İmam Hüseyn (ə) üçün qan ağlayan şəxs

Bismillahir rəhmanir rəhim

 

Zəmanə İmamı (ə.f) babası Hüseyn (ə)-a xitab edərək deyir: “Səhər-axşam sənin üçün nalə edib ağlaram[1]. Hədisdə “nədəbə”- “nudbə” sözü işlənmişdir ki, ah-nalə ilə birgə ağlamağa deyərlər.

Görəsən İmam Höccət (ə) harada öz məzlum babası üçün bu naləni edir?.. Səhrada, yoxsa başqa bir yerdə? Görəsən nəyi xatırlayıb zikr edir həzrət Höccət (ə)?.. Babası Hüseynin (ə) hansı müsibətini yada salır ki, nə qış, nə yay qəlbi sakitləşmir? Başına müsibət gəlmiş insan tədricən sakitləşər və zaman keçdikcə kədəri dinər. Lakin İmam Höccət (ə) heç vaxt sakitləşmir, səhər-axşam babasına nalə edib ağlayır.

Sonra Həzrət (s.ə) buyurur: “Sənin (müsibətin səbəbiylə) göz yaşı yerinə qan ağlayaram”. Əgər  göz yaşı (hansı ki, göz almasının damarlarındakı qanın buxarıdır) çox axarsa, qanın rütubətinin buxarlanması qabiliyyəti azalar və göz qapaqlarından qanın özü gəlməyə başlayar. Yaxud göz qapaqlarındakı kiçik damarlar partlayar və ondan qan axar.

Deyilənə görə, göz yaşının mənbəyi olan qanın toplandığı yer gözlərin arxasındadır və bir kisəyə bənzəyir. İnsan kədərli olduğu zaman bu kisədəki qan göz yaşına çevrilir. Əgər insan şiddətlə və çox ağlayarsa, göz yaşlarının quruması səbəbindən ağlamağı qanla əvəz olar.

Qeyd etmək lazımdır ki, bəzən insan öz əzizini itirdiyi zaman bir gün və ya iki gün, yaxud da bir həftə şiddətlə ağlayır və bunun nəticəsində gözündən bir qətrə qan xaric olur. Göz yaşının mənbəyi göz yaşı xaric etməyi bacarmadığı zaman gözdən su deyil, qan axır və insanın gözündən bir ya iki qətrə qan çıxır. Lakin İmam-Zaman (ə.f) babasına xitab edir və sanki hal dili ilə deyir ki: babacan, sənə görə elə şiddətli və davamlı ağlayacağam ki, göz yaşlarım quruyacaq və dönüb qan olacaq. Bunun mənası odur ki, İmam Höccət (ə) İmam Hüseyn (ə)-a hər gün qan ağlayır, təkcə Aşura günü deyil. Çünki şəhidlər Sərvərinin (ə) və onun Əhli-Beytinin müsibəti istisnai bir müsibətdir və səmanın iradəsi belə istəmişdir ki, əzəldən ta qiyamət gününəcən aləmdə onun bir bənzəri olmasın.

 

Seyyid Muhəmmədrza Şirazi, “Abaratul-İmam əl-Məhdi (ə)”

Tərcümə: Zuhuradogru.org    

 


[1]  Ziyarəti-Nahiyə.

Leave a Comment