İmam Kazım (ə)-ın məhdəviyyət iddiaçıları ilə mübarizəsi

Bismilləhir-rahmənir-rahim

İmam Museyi-Kazım (ə)-ın zamanında məhdəviyyat iddiası edən sapqın cərəyanları üç qurupa bölə bilərik. Bu üç cərəyan çox yayılma və ya az yayılma baxımından, habelə şübhələrinin dərinliyi və ya səthiliyi baxımından bir-birlərindən fərqlənirlər. İmam Kazım (ə) bunların hamısı ilə mübarizə aparmışdır, onların batilliklərini və zəlalətlərini ortaya qoymuşdur. Onların bəzisi məhv olub aradan getsə də bəzisi bu günümüzə qədər öz mövcudluğunu qorumaqdadır (İsmailiyyə firqəsi kimi (müt.)). Bu firqələr barədə yığcam məlumat verək (biz bu məlumatı bir qədər də yığcamlaşdıraraq təqdim edirik (müt.)):
1) Navusiyyə firqəsi:

Bu firqə İmam Cəfər Sadiq (ə)-ın məhdəviyyətinə, o həzrətin Məhdi oduğuna etiqad edirdi. Novbəxti “Firəquş-şiə” kitabında demişdir:

“(Azğın firqələrdən) biri “Cəfər ibn Muhəmməd sağdır, ölməmişdir və zühur edib hakimiyyətə gəlməyincə də ölməyəcək! Məhdi odur”, – dedi… Bu firqə “navusiyyə” adlanır. Onlar özlərinin Navus adlı bəsrəli rəhbərlərinə görə belə adlanmışlar.” (“Firəquş-şiə”: 67)

Şəhristani “əl-Miləl vən-nihəl”də demişdir:

“Navusiyyələr Navus adlı bir şəxsin ardıcıllarıdırlar. Həmçinin demişlər ki, onlar Navusa kəndinə mənsub olduqlarına görə belə adlanmışlar. Bu firqə demişdir ki, Sadiq hələ də diridir. O ölməyəcək, ta ki zühur edib hakimiyyətə gələcək. Qaim Məhdi odur. Onlar (İmam Sadiq (ə)-dan) (güya) belə dediyini nəql etmişlər: “Əgər başımın dağdan sizə tərəf diyirləndiyini görsəniz belə, inanmayın! Mən sizin sahibinizəm. Mən qılıncın sahibiyəm”.” (“əl-Miləl vən-nihəl”: c.1, səh.166-167).

2)İsmayiliyyə firqəsi:

Bu firqə İmam Cəfər Sadiq (ə)-ın oğlu İsmayılın imamətini iddia etmiş, onun ölmədiyini, qeybə çəkildiyini demişdir. Hərçənd ki, onlar İsmayılın ölümünü öz gözləri ilə görmüş, İmam Sadiq (ə)-dan onun ölümü ilə bağlı  ilə bağlı dəfələrlə xəbərlər və açıqlamalar almışdılar. Novbəxti demişdir:

“Bir firqə Cəfər ibn Muhəmməddən sonra onun oğlu İsmayıl ibn Cəfərin imam olduğunu iddia etmişdir. Onlar İsmayılın öz atasının sağlığında ikən vəfat etməsini inkar etmiş və demişlər: “Onun atası bunu camaatı çaşdırmaqdan ötrü etmişdir. Çünki o (oğluna görə) qorxurdu, buna görə də onu camaatdan gizlətdi.” Onlar İsmayılın ölməyəcəyini, nəhayət (zühur edib) yer üzünə sahib olacağını və camaata rəhbərlik edəcəyini iddia etmişlər. Onların onun Qaim olduğunu iddia etmişlər…” (“Firəquş-şiə”: səh.67-68).

3)Vaqifiyyə firqəsi:

Bu firqə İmam Museyi-Kazım (ə)-ın imamətində dayanmış, İmam Əli ibn Musa ər-Riza (ə)-ın imamətini təsdiq və iqrar etməmişlər. Onlar İmam Kazım (ə)-ın qeybə çəkildiyini, ölməyib sağ olduğunu iddia etmişlər. Novbəxti “Firəquş-şiə” kitabında demişdir:

“İkinci firqə (yəni, vaqifiyyə firqəsi) dedi ki, Musa ibn Cəfər ölməyib, sağdır. O, yer üzünün şərqinə və qərbinə hakim olmayınca, bütün yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldurmayınca ölməyəcək. O, Qaim Məhdidir…”. (“Firəquş-şiə”: səh.67-68).

