Bismillahir rəhmanir rəhim
Allahın Rəsulu (s) və həzrəti Əmirəl-möminin (ə) kimi digər Əhli-beyt imamları (ə) da öz mübarək hədislərində İmam Məhdi (ə.f) və o həzrətin zühuru mövzusuna toxunmuşlar. Onlar (ə) hədislərdə həzrətin (ə) adını, nəsəbini, zühurunun əlamətlərini, ənsarının və dövlətinin xüsusiyyətlərini və s. bildirmişlər. Hədis kitabları bu cür hədislərlə doludur. Belə ki, bu hədislərin hər birini qeyd etmək istəsək müstəqil və geniş həcimli kitablar əmələ gələr. Bu səbəbdən də yalnız bir neçə hədis təqdim etməklə kifayətlənir və daha artığı üçün möhtərəm oxucuya hədis mənbələrinə müraciət etməyi tövsiyə edirik.
-Hənnan b. Sədir atası Sədir b. Həkimdən, o öz atasından, o da Əbu Səid Uqeysadan belə nəql edir: Həsən bin Əli (ə) Müaviyə b. Əbi Sufyanla (l.a) beyət edincə bir dəstə camaat onun evinə gəldi və etdiyi beyətə görə onu məzəmmət etməyə başladılar. Həzrət buyurdu (ə):
“Vay olsun sizə, siz nə bilirsiniz mən nə etmişəm? And olsun Allaha ki, etdiyim iş şiələr üçün üzərinə günəşin saçdığı və ya batdığı şeydən daha xeyirlidir! Məgər bilmirsinizmi ki, mən sizin itaəti üzərinizə vacib olan imamınız və Allah Rəsulunun (s) buyuruğuna əsasən cənnət cavanlarının iki ağasından biriyəm?”
Dedilər: Bəli (bilirik).
Buyurdu: “Məgər bilmirsinizmi ki, Xızr (ə) gəmini deşərkən, uşağı öldürüb divarı təmir edərkən Musa bin İmran (ə) işdəki hikməti bilməməsi səbəbindən buna qəzəblənmişdi? Halbuki, bu iş Allah yanında hikmət (əsasında olan) və düzgün bir iş idi. Məgər bilmirsinizmi ki, Qaimdən (ə.f) başqa bizim hər birimiz öz zamanının tağutuna beyət etmək məcburiyyətində qalacaq? O, Qaim (ə.f) ki, İsa bin Məryəm (ə) onun arxasında namaz qılacaq. Həqiqətən də Allah (c.c) onun doğumunu gizli edər, özünü də gizlədər (qeybə çəkər) ki, qiyam edən zaman boynunda kimsənin beyəti olmasın. O qardaşım Hüseynin (ə) doqquzuncu övladıdır, qadınların üstününün oğludur. Allah qeybəti zamanı onun ömrünü uzadar. Sonra isə onu öz qüdrəti ilə qırx yaşı tamam olmamış bir cavan şəklində aşkar edər. Bu, Allahın hər şeyə qadir olduğunun bilinməsi üçündür”. (“Biharul-ənvar”, c.13, s.33)
Həmçinin yenə həzrət (ə) buyurur: “Gözlədiyiniz bu iş, bir-birinizdən ayrılmayanadək, bir-birinizə lənət etməyənədək, bir-birinizin üzünə tüpürməyənədək və bir-birinizin küfrünə şahid durmayanadək… baş verməyəcək. O zaman bizim Qaimimiz (ə.f) qiyam edər, bütün bunları aradan aparar”. (“Ə`yanuş-şiə”, c.3, s.479)
İmam Hüseyn (ə) buyurur: “Bizdən on iki “Məhdi” var. Onların birincisi Əmirəl-möminin Əli ibni Əbi Talib(ə), sonuncusu isə mənim nəslimdən olan doqquzuncu övladımdır. O, haqqı bərqərar edəcək olan İmamdır, Allah onunla yeri öldükdən sonra dirildər. Onunla – müşriklər istəməsələr belə − haqq dini digər dinlər üzərinə qalib edər. Onun bir qeybə çəkilməsi olacaq ki, həmin vaxt bir çox qövmlər mürtədd olacaq. O zaman başqa bir dəstə dində sabit qalacaqlar, lakin (buna görə) onlara əziyyət verəcəklər və deyəcəklər: Əgər düz deyirsinizsə bəs onda nə vaxt gerçəkləşəcək bu vəd? Bilin ki, o vaxt əziyyət və inkarlara səbr edən şəxs, Allah Rəsulu (s) yanında qılınc çalıb döyüşən şəxs nisbətində olacaq!” (“Ə`yanuş-şiə”, 4 q.3, s.296)
Əbu Xalid Kabilidən rəvayət olunur ki, deyir: Əli ibni Hüseyn (ə) mənə dedi: “Ey Əba Xalid, (bir vaxt olar ki,) fitnələr zülmət gecə tək hücum çəkərlər və o zaman bu fitnələrdən yalnız Allahın əhd-peyman aldığı şəxslər nicat tapar. Onlar hidayət çıraqları, elm çeşmələridirlər. Allah onları qaranlıq fitnələrdən qoruyacaqdır. Sanki mən sizin sahibinizin üç yüz neçə nəfərlə birlikdə, Cəbrail sağında, Mikayıl solunda, İsrafil də önündə durmuş bir vəziyyətdə Kufənin arxasında Nəcəfiniz üzərində dayandığını görürəm. Allah Rəsulunun (s) bayrağı onun yanındadır və o, (bu) bayrağı açmışdır. O, bu bayraqla hansı qövmə tərəf hərəkət edərsə, Allah o qövmü məhv edəcək!” (“Əmali”, Şeyx Müfid, s.28)
Həmçinin həzrət (ə) buyurur: “Xoş olsun Qaimimiz (ə.f) qeybdə olduğu zaman bizim ipimizdən yapışmış olan, bizim vilayətimizdə sabit olan və düşmənlərimizdən uzaq olan şiələrimizin halına! Onlar bizdəndirlər, biz də onlardanıq! Onlar bizdən imam olaraq razı olmuşlar, bizlər də onlardan şiə olaraq razı olmuşuq! Xoş olsun onların halına! onlar – And olsun Allaha ki, – qiyamət günü bizim öz dərəcəmizdə bizimlə birgə olacaqlar!” (“Zeynul-abidin”, Müqərrəm, Feyzin “Vafi”-sindən nəqlən)
İmamalmahdi.org saytının ərəb bölməsinə istinadən