Bismilləhir-rahmənir-rahim
“Fərəc nə vaxtdır?” və ya “Ey Allah Rəsulunun övladı, Məhdi sənsənmi? Qaim sənsənmi?” – kimi suallar Əhli-Beyt (ə) imamlarına tez-tez ünvanlanırdı. İmam Kazim (ə) da belə suallara məruz qalmışdı. O Həzrət (ə) həm Məhdi olmasını inkar edir, həm də zühur üçün vaxt təyin etməyi inkar edirdi. Əli ibn Yəqtindən nəql edilən rəvayətdə – bu rəvayət mühüm rəvayətdir, burada vaxt təyin etməməyin hikməti açıqlanmışdır – Əli ibn Yəqtinin belə dediyi nəql edilir:
(Əlbəttə, İmamların (ə) zühur üçün vaxt təyin etməmələrinin yeganə səbəbinin bu rəvayətdə bildirilən səbəblər olduğunu iddia edə bilmərik, burada başqa səbəblərində də var olduğu nəzərdən qaçmamalıdır (müt.).)
“Əbul-Həsən (İmam Kazim) (ə) mənə dedi: “Şiələr 200 ildir arzular və ümidlərlə tərbiyə edilirlər.”[1] Ravi deyir: (Əli ibn Yəqtin bu sözü nəql etdikdən sonra) Yəqtin öz oğlu Əli ibn Yəqtinə dedi: “Görəsən nə üçün bizə deyildi, sonra baş verdi. Lakin sizə deyildi, amma baş vermədi (Bəni-Abbasın işini nəzərdə tuturdu)?[2]
Əli ona dedi: “Sizə də, bizə də deyilən bir məxrəcdən deyilib. Lakin sizə deyilənin vaxtı çatdı və baş verdi; sizə necə deyilmişdisə elə də oldu. Bizim işimizin isə vaxtı çatmayıb. Buna görə də ümid və arzulardan yapışmışıq. Əgər bizə deyilsəydi ki, “bu iş yalnız iki yüz il və (ya) üç yüz il bundan sonra baş verəcək” o zaman qəlblər qəsavət bağlayar, camaatın çoxu İslamdan dönərdilər[3]. Lakin insanların qəlblərini birləşdirmək və fərəcin yaxın olduğunu bildirməkdən ötrü məsumlar (ə) “nə tez baş verəcək”, “nə yaxındır o”, – demişlər.” (“əl-Kafi”: c.1, səh.369, hədis 6).
Həmçinin, İmam Kazim (ə) məhdəviyyət əqidəsinin əsas sütununun fərəcin intizarında olmaq və zühurun baş verməsində tələskənlik etməmək olduğunu bildirərək demişdir: “…Mərifətdən sonra ən üstün ibadət fərəcin intizarında olmaqdır”. (“Tuhəful-uqul”: səh.403).
“əl-Əqidətul-məhdəviyyə fi asril-İmam əl-Kazim (ə)”, Seyyid Muhəmməd əl-Qubançi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
______________________________________________________________________________________
[1] Yəni, onlara “fərəc tezliklə baş verəcək, yaxınlarda baş verəcək” -kimi sözlər deməklə ümid verilir və beləcə onlar səbrlə gözləyir, fərəcin intizarını çəkirlər. Əgər bunun əksi olsaydı, o zaman (hədisin ardında da deyiləcəyi kimi) insanların qəlbləri qəsavət bağlayar, o müddətin gəlib çatmasınadək səbr edə bilməzdilər. Lakin bu məqamda elə zənn edilməməlidir ki, insanlara bu cür vəd verilməsi onları aldatmaq sayılır. Çünki bu növ ifadələrin bir bənzəri də Qurani-Kərimdə gəlmişdir: “Qiyamət çox yaxınlaşdı və ay parçalandı” (Qəmər surəsi, 1). Halbuki, ayə 1400 il bundan öncə nazil olmuşdur. Lakin Allahu-təala bu zaman üçün “Qiyamət çox yaxınlaşdı” təbiri işlədir. Deməli, əgər qiyamət barəsində baş verməsindən ən azı 1400 il öncə “çox yaxınlaşdı” deyilə bilirsə, fərəc üçün də eyni şey deyilə bilər. Belə olunca heç kimin məsələ qarşısında irad tutmağa haqqı qalmır. Fərəc doğurdan da yaxındır. “Onlar onu uzaq görürlər. Biz isə onu yaxın görürük” (Məaric surəsi, 6-7). (“Qeybəti-Numani” kitabının azərbaycan dilinə tərcüməsi, bab: 16, hədis 14. 14-cü hədisin haşiyəsindəki izah).
[2] Yəni, bizə Bəni-Abbasın hakimiyyətinin qurulacağını dedilər və bu baş verdi. Sizə isə onların hakimiyyətin aradan gedəcəyini (və ya fərəcin və zühurun baş verəcəyini) dedilər, lakin bu hələ də baş verməmişdir. Qeyd edək ki, Yəqtin Abbasilərin tərəfdarlarından idi. Onun oğlu Əli ibn Yəqtin (r) isə Musa ibn Cəfər (ə)-ın şiələrindən idi. (“Qeybəti-Numani” kitabının azərbaycan dilinə tərcüməsi, bab: 16, hədis 14. 14-cü hədisin haşiyəsində ki izah).
[3] “Qeybəti-Numani”də: “Camaatın çoxu imandan çıxıb İslama daxil olardı.” (Müt.).