İmam Kazım (ə) məhdəviyyət iddiasında olan bütün bu firqələrlə, eləcə də imamət sahəsində ortaya çıxan (Fəthiyyə kimi) digər firqələrlə mübarizə aparmış, onların batilliyini və qondarmalıqlarını bəyan etmişdir. O Həzrət (ə) bu işi bir necə addımda aparmışdır. Bu firqələrin bəzisi ilə – məsələn, İsmailiyyə kimi – mübarizə sahəsində o həzrətin atası İmam Sadiq (ə)-ın ona yardımı olmuşdur. Belə ki, İmam Sadiq (ə) şəkk edənlərin və fitnə çıxaranların bəhanələrini kəsməkdən ötrü öz oğlu İsmayılın vəfatını camaata göstərmiş, onun cənazəsini bir neçə dəfə camaat qarşısında qoymuş, onu dəfn etdikdən sonra da dəfələrlə onun ölümünə təkid etmişdir. Necə ki, bir çox hədislərdə qeyd olunmuşdur. Bununla yanaşı İmam Sadiq (ə) öz oğlu İmam Kazım (ə)-ın özündən sonrakı imam və xəlifə olduğunu onlarla yerdə və məqamda bəyan etmişdir. Şeyx Təbərsinin (r) “İ`lamul-vəra” kitabında da bildirdiyi kimi, İmam Kazım (ə)-ın İmam Sadiq (ə)-dan sonrakı imam olduğunu o Həzrətin pak ata-babalarından nəss ilə nəql edən şəxslərin sayı-hesabı yoxdur. Onların sayı o qədərdir ki, hamısının yalan üzərə cəm olmaları qeyri-mümkündür. (Başqa sözlə bu məsələ mütəvatir və ya müstəfiz həddədir (müt.).). (“İ`lamul-vəra”: c.2, səh.9). Bunun özünün İmam Kazim (ə)-ın bu cərəyanlarla mübarizəsində xüsusi rolu olmuşdur.

Qeyd etdiyimiz kimi İmam Kazım (ə) məhdəviyyət iddiası edən bu firqələrlə bir neçə şəkildə mübarizə aparmışdır. Bu mübarizə üsullarını qısa şəkildə aşağıdakı kimi təqdim edə bilərik:

1-Oğlu İmam Əl ibn Musa ər-Riza (ə)-ın imamətini bildirməsi:

Belə ki, o Həzrət (ə) dəfələrlə oğlu İmam Rza (ə)-ın imamətinə işarət etmişdir. Bu mövzuda o Həzrətdən bizə 34 rəvayət gəlib çatmışdır. (Bu, onun ölmədiyini, sağ olduğunu və Məhdi olduğunu iddia edən vaqifiyyə firqəsi kimi firqələrin iddialarını batil edirdi (müt.).)

2-Özünün nə vaxt, harada və necə vəfat edəcəyini bildirməsi:

O Həzrət (ə) müxtəlif yerlərdə müxtəlif şəxslərə öz ölümü barədə xəbər vermişdi. Bu, onun ölümü ilə bağlı bütün şəkk və şübhələri aradan qaldırmış, onun həyatı ilə bağlı şübhə ortaya atmağa çalışan və fitnə çıxarmaq istəyən şəxslərin qarşısını almışdı. (Bu barədə möhtərəm müəllif bir sıra rəvayətlər qeyd etsə də ixtisara riayət edərək nəql etmirik (müt.).). Bununla o Həzrətin ölmədiyini iddia edən, onun Məhdi  olduğunu deyən şəxslərin qarşısında bütün yollar bağlanmış olurdu.

3-Özünün Məhdi olmasını birbaşa inkar etməsi:

Beləki o Həzrət (ə) ümmətin Məhdisinin (ə) özündən bir necə il sonra gələcəyini açıqca bildirmişdir. Məsələn, bir rəvayətdə buyurmuşdur:

“Məlum olsun, onlar mənim ölümümdən sonra fitnəyə düşəcəklər və “Qaim odur” – deyəcəklər. (Lakin bilin) Qaim məndən bir neçə il sonra gələcək”. (“İxtiyaru-mərifətir-rical”: c.2, səh.760, hədis 870).

Həmçinin buyurmuşdur: “Mən də haqqı icra edən şəxsəm (“qaim bil-haqq”am), lakin, yer üzünü Allahın düşmənlərindən təmizləyəcək və onu haqsızlıq və zülmlə dolduğu kimi ədalətlə dolduracaq Qaim mənim nəslimdən olan beşinci şəxsdir. Onun uzun bir qeyb dövrü olacaq. O, can qorxusuna görə (qeybdə olacaq). Bu qeybət zamanı bəzi dəstələr mürtədd olacaq, bəziləri də sabitqədəm qalacaqlar…”. (“Kəmalud-din”: səh.361, bab 34, hədis 5).

“əl-Əqidətul-məhdəviyyə fi asril-İmam əl-Kazim (ə)”, Seyyid Muhəmməd əl-Qubançi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment