Bismillahir rəhmanir rəhim
İmam Məhdi (ə.f)-in mübarək vücudundan faydalana bilməyimiz üçün dörd müqəddimənin var olması gərəkdir. Bunlar aşağıdakılardır:
Birinci müqəddimə: Özümüzdəki nöqsana, zəifliyə və ehtiyaca diqqət yetirmək. Bu müqəddiməni bir qədər izah edək, çünki çox mühümdür. Fərz edək ki, bir nəfər bədənində sağalmaz bir xəstəlikdən əziyyət çəkir, lakin buna diqqət yetirmir. Görəsən belə bir şəxs dərdinə dəva axtaracaq? Görəsən həkimə müraciət edəcək? Xeyr! Ona görə ki, həmin xəstəlik bu şəxsin bədənində mövcud olsa da onun beynində şüuri şəkildə mövcud deyil. Mövcud olmadığı üçün də onu nə yolla olursa olsun bu xəstəlikdən xilas olmağa vadar etmir.
Əxlaq alimləri deyirlər: İnsanın ən qatı düşməni ehtiyacsızlıq hiss etməkdir. Çünki özünün elmi və ya əxlaqi cəhətdən ehtiyacsız olduğunu düşünən şəxs əxlaqi və elmi təkamülə tərəf hərəkət etmək üçün bir səbəb tapmır.
Özünün heç bir şeydən əziyyət çəkmədiyini, özündə heç bir problem və ehtiyac olmadığını düşünən şəxs də belədir. Belə bir şəxs İmam Məhdi (ə)-ın mübarək vücudundan faydalana bilməz. Belə bir şəxs hərəkət etməyəcək və elə olduğu yerdə də qalacaq. Çünki o öz müşküllərinin həlli üçün İmama (ə) ehtiyacı olduğunu düşünmür və belə etiqad edir ki, ümumiyyətlə onun heç bir problemi yoxdur!
Bizə gəlincə, biz o zaman ehtiyac hiss edirik ki, ya səhrada azırıq, ya dənizdə gəmimiz sınır, ya özümüz, yaxud əziz bir adamımız –Allah eləməsin- sağalmaz xəstəliyə tutulur. Allah dostlarına gəlincə isə onlar daim ehtiyac, yoxsulluq və çarəsizlik hiss edirlər. Buna görədir ki, biz bütün gecəni yatırıq, çünki bizi oyadan bir şey yoxdur, onlar isə “gecənin çox az bir hissəsini yatırlar” (Zariyat surəsi, 17)..
Buna əsasən də gərək çalışıb özümüzdə nöqsan, ehtiyac və yoxsulluq hiss etmək haləti yaradaq. İmam Məhdi (ə)-ın vücudundan kamil şəkildə istifadə etməyin ilk müqəddiməsi budur.
İkinci müqəddimə: Qüvvət, ehtiyacsızlıq və qüdrət mənbəyinə, İmam Məhdi (ə)-a diqqət yetirmək. İmam (ə) adı bir fərd deyil. O elə bir şəxsdir ki, bir baxışı bizim bütün halımızı dəyişə bilər.. Daha əvvəl də dediyimiz kimi, Allahu-təala onu və onun pak ata-babaları (səlavatullahi əleyhim) öz məşiyyətinin məzhəri qərar vermişdir.
Üçüncü müqəddimə: Qabiliyyət ələ gətirməyə səy etmək. Çirkli (günahlara bulaşmış) qəlbin heç bir qabiliyyəti yoxdur. Habelə çirkli gözün, çirkli qulağın, çirkli əlin… Bu yoldakı mərhələrin ilk mərhələsi -ki, çox çətindir, lakin mümkündür- günahlara mürtəkib olmaqdan çəkinməkdir. Qəlb günahlarından, göz günahlarından, qulaq günahlarından, dil günahlarından, əl günahlarından və s. Necə ki radio cihazında bir problem və ya dalğalarında bir kəsilmə olduğu zaman fəzadakı dalğaları qəbul etmək qabiliyyətini itirir, eləcə də qəlbdə bir problem yarandığı zaman ilahi feyzləri qəbul etmək bacarığını itirir. Buna görə də onda qabiliyyət ələ gətirmək üçün ilk öncə onu islah etmək lazımdır.
Əgər siz bizim Əhli-Beyt (ə) yolu ilə addımlayan qədim alimlərimizin tarixinə nəzər salsanız hallarında qəribə bir dəqiqlik, böyük bir vərə və ehtiyat görərsiniz. Böyük mərceyi-təqlid Hacı Mirzə Ağa Hüseyn Qummi (r.ə) barədə nəql edilir ki, hətta uşağını təhdid etmək lazım gəldiyi vaxtda belə ehtiyat edərmiş. Əgər uşağından hansı bir iş sadir olurdusa heç bir vaxt uşağına deməzmiş ki, məsələn, “səni vuracağam” və ya “səni ədəbləndirəcəyəm”. Əvəzində “ehtimal ki, səni vuracağam” və ya “güman ki, səni ədəbləndirəcəyəm” kimi cümlələr işlədərmiş. Bəlkə də qorxurmuş ki, vəd etdiyi şeyi yerinə yetirə bilməyəcəyi təqdirdə yalançı çıxmış olsun. Hərçənd ki, alimlərin fikrinə görə vəidə (mənfi bir iş barədə söz vermək, döymək, əzab vermək, ədəbləndirmək və s. kimi –müt.) vəfa etmək vacib deyil. Lakin , o ehtiyat edir və hətta şübhədən də çəkinərək “ehtimal ki, səni vuracağam və ya ədəbləndirəcəyəm”-deyirmiş. Bəli, onlar özlərindən yanlış iş sadir olmasın deyə bax bu şəkildə ehtiyat edirdilər.
Dördüncü müqəddimə: Təvəssül və israrla istəmək. Gərək biz təvəssül edək və israrla istəyək ki, ilahi inayət halımıza şamil olsun və İmam Məhdi (ə)-ın vücudundan tam şəkildə istifadə edə bilək.
Biz gərək bütün dünvəvi, uxrəvi, fərdi və ictimai işlərimizdə İmam (ə)-a sığınaq. O bizim bütün işlərdə və məsələlərdə sığınma yerimizdir. Necə ki Allahu-təala günəşi insanların maddi həyatlarında onlar üçün işıq və nur mənbəyi qərar vermişdir və kim ondan uzaqlaşarsa işıqdan və nurdan mərhum qalır, eləcə də İmam Məhdi (ə)-ı bizim mənəvi həyatımızda nur və işıq mənbəyi qərar vermişdir. Hər kim ona diqqət etməsə (və ondan uzaqlaşsa) nəsibi xüsran və zərər olacaqdır.
“Dəvrul-İmamil-Məhdi (ə.f) fi hayatina”, Seyyid Muhəmmədrza Şirazi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.