İmam Hüseyn (ə) üçün keçirilən mərasimlərin təsir və əhəmiyyəti

Bismillahir Rəhmanir Rəhim

Dünyanın ən ucqar nöqtələrində belə, Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə bizim şəhərlərdə keçirilən mərasimlərə oxşar proqramlar təşkil edilir. Dünyanın iri şəhərlərindən biri olan Nyu-Yorkun özündə belə, Aşura günü o şəhərdə məskən salmış müxtəlif ölkələrdən olan müsəlmanlar bütün xalqın diqqətini özünə cəlb edəcək dərəcədə əzadarlıqlar keçirirlər. O gün Nyu-Yorkun ən böyük xiyabanları insanlarla dolu olur. Hətta şiələrdən əlavə, sünnü məzhəbli müsəlman ölklərində də Aşura günü bu cür mərasimlər keçirilir. Və ya şiələr təşkil etdiyi əzadarlıq mərasimlərində iştirak etməyi sünni qardaşlarımız da özlərinə borc bilirlər. Məsələn, Hindistan, Banqladeş və Pakistanda bu ölkələrin digər məzhəblərindən olan müsəlmanlar ehtiram əlaməti olaraq, Məhərrəmlik mərasimlərində iştirak edirlər.

Çünki, Quranda bu barədə belə qeyd olunub: “Ey Peyğəmbər de ki: Mən sizdən öz yaxınlarıma qarşı məhəbbətdən başqa bir şey istəmirəm.“

Bu ayəyə əsasən onlar bunu özlərinə borc bilib, Əhli-beyt əleyhimüssəlama məhəbbət, hörmət izhar edirlər. Hətta İslam şəriətinə etiqadı olmayan bəzi bütpərəstlər belə, İmam Hüseyn əleyhissəlamın xatirinə təşkil edilən əzadarlıq mərasimlərindən gördükləri xeyir-bərəkət səbəbindən, bu cür mərasimlər keçirir, nəzir, ehsan paylayırlar. Qeyd etdiyim bu məsələlrin hamısı bütün dünyada müşahidə edilir və kafirlər də bu işdən xəbərdardırlar. Siz dünyada buna oxşar heç bir hadisəni göstərə bilməzsiniz ki, bu qədər geniş miqyasda keçirilsin və müxtəlif millətlərə bu qədər təsir göstərmiş olsun. Təsirinin davamlılığı baxımından, on üç əsrdən artıqdır ki, bu hadisə öz təravətini, təzəliyini qoruyub saxlamış, sanki dünən baş vermişdir. Elə bil, göz yaşı töküb sinə vuran xalq da bu hadisələri dünən yaşamışdır. Bəlkə də elə bir əzadarlıq mərasimləri, faciələri vardır ki, tarixi baxımdan kökləri daha qədim zamanlara gedib çıxır. Buna misal olaraq, həzrət İsa əleyhissəlamın dara çəkilmə günü münasibəti ilə xristianların keçirdikləri xatirə mərasimlərini göstərmək olar. Həzrət İsa (ə)-ın çarmıxa çəkilmə gününün ildönümü bahar fəslindədir. Əlbəttə, bizim etiqadımıza görə belə bir hadisə olmamışdır. Quranda buyurulur: “Onu öldürmədilər və dara da çəkmədilər, əksinə onlar anlaşılmazlığa düçar oldular.”

Şiələrin bu yoldakı fədakarlıqları əza mərasimlərinin keçirilməsinə və şəhidlər sərvərinin ziyarətinin daim maraq dairəsində olmasına şərait yaratmışdır. Belə mərasimlərin keçirilməsi və o həzrətin ziyarətinə getmək heç də həmişə asan olmamışdır. Əlbəttə, indi də o qədər rahat deyil. Amma bir zamanlar imam Hüseyn əleyhissəlamın qəbrini ziyarət etmək istəyənlər, ölümlərini gözlərinin qabağına gətirməli idilər. Abbasi dövlətinin məmurları, xüsusilə də Mütəvəkkilin zamanında elə ciddi tədbirlər görülürdü ki, bir nəfər belə cürət edib, İmamın hərəminə yaxınlaşa bilmirdi. Sonda bu ziyarətgahlardan əsər-əlamət qalmasın deyə, imam Hüseyn əleyhissəlamın qəbrini uçurtmuş, daha sonra həmin əraziyə su buraxıb yerini şumlamışdılar. Lakin şiələr canları və qanları ilə, min cür əziyyətlər bahasına da olsa, o həzrəti yaxından ziyarət etmək üçün bu yoldan dönmürdülər. Belə bir şey harada görünüb? Ayrı cəhətlərində digər hadisələrlə oxşarlığı olsa belə, bu cəhətindən heç bir hadisəyə bənzəmir. Əlbəttə, bu xüsusiyyətlər təsadüfü işlər deyildir. Düzdür ki, bütün möminlərin qəlbində imam Hüseyn (ə) eşqi, məhəbbəti vardır və bu işdə qeybi səbəblər də mövcuddur. Amma Allahın da işləri zahiri şəraitlər olmadan baş vermir. Bəzən zahiri səbəblər olmadan baş verən işlər isə istisna xarakteri daşıyır. Şiələrin bu qətiyyət, iradə və əzmi təsadüfi olmamışdır. Bu işdən hətta digər məzhəblər də təsirlənmişlər. Ən əsası isə, Peyğəmbər və İmamlar tərəfindən xatirə və əzadarlıq mərasimlərinin keçirilməsi, o həzrətin qəbrinin ziyarəti barəsində təkid və vəsiyyətləridir. İmam Hüseyn əleyhissəlama göndərilən bir salamın savabının, həcc və ümrəyə getmək qədər olduğunu bildirmişlər. Səmimi qəlbdən və sidqi ürəkdən verilən hər bir salamın müstəhəbinin həcc qədər savabı vardır. İmam Hüseyn əleyhissəlamın ziyarətinin savabı olduqca çoxdur. Bu ziyarətnamələri oxuyanlara tarix boyu ehtiram göstərilmişdir. Məsələn, mərsiyə oxuyanlara və şer deyənlərə bəxşiş verər, tərifləyərdilər. Məhərrəmlik ayında öz evlərində əzadarlıq mərasimi keçirər, mərsiyəxanları çağırtdırıb məclis qurardılar.

Beləliklə, dillə olan sifarişlər, əməli olaraq göstərdikləri yol, mərasim və ziyarətlər üçün qeyd olunmuş savablar, nəhayət Allahın bu məhəbbəti möminlərin qəlbində yerləşdirməsi, Kərbəla hadisəsini bəşər tarxinin misilsiz səhifəsinə çevirmişdir.

 

Ustad Misbah Yəzdi, Kərbəlada çaxan bir şimşək

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment