Bismillahir Rəhmanir Rəhim
1. Əhməd ibni İshaq ibni Səd deyir ki, Əba Muhəmməd Həsən ibni Əli (ə)-ın belə buyurduğunu eşitdim:
“Həmd olsun o Allaha ki, mənə özümdən sonrakı xələfimi göstərmədən bu dünyadan aparmadı. O, insanların yaradılışca (zahir cəhətdən) və əxlaqca Allah Rəsuluna (s) ən çox oxşayandır. Allah təbarəkə və təala qeybə çəkildiyi zaman onu hifz edəcək, sonra isə onu aşkar edəcək. O (ə.f) yeri haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq”. (“Kəmalud-din”, Şeyx Səduq, 409)
2. Musa ibni Cəfər ibni Vəhəb əl-Bağdadi deyir: Əba Muhəmməd Həsən ibni Əli (ə)-ın belə buyurduğunu eşitdim: “Sanki mən sizi görürəm ki, məndən sonra xələfim barədə ixtilafa düşmüsünüz. Allah Rəsulundan (s) sonra gələn imamları təsdiq edən, lakin mənim övladımı inkar edən şəxs Allahın bütün peyğəmbər və rəsullarını təsdiq edən, həmçinin Allah Rəsulunun (s) nübüvvətini inkar edən şəxs kimidir. Allah Rəsulunu (s) inkar edən şəxs isə bütün Allah peyğəmbərlərini (ə) inkar etmiş kimidir. Çünki bizim sonuncumuza itaət etmək, əvvəlincimizə itaət etmək kimidir, sonuncumuzu inkar edən şəxs isə əvvəlincimizi inkar edən şəxs kimidir. Bilin ki, övladımın bir qeyb dövrü olacaq ki, Allahın (ə.c) qoruduğu şəxslər istisna olmaqla (digər bütün) insanlar o zaman şəkk və şübhəyə düşəcəklər”. (“Kəmalud-din”, Şeyx Səduq, 409)
3. Muaviyə ibni Həkim, Muhəmməd ibni Əyyub və Muhəmməd ibni Osman Əmri deyirlər: Biz dörd nəfər idik və Əba Muhəmməd Həsən ibni Əli (ə) evində idik, bu zaman həzrət (ə) bizə dedi: “Məndən sonra sizin imamınız və sizin üzərinizdə xəlifəm budur. Ona tabe olun və məndən sonra dininizdə parçalanmayın, yoxsa həlak olarsınız. Bilin, bu gündən sonra siz onu görməyəcəksiniz”. Deyirlər: Bundan sonra biz həzrətin (ə) yanından getdik. Bir neçə gün keçmişdi ki, Əba Muhəmməd (ə) vəfat etdi. (“Kəmalud-din”, Şeyx Səduq, 410)
“Hədasəviyyə vəl-qəziyyəl-Məhdəviyyə”, Şeyx Nəzih Muhyiddin
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.