Bismillahir rəhmanir rəhim
Şeyx Tusi “əl-Ğeybə” kitabında Cabir ibn Abdullahdan belə nəql edir: “Əbu Cəfər Baqir (ə) buyurdu: Sizlərdən hər kim bizim Qaimimizin (ə) zamanında yaşasa, onu gördüyü zaman belə desin: Əs-səlamu əleykum ya Əhlə-Beytin-nubuvvə və məvziər-risalə! (Salam olsun sizə, ey nübuvvət evinin sakinləri və risalət mənbələri!)” (həmç.: Biharul-Ənvar: 52/331, hədis 55)
Şeyx Səduq belə deyir: “Rəvayət edilmişdir ki, Qaim (ə)-a salam verməyin şəkli belədir: Əs-səlamu əleykə ya Bəqiyyətallahi fi ərzih! (Salam olsun sənə, ey Allahın yer üzərində saxladığı şəxs)”. (Muntəxəbul-Əsər: 517/2)
Digər bir hədisdə isə İmam Baqir (ə)-ın belə buyurduğu nəql edilir: “Toxum ən yaxşı şəkildə bitdiyi kimi, izzət və cəlal sahibi olan Allahın kitabına və Onun Peyğəmbərinin (s) sünnəsinə olan elm də bizim Məhdimizin (ə) qəlbində bitəcək (mövcud olacaq). Sizlərdən hər kəs onu görənədək yaşayarsa, onu gördüyü zaman belə desin: Əs-səlamu əleykum, ya Əhlə-Beytir-rəhməti vən-nubuvvə, və mə`dinəl-ilmi, və məvzuər-risalə. Əs-səlamu əleykə, ya Bəqiyyətallahi fi ərzih. (Salam olsun sizə, ey rəhmət və nübuvvət evinin Əhli, salam olsun sizə, ey elm mədənləri, ey risalət ocaqları. Salam olsun sənə, ey Allahın yer üzərində saxladığı şəxs)”. (Biharul-Ənvar: 52/317, hədis 16)
İmran ibn Dahirdən belə nəql edilir: “Bir nəfər Cəfər ibn Muhəmməd (ə)-a dedi: Qaim (ə)-a salam verərkən “əmirəl-möminin” deyək?
Buyurdu: Xeyr, bu elə bir addır ki, Allah onu (yalnız) Əmirəl-möminin (Əli) (ə)-a məxsus etmişdir. (Əli ibn Əbu Talibdən (ə)) öncə və sonra bu adla yalnız kafir adlandırılar.
O şəxs dedi: Bəs ona necə salam verək? İmam (ə) buyurdu: Belə deyərsən: Əs-səlamu əleykə, ya Bəqiyyətallah. Sonra İmam Cəfər (ə) bu ayəni oxudu: “Bəqiyyətullahi xəyrun ləkum in kuntum muminin” (Əgər möminsinizsə (bilməlisiniz ki), Allahın yer üzərində saxladığı sizin üçün daha xeyirlidir)”. (Biharul-Ənvar: 52/373, hədis 165)
Hüseyn əş-Şakiri, “əl-Məhdiyyul-Müntəzər”, II cild
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.