İmam Məhdi (ə) barədə ümumi bilgilər

Bismillahir Rəhmanir Rəhim

 Bil ki, hazırkı dövrdə İmam Məhdi (ə)-ın sifət və xüsusiyyətlərini tanımaq -əqli və nəqli dəlillərə əsasən- vacib olan məsələlərdəndir. Bu kiçik yazıda bütün bu xüsusiyyət və özəllikləri qeyd etmək mümkün deyil. Bu səbəbdən də biz ixtisara riayət edərək belə xüsusiyyətlərdən yalnızca iyirmisini burada qeyd edirik. Qeyd ediləcək məsələlər “Kafi”, “Kəmalud-din”, “Biharul-Ənvar”, “Nəcmus-Saqib” kimi mötəbər kitablardan əxz edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:

1-İmam Məhdi (ə)-ın xürucu və cihada başlaması müqəddəs Məkkə şəhərindən olacaq. Bu zühur xəbəri tez bir zamanda yayılacaq və hər bir kəs ondan xəbərdar olacaq.

2-O həzrətin (ə) zühuruna yaxın bir zamanda səmadan olan bir carçı həzrətin özünün, atasının və Seyyidüş-Şühəda (ə)-a qədər olan babalarının mübarək adlarını çəkərək nida edəcək və bu səsi hər bir kəs öz dilində eşidə biləcək. Bu səsin gücündən və şiddətindən hər bir yatan oyanacaq, bütün ayaq üstə duranlar oturacaq və bütün oturanlar ayağa qalxacaq. Bu səs, Cəbrail (ə)-ın səsidir.

3-O həzrət (ə) haraya gedərsə, ağ bir bulud onun üzərinə kölgə salacaq. O buluddan bir səs eşidələcək ki, deyəcək: “Bu Allahın xəlifəsi olan Məhdidir, ona tabe olun!”. Bu hədisi, həmçinin, Əhli-sünnə alimləri də qeyd etmişlər.

4-İnsanlar Onun mübarək camalının aləmi dolduran nuru səbəbilə günəşin və ayın nurundan ehtiyacsız olacaqlar.

5-Onun yanında həzrəti Musa (ə)-ın daşı olacaq. Bir vaxtlar həzrəti Musa (ə) əsası ilə o daşa vurmuş və ondan on iki çeşmə qaynamışdı.

O həzrət (ə.f) öz əshabı ilə birlikdə Məkkədən çıxmaq istəyərkən carçısı (əshaba) səslənib deyər: “Bilin və agah olun, heç kəs özü ilə nə yemək, nə su, nə də (başqa) bir azuqə götürməsin”. Həzrəti İmam (ə) o daşı dəvəyə yükləyər və hansı bir mənzildə düşərlərsə o daşı ortaya qoyar. Bundan sonra daşdan çeşmələr qaynayar. Kim ac olarsa, doyar, kim susuz olarsa sirab olar. Onlar öz heyvanlarını da onunla suvarıb yemləyərlər.

6-O həzrət (ə) özü ilə birgə həzrəti Musanın (ə) əsasını gətirər. Onunla düşmənləri qorxudar və ordularını məğlub edər. Musa (ə)-ın o əsa ilə etdiyi bütün işləri həzrəti Məhdi (ə) da edər.

7-İmamın (ə) Məkkədə zühur etdiyi gecənin səhərində, dünyanın hansı məntəqəsində yaşamasından asılı olmayaraq hər bir mömin bəndə ayılıb başı altında bir varaq olduğunu görər. O varaqda yazılacaq: “Yaxşı şəkildə itaət (et)”.

8-Yer üzünün ucqar yerlərində yaşayan möminlər belə onu sanki yanlarındaymış kimi görə biləcəklər.

9-O həzrətin (ə) zühuru ilə hər növ illət və xəstəlik mömin və möminələrin üzərindən qalxar. Dünyada xəstə olan bir mömin belə qalmaz.

10-Onun (ə) dövründə fəqir möminlər zəngin olarlar. Yer üzündə fəqir bir kəs qalmaz və şiələrin bütün borcları ödənər.

11-Bütün mömin və möminələr öz dini hökmlərindən agah olarlar, bu barədə heç kimsə başqa bir kəsə möhtac olmaz.

12-Ömürlər uzanar.

13-Yollarda və şəhərlərdə əmniyyət bərqərar olar.

14-Şiə və sünni təriqətindən nəql edilən rəvayətlərə əsasən, o həzrətin (ə) dövründə yer üzündə ədalət bərpa olunar, heç kəs heç kəsə zülm etməz.

15-O həzrət (ə) batin elmi ilə hökm verər. Bütün münafiq və kafirləri öldürər, hətta yalandan özlərini onun əshabı kimi göstərsələr belə.  Həzrəti İmam  (ə) İslam dinini bütün yer üzünə yayar və bundan sonra heç bir kəsdən cizyə qəbul etməz. Zəkatın verilməsinə mane olan şəxsi öldürər.

16-Həzrəti İmam (ə) bütün hökümdar və başçılara qalib gələr. Beləcə dövləti genişlənər və bütün dünyanı əhatə edər.

17-Heyvanlar -hətta vəhşi olanları belə- öz aralarında mülayim davranarlar.

18-Əgər müşrik və ya kafir bir daşın içərisində gizlənmiş olsa, həmin daş səslənib deyər: “Ey mömin, mənim daxilimdə bir kafir (və ya) müşrik vardır, öldür onu!” Bundan sonra mömin onu öldürər.

19-Hədislərə əsasən, Həzrətin (ə.f) zühurunun başlanğıcında Süfyaninin ordusu Beyda adlanan bir çöldə yerə batar.

20-Həzrəti Məhdi (ə)-ın zühuru və hakimiyyət dövründə bir çox şəxslər rəcət ilə dirilərlər.

 

 

Seyyid Muhəmmədtəqi Musəvi, “Vəzifətul-ənam”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment