İmam Allah tərəfindən təyin olunur

Bismillahir rəhmanir rəhim

İmamın xüsusiyyətləri və peyğəmbərlərə bir çox cəhətlərdən oxşarlığından belə nəticə çıxarırıq ki, məsum imamlar (Peyğəmbərin (s) canişinləri) Allah tərəfindən təyin olunmalıdır. Başqa sözlə, burada nə camaatın, nə ümmətin icmasının, nə də xüsusi bir qrupun müdaxilə etməyə haqqı yoxdur. Çünki imamın ismət məqamı, qeyri-adi elmi və Allahdan başqa kimsənin xəbərdar olmadığı digər xüsusiyyətləri vardır ki, bunlarsız imamət məqamı təsəvvür olunmur. Kim deyə bilər ki, filankəs xəta və günahdan uzaqdır, onun elmi bütün şəri və həyati məsələləri əhatə edir?! Hətta imamın yuxarıda qeyd etdiyimiz bir neçə xüsusiyyətinin ayırd edilməsi insanların əksəriyyəti, bəzən də hamısı üçün çətin və qeyri-mümkündür. Nəticə çıxarırıq ki, imamın təyini məhz Allah tərəfindən olmalıdır. Allahın təyini üç yolla həyata keçir:

1. Peyğəmbər (s), yaxud əvvəlki məsum imam öz canişinini Allahın əmrilə təyin etməli və bunu insanlara çatdırmalıdır. Həqiqətdə, o da Allahın əmrini xalqa çatdırmaqda yalnız vasitə rolunu oynayır.

2. “Nübüvvət”in şərtlərində qeyd olunduğu kimi, möcüzəli iş, kəramət göstərməyə qadir olmalıdır; belə ki, ilahi rəhbər və imam bəşərin qüdrətindən xaric olan xariqüladə işləri bacarmalı və bu işə məhz başqaları onu qəbul etmədikdə, əl atmalıdır. Lakin bu məsələdə peyğəmbər peyğəmbərlik, imam da imamət iddiası ilə çıxış etməlidir. Başqa sözlə, imam olduğunu iddia edən şəxs xariqüladə bir işi peyğəmbərlik yox, imamət iddiası ilə həyata keçirməlidir. Şübhəsiz, belə bacarıq ona Allah tərəfindən əta olunur. Hikmətli və hər şeyi bilən Allah bu imkanı yalançı iddiaçıların ixtiyarına əsla verməz.

3. “Nübüvvət” şərtlərində deyildiyi kimi, əlamətlərin müşahidəsi ilə imam müəyyən olur; belə ki, bir sıra xüsusiyyətləri müşahidə etməklə məsum imam və ilahi rəhbəri tanımaq olar. Həmin şəxsin elm və biliyi, əxlaqi səciyyələri, insani keyfiyyətləri, keçmişi, əməlləri, danışığı və fikirləri birlikdə məsum imam və Peyğəmbərin (s) canişinini aşkara çıxarır.

 Ayətullahül-üzma Nasir Məkarim Şirazi, İmamət Haqqın dili ilə

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment