İmam Məhdi (ə.f) Əhli-Beytin (ə) hədislərində (II)

Bismillahir rəhmanir rəhim

Əbu Həmzə Somalidən nəql edilir ki, deyir: Bir gün Əba Cəfər Muhəmməd bin Əlinin (İmam Baqir) (ə) yanında idim. Elə ki, yanındakılar qalxıb getdilər, mənə dedi: “Ey Əba Həmzə, Allah yanında qəti və dəyişməz olan şeylərdən biri də bizim Qaimimizin (ə.f) qiyam etməsidir. (Bu) dediyimə şübhə edən kəs, Allah ilə kafir və ona qarşı çıxmış bir halda görüşər”. Sonra buyurdu: “Atam anam qurban olsun adı mənim adımdan, künyəsi mənim künyəmdən olan şəxsə. O, məndən sonra yeddinci şəxsdir. Atam qurban olsun yeri zülm və haqsızlıqla dolduğu kimi ədalət və düzlüklə dolduracaq şəxsə”. Sonra buyurdu: “Ey Əba Həmzə, onun (zühuru) zamanında yaşayan bir kəs onunla sülh etməzsə, Muhəmməd (s) və Əli (ə) ilə sülh etməyib. Belə şəxsə Allah cənnəti haram etmişdir. Onun yeri cəhənnəmdir və zalımların məskəni necə də pisdir!” (“Ğeybət”, Numani, 41)

İmam Sadiq (ə) buyurur: “Mənim nəslimdən olan saleh xələf Məhdidir. Onun adı Muhəmməd, künyəsi Əbəl-Qasimdir. O axirəz-zəmanda zühur edəcəkdir”. (“Kəşful-ğummə”, 324)

Yunis bin Əbdür-Rəhmandan nəql edilir ki, deyir: Musa bin Cəfər (ə)-ın yanına gedib həzrətə dedim: Ey Allah Rəsulunun oğlu, sən “qaim bil-haqq”san? Buyurdu: “(Bəli,) mən “qaim bil-haqq”am (haqqı bərqərar edənəm). Lakin yer üzünü Allahın (ə.c) düşmənlərindən təmizləyəcək, onu haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq “qaim” mənim nəslimdən olan beşinci şəxsdir. Onun bir qeybə çəkilməsi olacaq ki, öz canından qorxduğuna görə vaxtı uzanacaq. Bu zaman bir çox qövmlər dindən dönəcək, digərləri isə sabit qalacaqlar”. Sonra buyurdu: “Xoş olsun Qaimimiz (ə.f) qeybdə olduğu zaman bizim ipimizdən yapışmış olan, bizim vilayətimizdə sabit olan və düşmənlərimizdən uzaq olan şiələrimizin halına! Onlar bizdəndirlər, biz də onlardanıq! Onlar bizdən imam olaraq razı olmuşlar, bizlər də onlardan şiə olaraq razı olmuşuq! Xoş olsun onların halına! And olsun Allaha ki, onlar qiyamət günü bizim dərəcəmizdə bizimlə birgə olacaqlar!”(“İkmalud-din”, c.2, s.20)

Əba Səltdən nəql edilir ki, deyir: Dibəl dedi: Bu şeri mövlamız İmam Rza (ə) üçün oxuyub bu yerə çatanda:

Xuruc imamin la məhalə qaim

Yəqum əlasmillahi vəl-bərəkat

Yuməyyiz fiina kullə həqq və batil

Yəczi əlannə`mai vən-nəqimat

(İmamın xüruc etməsi mümkünsüz deyil

O, Allahın adı və bərəkətlər üzrə qiyam edər

O, bizim aramızda haqqı və batili ayırd edər

Edilən yaxşılıqların və pisliklərin əvəzini verər)

İmam Rza (ə) ağladı. Sonra başını qaldırıb buyurdu: “Ey Xuzai, Ruhul-qudus sənin dilindən bu beyti dedi. Bilirsən dediyin o, imam kimdir?” Dedim: Bilmirəm, lakin, ey mövlam, mən eşitmişəm ki, sizlərdən yeri ədalət və düzlüklə dolduracaq bir imam qiyam edər. Dedi: “Ey Dibəl, məndən sonra imam oğlum Muhəmməddir (ə). Ondan sonra onun oğlu Əlidir (ə). Əlidən(ə) sonra onun oğlu Həsəndir (ə). Həsəndən (ə) sonra isə oğlu Muhəmməd əl-Huccətil-Qaimdir (ə.f). Qeybə çəkilən zaman intizarı çəkilər, zühur etidiyi zaman itaət olunar. Əgər dünyadan yalnız bircə gün qalmış olsa, Allah o, günü bizim Qaimimiz (ə.f) qiyam edənədək uzadar. O yer üzünü haqsızlıqla dolduğu kimi ədalətlə doldurar”. (“Yənabiul-məvəddə”, 454, “Fəslul-muhimmə”, 233, “Biharul-ənvar”, c.13, s.41)

İmam Həsən Əskəri (ə)-ın xidmətçisi Əba Ğanimdən nəql edilir ki, deyir: Əba Muhəmməd Həsənin (ə) bir oğlan övladı dünyaya gəldi və həzrət ona Muhəmməd adı verdi. Üçüncü gün onu öz əshabına göstərib dedi: “Bu sizin məndən sonrakı imamınız və mənim özümdən sonrakı xəlifəmdir. O, həmin Qaimdir (ə.f) ki, boyunlar həsrət və intizarla ona tərəf uzanar. Yer üzü haqsızlıq və zülmlə dolduğu zaman qiyam edər və onu düzlük və ədalətlə doldurar”. (“Yənabiul-məvəddə”, s.460)

 

İmamalmahdi.org saytının ərəb bölməsinə istinadən

Leave a Comment