənə ehtyacımız yoxdur”. (“Dəlailul-İmamə”, 455-456) Digər bir hədisdə isə deyilir: “Məhdi (ə.f) yolunu azmış bir dəstə ilə üzləşəcək, onlara nəsihət edəcək və onlara üç gün möhlət verəcək. Lakin onlar (bu müddət ərzində) yalnız və yalnız tüğyan və küfrlərini artıracaqlar. Belə olunca isə Məhdi onların öldürülməsinə göstəriş verəcək”. (“Muxtəsərul-bəsair”, 190)

Bundan əlavə, onu qeyd etmək lazımdır ki, ilahi ədalət dövlətinin bütün yer üzündə hakim olması və zülmün kökünün tamamən kəsilməsi üçün istər-istəməz döyüşə ehtiyac vardır. Belə ki, bu cür böyük bir işin həyata keçməsi zamanı döyüş qaçınılmazdır. Allahu-təala da Qurani-Kərimdə zülmün kökünün tamamən kəsilməsi üçün Allah Rəsuluna (s) (və müsəlmanlara) döyüşmək əmri verir:

Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin”. (Tövbə surəsi, 14) Həmçinin, “Müşrikləri harada görsəniz öldürün” (Tövbə surəsi, 5). Həmçinin, “Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun”. (Ənfal surəsi, 39) Həmçinin, “Onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər”. (Tövbə surəsi, 123)

Bu mülahizələrdən sonra başa düşürük ki, İmam Məhdi (ə.f)-in dövləti rəhmət, rə`fət və mərhəmət dövlətidir. Onun dövründə İslam dini ikrah və məcburiyyətlə deyil, elm “dili” ilə yayılacaqdır. Bu isə onun (ə.f) ata-babalarının (ə) yoludur. Allah Rəsulu (s) dialoqa üstünlük verən bir şəxsiyyət idi. O (s) hər zaman ilk olaraq danışıqdan başlamış, döyüşdən və ya öldürməkdən başlamamışdır. Əmirəl-möminin Əli (ə) da həmçinin danışığa üstünlük verən bir şəxs idi. İmam Həsən, İmam Hüseyn (əleyhimas-səlam) da həmçinin. İmam Hüseyn (ə) öz mübarək ömrünün son anına qədər onunla döyüşən şəxslərə moizə etdi, onları doğru yola səslədi. Hətta Həzrət (ə) öz düşmənlərinə ağlayaraq dedi: “Mənə görə cəhənnəmə daxil olacaq bu qövmə ağlayıram”.. (“Binuri Fatimə ihtədəytu”, Əbdül-Munim Həsən, 201) İmam Hüseyn (ə) Məkkəyə və Kərbəlaya öldürmək və ya öldürülmək üçün yollanmamışdı. Həzrət (ə) məhz islah üçün evindən çıxmışdı, lakin zalım qövm həzrəti qətlə yetirməkdə israr etdi.. Həzrət buyurur: “And olsun Allaha, ey qardaşım, əgər bir daşın içərisində yer həşəratlarından biri olsaydım belə, bunlar  yenə də məni oradan çıxarıb öldürərdirlər..” (“Bihar”, 45/99)

Əla lənətullahi ələl-qəvmiz-zalimin!

Seyyid Munir Xubbaz, “Əl-həqiqətul-məhdəviyyə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

7 thoughts on “İmam Məhdi (ə.f)-in davranışı ilə bağlı irad”

  1. Bismillah, melumati oxuduq,yazan eller derd gormesin, zehmet olmasa “Şeyxur-Ricaliyyin” Şeyx Nəcaşi -kimliyi baresinde melumat vererdiniz.Birdeki metnde bir cumle qeyd etmisiniz ki yehudisi ve nesranisi qerb O Hezrete e iman getirecek,yeni O Hezretle doyuwde meglub olub iman getirecekler ya ele evvelden iman getirib Hezrete e tabe olacaqlar? bunu bilmek muhumdur,hemde bezi hedislerde sadalanan wexsler (yehudi ve nesrani) o Hezretle e doyuw aparacaqlari qeyd olunub.

    • Bismillah, Şeyx Nəcaşi (r.ə) böyük şiə «rical» elmi alimlərindəndir. Kufə şəhərində dünyaya gəlmişdir. Böyük alimlərdən hesab edilir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Şeyx Tusi (r.ə) onun tələbəsi olub. Bir sıra dəyərli əsərlərin müəllifidir.
      İkinci sualınıza gəlincə isə, qeyd edək ki, yəhudi və nəsranilər o həzrətə döyüşsüz təslim olacaqlar. Bu barədə ətraflı məlumat almaqdan ötrü saytımızda yerləşdirilən «Quranda İmam Məhdiyə (ə.f) işarələr» adlı məqalədə 3-cü ayəsinin təfsirinə baxın

  2. Bismillah,yazini oxudum, Allah komeyiniz olsun,amma revayetlerde Rumlularla (qerblilerle) O Hezretin muharibe edeceyine dair hedisler tapdim: “O (Hz. Mehdi e) bir Rum weherini tekbirle ve muselmanlardan 70 min neferle azad edecek”-Biwaretul Islam (Zuhur esri kitabindan. Aydindir ki olkeni azad etmek muharibe yolu ile baw tutacaq.Qabaqki sizin metm ile uygun gelmir.

  3. Bawqa bir hedis: “… Mehdi e tugyanci Rum rehberleri arasinda sulh berqerar olar….Onlar (Rumlular) 3 il muddetinde ozleri ucun gemi hazirlayar…nehayet Rumlularin gemileri Sur-Ekka sahillerinde lenger salar ve ora muharibe sehnesine cevriler”. Ibn Hemmadin el yazmasi seh-142 ( Zuhur esri kitabindan) Buna oxwar hedisler kifayet qederdir,amma imkan yoxdur ki hamisini qeyd edim. Bele oldugu teqdirde bu hedisleri nece bawa duwek?

  4. Bismillah. Əvvəla, bilmək lazımdır ki, həzrəti Məhdi (ə) ilə bağlı hədislərin heç də hamısı hədislərin düzlüyü və məqbulluğu üçün təqdim edilən şərtlərlə müvafiq deyil. Bəzisinin sənədi zəifdir, bəzisinin isə mətni Quran, sünnə və əqli-səlimlə məqbul sayılmır. Bu səbəbdən də hədislərdən danışarkən bir qədər diqqətli olmalıyıq. İkincisi, bir ölkənin yalnızca müharibə yolu ilə azad edilə biləcəyi fikri tam şəkildə əsassızdır. Çünki tarixdə də gördüyümüz kimi bir çox şəhər və məntəqələr döyüşsüz və qan tökülmədən fəth edilmişdir.
    Bundan başqa, İbn Həmmad şiə məzhəbli deyil, sünni məzhəbli hədis alimidir.
    Əgər fərz etsək ki, İbn Həmmadın dedikləri doğrudur, o zaman yenə də bu hədislər bizim məqalə ilə ziddiyyət təşkil etmir. Belə ki, əgər məqalə tam şəkildə və diqqətlə oxunubsa, o zaman aydın olacaq ki, cənab Seyyid Munir orada “ilahi ədalət dövlətinin bütün yer üzündə hakim olması və zülmün kökünün tamamən kəsilməsi üçün istər-istəməz döyüşə ehtiyac vardır. Belə ki, bu cür böyük bir işin həyata keçməsi zamanı döyüş qaçınılmazdır” deyə bir cümlə işlətmişdir. Bu isə o deməkdir ki, əlbəttə ki, döyüş olacaq. Lakin döyüşün olması ilə bəzi hədislərin dediyi kimi “qarşısına çıxan hər kəsi öldürmək” fikri arasında yerlə-göy qədər fərq var. Allahu təala özü Qurani kərimdə kafirlərlə vuruşmağı əmr edir, lakin həddi aşmamağı göstəriş verir. Bizim məqsədimiz, İmam Məhdinin (ə) bir cani və qaniçən kimi təqdim edilməsinin (Allaha pənah!) qarşısını almaqdır. Yoxsa ki, döyüşlərin olacağını kimsə inkar etmir. Üstəlik bizim qeyd etdiyimiz fikirləri bir çox böyük İslam alimləri də təsdiqləmişlər. Bu isə, nəzərimizcə ən doğru yoldur. Allah daha yaxşı bilər.

  5. Siz meni duzgun anlamadiniz,mende siz qebul eden fikri qebul edirem ki Imam Zaman (e) hec de bezi zeif hedislerde gosterildiyi kimi qan tokecek ve qilincdan bawqa hokmu olmayacaq kimi hedisleri qebul etmirem.Sizin bu meqalede yazinizda cumleye aydinliq getirmek isteyirdim ki buyurursunuz ki Qerb ( mesihiler ve nesraniler O Hezretle “doyuwmeyecekler” ifadesidir. Eli Kurani aga zemanenin Mehdeviyyet movzusu baresinde cox melumatli olan wexsdir ondan da bele o Aga bu hedislere werh vererken muharibenin olmasini qeyd etmiwdir.

Leave a Comment