İmam Məhdi (ə) atası İmam Həsən Əskəri(ə)-a cənazə namazı qılması

Bismillahir Rəhmanir Rəhim

İmamət vəzifəsini öz üzərinə aldıqdan çox qısa bir müddət sonra həzrət Məhdi (ə)-ın gördüyü ən mühüm işlərdən birisi atası İmam Həsən Əskəri (ə)-ın cənazə namazını qılması idi.

Həzrəti Məhdi (ə) atasının (ə) pak cəsədinə öz evindəcə və pak cəsəd hələ Abbasi hakimiyyətinin təşkil etdiyi rəsmi cənazə namazı üçün evdən çıxarılmadığı zaman cənazə namazı qıldı. Bəli, o zaman həzrət İmam Həsən Əskəri (ə)-a iki cənazə namazı qılındı. Birinci namaz öz övladı və canişini həzrəti İmam Məhdi (ə)-ın imaməti və seçkin səhabələr və ailə üzvlərinin iştirakı ilə həzrətin öz evində qılındı. Digər rəsmi namazda isə Abbasi dövlət adamları, şəhərin tanınmış şəxsləri və ümumi camaat iştirak edirdi (ətraflı məlumat üçün bax: “Biharul-Ənvar”: 50/328)

Həzrət Məhdi (ə)-ın bu namazı qılması o həzrətin (ə) imamətinin isbatı üçün mühüm bir addım idi. Baxmayaraq ki, bu namazın xəbəri yayılacağı təqdirdə o həzrəti (ə) təhlükələr gözləyəcəkdi.

Şeyx Tusi (r.ə) öz sənədi ilə Əhməd ibn Abdullah Haşimidən belə dediyini nəql edir: “Əba Muhəmməd Həsən ibn Əli (ə) vəfat etdiyi və cənazəsi çıxarılıb (namaz qılınmaq) üçün qoyulduğu gün Samirra şəhərinə o həzrətin evinə getdim. Biz otuz doqquz nəfər idik və oturub gözləyirdik. Nəhayət təqribən on yaşlarında olan bir oğlan uşağı göründü [1]. Əynində üzərini örtən bir rida (üst geyimi) var idi. Elə ki, otağa daxil oldu, onu tanımadığımıza baxmayaraq, heybətindən ayağa qalxdıq. Qarşıya gəlib camaatın önünə keçdi və camaat da onun arxasında cərgəyə düzüldü. Beləcə atasına namaz qıldı və sonra gedib başqa bir otağa daxil oldu ki, gələrkən oradan gəlməmişdi”. (“əl-Ğeybə”: səh.155)

Şeyx Səduq (r.ə) eyni hadisəni daha təfsilatlı şəkildə Əbül-Ədyan Əl-Bəsridən – İmam Həsən Əskəri (ə)-ın ən güvənilir adamlarından birindən nəql edərək deyir: Əbül-Ədyan dedi: “Mən Həsən ibn Əli əl-Əskəri (əleyhis-səlam)-a xidmət edir və o həzrətin məktublarını (lazım olan) şəhərlərə aparırdım. O həzrətin vəfat etdiyi xəstəliyi zamanı onun yanına getdim. Həzrət (ə) mənə bir neçə məktub verib dedi: “Bunları Mədainə apar. Sən on dörd gün görünməyəcəksən (səfərin on dörd gün çəkəcək). Sonra on beşinci gün Samirraya daxil olacaqsan və mənim evimdən nalə və oxşama səsləri eşidəcəksən. Sən gələn zaman mən qüsl verilmiş olacağam.”

Əbul Ədyan deyir, dedim: “Ey Ağam, belə olacağı təqdirdə imam kimdir?” Buyurdu: “Kim səndən məktublarımın cavabını istəsə, məndən sonra yerimə keçən şəxs odur”. Dedim: “Bir az da məlumat verin”. Buyurdu: “Kim kisənin içərisində olanları sənə desə, məndən sonra yerimə keçən şəxs bax odur”. Bundan sonra həzrətin heybəti mənə mane oldu ki, kisənin içərisində nə olacağını ondan soruşum. Beləcə məktubları Mədainə aparıb cavabları aldım və həzrətin (ə) mənə dediyi kimi on beşinci gün Surrəmənrəa şəhərinə daxil oldum. Bu zaman onun evində oxşama səsləri gəlirdi və həzrətə (ə) qüsl verilmişdi. Qardaşı, Əli (əl-Hadi) (ə)-ın oğlu Cəfəri əl-Kəzzab evin qapısında dayanmışdı. Şiələr də onun ətrafına yığışıb ona başsağlığı verirdilər. Öz-özümə dedim: “Əgər bu imam olsa, onda imamət batil oldu!” Çünki mən onu nəbiz (xurma şərabı) içən, qumar oynayan və tənbur çalan kimi tanıyırdım. Qarşıya gedib baş sağlığı və təskinlik verdim. Amma məndən heç bir şey soruşmadı. Bundan sonra xidmətçi Əqid gəlib dedi: “Ağam, qardaşınızı kəfənlədilər. Gəlin ona namaz qılın.”

Cəfər ibn Əli və ətrafındakı şiələr içəri daxil oldular… Elə ki, evə daxil olduq, Həsən ibn Əlinin (ə) nəşini kəfənlənmiş halda gördük. Cəfər ibn Əli qardaşına namaz qılmaq üçün irəli çıxdı. Elə ki, onlar təkbir demək istəyirdilər, əsmər üzlü, saçı birqədər qıvrım və dişləri azacıq aralı olan bir oğlan uşağı gəlib Cəfər ibn Əlinin əbasından çəkərək dedi: “Dayan ey əmi, mən atama namaz qılmağa daha layiqəm!” Cəfər dayandı. Əsəbindən rəngi saralmışdı. Bundan sonra o uşaq irəli çıxıb namaz qıldı və Həsən ibn Əlini öz atasının (ə) yanında dəfn etdilər. Sonra o uşaq dedi: “Ey Bəsri, yanındakı məktubların cavablarını bura gətir”. Məktubları ona verib öz-özlüyümdə dedim: “Bu açıq-aşkar dəlildir. Qaldı kisə”. Sonra Cəfər ibn Əlinin yanına getdim. Bu vaxt Cəfər ağır-ağır nəfəs alırdı. Haciz əl-Vəşşa ona dedi: “Bu uşaq kimdir?” Cəfər dedi: “And olsun Allaha ki, heç vaxt onu görməmişəm və onu tanımıram.”

Biz beləcə oturmuşduq ki, birdən Qumdan bir dəstə adam gəlib Həsən ibn Əli (ə) soruşdular. Onlara həzrətin vəfat etdiyini bildirdilər. Onlar dedilər: “Elədirsə, kimə başsağlığı verək?” Camaat Cəfər ibn Əlini göstərdilər. Onlar da gedib Cəfərə salam verdilər və başsağlığı ərz edib təskinlik dilədilər. Sonra dedilər: “Bizim yanımızda bir neçə məktub və bir qədər də pul var. Deyə bilərsiniz məktublar kimdəndir və pullar nə qədərdir?” Cəfər üst-başını çırpa-çırpa qalxıb dedi: “Bizdən istəyirsiniz ki, qeybi bilək?!”

Bu zaman xidmətçi gəlib dedi: “Sizin yanınızda filan filan şəxslərin məktubları və içərisində min dinar və on dirhəm olan bir kisə vardır…”. Onlar məktubları və pulları xidmətçiyə verib dedilər: “Bunları almaq üçün səni göndərən şəxs imamdır”.

Cəfər ibn Əli[2] Mötəmidin yanına gedib baş verənləri ona danışdı. Bunu eşidən Mötəmid (l.ə) öz xidmətçilərini göndərib Səqil (Nərcis) xanımı (s.ə) tutdurdu. Ondan uşağın yerini soruşdular, lakin o (s.ə) bunu inkar etdi. Uşağın vəziyyətini gizləməkdən ötrü hamilə olduğunu dedi. Onu qazi İbn Əbi Şəvaribə tapşırdılar. Lakin Adullah ibn Xaqanın ölümü və gözlənilmədən Bəsrədə Sahib-Zəncin üsyan qaldırması onların başını qatdı və beləcə xanım onların əllərindən xilas oldu. Həmd olsun aləmlərin Rəbbinə!” (Kəmalud-din: 475-476)

  

“Əlamul-hidayət”, Beynəlxalq Əhli-Beyt (ə) mərkəzi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

 


[1] Ayətullah Seyyid Muhəmmədsadiq Sədr (r.ə) bu barədə deyir:
Məsələyə iki cəhətdən aydınlıq gətirə bilərik:
a-Gigiyenik qaydalara riayət edərək tez inkişaf etdikləri üçün bəzi adamların yaşlarını təyin etmək mümkün olmur. Onlar olduqlarından bir neçə yaş böyük və ya balaca görünürlər;
b-Bəzi hədislərimizdə məsum imamların (ə) adi insanlardan daha tez inkişaf etdiklərinin şahidi olmuşuq. O cümlədən İmam Əsgəriyə (ə) istinad edilən bir hədisdə deyilir: “Peyğəmbər və vəsilərin övladları imam olacaqları təqdirdə digərlərindən fərqli inkişaf edirlər. Belə ki, bizim övladımız bir aylıq olmasına baxmayaraq bir yaşlı uşaq kimi görünür”.
Bəlkə də İmamın (ə) bu açıqlamasının əsasında həmin gigiyenik qaydalara riayət məsələsi durur. (Qısamüddətli qeyb tarixi; s.132, Azərbaycan dilinə tərcümə)

[2] “Cəfəri ibni Əli daha sonralar tövbə etmişdir və bu barədə İmam Məhdi (ə)-dan sadir olmuş məktubların birində məlumat verilir”.

 

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment