Körfəz müharibəsində İraqın məğlubiyyətindən sonra xalqın və ordunun Səddam Hüseynə inamı xeyli azaldı. Ölkə ərazisində bir neçə bölgədə qiyam qaldırmaq cəhdləri oldu. Belə qiyamlardan birinin mərkəzi müqəddəs Kərbəla şəhəri idi.
İraq şiələri onlara qarşı hökumətin mütəmadi olaraq törətdiyi vəhşi cinayətlərdən cana doymuşdular. Müharibədəki məğlubiyyətdən sonta yaranmış gərgin siyasi-iqtisadi vəziyyət dövlət çevrilişi etməyə və şiə soyqırımına son qoymağa ümid yaratmışdı.
1991-ci ilin martında Kərbəlada Səddam rejiminə qarşı qiyam başladı. Qısa müddət ərzində şəhər hökumət qüvvələrindən təmizləndi. Hamı ümid edirdi ki, hökumət həm müharibədə zəiflədiyinə görə, həm də koalisiya qüvvələrinin nəzarəti altında olan aviasiyadan istifadə etmək imkanından məhrum olduğuna görə qiyamı yatıra bilməz. Lakin Səddam Hüseyn özünəməxsus qəddarlıqla bu hərəkatı da qan içində boğmağa nail oldu. Artilleriya atəşinə tutulan şəhər böyük tələfatlar verdi. Hərbi qüvvələr Kərbəla əhalisinin müqavimətini qıraraq şəhərə soxuldu. Kərbəlada 15 yaşından yuxarı kişi əhalinin demək olar ki hamısı ya öldürüldü, ya da təcrid zonalarına göndərildi. Hərəmin yaxınlığında yerləşən xəstəxana, müalicə olunan yüzlərlə yaralı ilə birlikdə buldozerlərin vasitəsilə yerlə yeksan edildi. İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) mübarək hərəmlərinə sığınan dinc əhali amansızlıqla güllə-baran olundu.
Hərbi əməliyyatlara Səddam Hüseynin kürəkəni Hüseyn Kamil Məcid rəhbərlik edirdi. O, mindiyi tankı düz İmam Hüseyn (ə) məscidinin qarşısına sürdürdü. Tankın lüləsini hərəmə sarı tuşladı. Sonra tankın rezervuarından başını çıxarıb üzünü İmam Hüseynin (ə) hərəminə tutdu və bağırdı: “Sən də Hüseynsən, mən də Hüseynəm. İndi görək, hansı birimiz daha güclüdür”. Bunu deyib hərəmə sarı atəş əmri verdi…
Bu hadisənin üstündən üç il ötüb-keçdi. 1994-cü ildə Hüseyn Kamil Məcid yenə Kərbəlaya gəldi. Amma bu dəfə tankın içində İmam Hüseynin (ə) hərəmini uçurmaq, şiələri qırmaq üçün gəlməmişdi. Bu dəfə onu, beynində yaranmış xərçəng şişindən sağalmaq ümidi ilə ambulans avtomobilində İmamın hərəminə gətirmişdilər. Hüseyn Kamil Məcid İordaniyada beyin xərçəngi əməliyyatı keçirmiş, ölkəyə qayıdandan sonra isə həyasızcasına İmam Hüseynin (ə) hərəminə “təşəkkür” üçün gəlmişdi…
O elə bilirdi ki, müqəddəs hərəmi təhqir etməsinə görə ona heç bir cəza verilməyəcək. Özlüyündə hətta ağır xəstəlikdən şəfa tapdığına görə sevinirdi. Amma heç kimin ağlına da gəlməzdi ki, İmam Hüseynin (ə) intiqamı onu nə zaman və harada haqlayacaq.
Daha bir il də ötüb-keçdi. 1995-ci ildə Hüseyn Kamil Məcid gözlənilmədən öz qardaşı (Səddamın o biri kürəkəni) ilə birlikdə İraqdan qaçıb İordaniya ərazisinə keçdi. Dünənə kimi Səddamın ən yaxın köməkçisi, vuran qolu olan iki qardaş indi İraq hökumətinin əleyhinə bəyanatlar verir, hərbi sirləri yayırdılar. Deyilənlərə görə, onların qaçış səbəbi küllı miqdarda pulu mənimsəmələri olmuşdu. Heç bir ölkə onlara sığınacaq vermədi. Bir müddətdən sonra Səddam öz kürəkənlərini bağışladığını elan edib onları İraqa qayıtmağa dəvət etdi. Yenə heç kimin gözləmədiyi halda, Hüseyn Kamil Məcid və qardaşı bu vədəyə inanıb geri döndülər. Və cəmi bir neçə gündən sonra hər ikisinin ölüm xəbəri dünyaya yayıldı. 1991-ci ildə Kərbəlada törətdiyi qırğına görə Səddam Hüseyndən mükafatlar alan insan düz 5 ildən sonra (1996-cı ilin fevralında) onun gizli əmri ilə qətlə yetirildi. Beləliklə, İmam Hüseynin (ə) intiqamı həyata keçdi
Natiq Rəhimov – İlahiyyatçı, araşdırmaçı.