Bismilləhir Rahmənir Rahim
Tarix boyu batil məhdəviyyət iddiaçıları öz iddialarını isbat edəcək dəlil və sübut tapmadıqları üçün təvil və yozumlara baş vurmuş, elmi cəhətdən əsla təsdiq olunmayacaq əyri yollara üz tutmuşlar. Belə yozumçulardan və iddiaçılardan biri özünü 13-cü imam və Məhdi elan edən Əhməd İsmayıl əl-Bəsridir. Əhməd İsmayıl özünün 13-cü imam olduğunu isbat edəcək bircə dəlil belə göstərməkdən aciz olduğu üçün öz “imamət”ini sübuta yetirəcək yeni-yeni yollar kəşf etəyə başlamışdır. Kəşf edilmiş belə yollardan biri də “istixarə”dir. Bəli, hər nə qədər gülünc görünsə də, üsuliddinin bir hissəsi olan imamət bu şəxslərin yanında istixarə ilə sübuta yetə bilir. Şübhəsiz ki, imamətinin isbatı üçün Qurandan, sünnədən, mötəbər və mütəvatir hədislərdən bircə dəlil belə gətirə bilməyən şəxslər istixarə, yuxu, yozum və s. bu kimi yollara üz tutmalıdırlar. Əhməd İsmayıl Bəsrinin istixarə iddiasına ətraflı və geniş cavablar verilmişdir. Lakin biz ənənəmizə sadiq qalaraq bu dəfə də şübhəyə mümkün qədər yığcam şəkildə cavab verməyə çalışacağıq.
Qeyd edək ki, Əhməd İsmayıl istixarənin imamətin isbatında dəlil sayıla biləcəyini 3 “dəlil” ilə sübuta yetirməyə çalışmışdır:
Birinci dəlil: Səfvan ibn Yəhyanın hədisi:
Bu hədisi Şeyx Tusi (r) “əl-Ğeybə” kitabında Əli ibn Məazdan nəql etmişdir. Əli ibn Məaz deyir:
Səfvan ibn Yəhyaya dedim: “Hansı yolla Əlinin (İmam Rzanın (ə)) imamətinə əmin oldun?” Səfvan dedi: “Namaz qılıb Allaha dua etdim, sonra onun barəsidə istixarə etdim, beləcə onun (imam olduğuna) qəti şəkildə əmin oldum”. (əl-Ğeybə: səh.61).
Əhməd İsmayıl və ardıcılları deyirlər ki, Səfvan ibn Yəhya (r) Əhli-Beyt (ə) məktəbinin ən görkəmli şəxsiyyətlərindəndir. Əgər Səfvan kimi bir şəxsiyyət İmam Rza (ə)-ın imamətini istixarə ilə qəbul edibsə, deməli istixarə bu kimi məsələlərdə höccət sayılır!
İkinci dəlil: Süleyman ibn Bilalın hədisi:
Şeyx Numaninin (r) “əl-Ğeybə” kitabında İmam Əli (ə)-dan nəql etdiyi uzun bir hədisdə İmamın belə buyurduğu qeyd olunur:
“…İlahi, onun zühurunu qəmdən qurtulma vasitəsi et, onun əli ilə ümməti bir araya topla. (Ey Süleyman), əgər Allah sənin üçün xeyir olanı seçsə, o zaman əzmli ol. Əgər ona müvəffəq olsan (İmam Zaman (ə)-ı görməyə, onun zamanına yetişməyə müvəffəq olsan), ondan üz çevirmə. Ona tərəf hidayət olunsan, ondan başqasına üz tutma.” (Qeybəti-Numani: səh.222).
Əhməd İsmayıl və ardıcıllarına görə bu hədisdə İmam Əli (ə) istixarəni imamətin sübuta yetməsində höccət hesab etmişdir. O Həzrətin buyurduğu “əgər Allah sənin üçün (xeyir olanı) seçsə” sözü istixarəyə və istixarənin höccət olmasına dəlalət edir.
Üçüncü dəlil: İstixarə barədə olan hədislər:
Üçüncü dəlil isə istixarə barədə olan hədislərdir. Bu hədislər ümumi məzmundadır və istixarənin mötəbərliyini, ona əməl etməyin üstünlüyünü və fəzilətini çatdırır. Belə hədislərdən biri İmam Sadiq (ə)-dan nəql edilən bu hədisdir: “Allaha and olsun ki, hansı müsəlman Allaha istixarə edərsə, şübhəsiz ki, Allah ona xeyir nəsib edər” (Kafi: 3/470).
Həmçinin buyurmuşdur: “Allaha istixarə etdikdən sonra hansı yola düşməyim mənim üçün önəmli deyil[1]” (Vəsailuş-şiə: 8/81).
Əhməd İsmayıl və ardıcıllarının sözünə əsasən, bu cür hədislər istixarənin mötəbərliyini, ona əməl etməyin bəyənilən iş olduğunu, bəndənin Allahdan xeyir istədiyi zaman Allahın ona xeyiri göstərəcəyini çatdırır. Məlumdur ki, bu hədislər ümumidir. Yəni, onların məzmunundan hər hansısa bir mövzu ilə məhdudlaşdıqları anlaşılmır. Buna görə də Əhməd İsmayılın imaməti də bu hədislərin hökmünə daxil olur; Əhməd İsmayılın imaməti barədə də istixarə edilə bilər.
İddialara cavab:
Birinci iddiaya cavab:
Əhməd İsmayıl və ardıcılları Səfvana nisbət verilən bu rəvayəti qeyd etməklə vəziyyətdən çıxmağa çalışmış, lakin özləri də bilmədən düşdükləri vəziyyətdən daha pis bir vəziyyətə düşmüşlər. Çünki Şeyxuttaifə Şeyx Tusinin (r) nəql etdiyi bu rəvayət vaqifiyyə məzhəbinin İmam Rza (ə)-ın imamətini batilliyini göstərməkdən ötrü qondardığı rəvayətlərdən biridir. Şeyx Tusi bu rəvayəti ona cavab verməkdən ötrü qeyd etmişdir. Lakin xoş Əhməd İsmayılın və ardıcıllarının halına ki, vaqifiyyənin qondardığı bir rəvayətlə imamət isbat edirlər! Məsələ daha da aydın olsun deyə Şeyx Tusinin (r) sözlərinə nəzər salaq.
Şeyx Tusi deyir:
“Vaqifiyyə məzhəbinin nəql etdiyi rəvayətlərə gəlincə, hamısı xəbəri-vahiddir və höccət sayılmırlar. Bu rəvayətlərin səhih olduqlarını iddia etmək mümkün deyil. Həmçinin, bu rəvayətləri nəql edən ravilər nöqsanlı və tənə edilmiş ravilərdir. Onların sözlərinə və rəvayətlərinə etimad etmək və güvənmək olmaz. Bütün bunlardan əlavə bu rəvayətlər təvil edilə bilən rəvayətlərdir. Biz onların (vaqifilərin) nəql etdiyi rəvayətlərdən bir neçəsini qeyd edir və o rəvayətlər barədə fikrimizi bildiririk. Belə rəvayətlərə misal olaraq Əbu Muhəmməd Əli ibn Əhməd əl-Ələvi əl-Musəvinin “Vaqifilərə dəstək” adlı kitabında nəql etdiyi rəvayətləri göstərmək olar”. (əl-Ğeybə: səh.43).
Deməli, Şeyx Tusinin sözlərindən belə başa düşülür ki, Əbu Muhəmməd Əli ibn Əhməd adlı bir şəxs “Vaqifilərə dəstək” adında bir kitab yazmışdır. Kitabın mövzusu da elə adından bəllidir. Şeyxut-taifə də bu kitabdakı məlumatların batilliyini göstərmək və onlara rəddiyyə vermək istəmişdir. Bu səbəbdən də rəddiyyə verib batilliklərini göstərməkdən ötrü bu kitabdan bir neçə rəvayət nəql etmişdir. Bu rəvayətlərdən biri də bizim söz açdığımız Səfvanın rəvayətidir.
Buna əsasən, Şeyx Tusinin Səfvanın rəvayətinə olan mövqeyini aşağıdakı kimi təqdim etmək olar:
1-Şeyx Tusi bu rəvayətin “Vaqifilərə dəstək” adlı bir kitabda gəldiyini demişdir. Kitabın müəllifinin Əl ibn Əhməd əl-Ələvi adlı kimliyi məchul bir şəxs olduğunu bildirmişdir. (Bu şəxs barəsində vaqifiyyə məzhəbindən olmasından başqa heç bir şey bilinmir. Vaqifiyyə məzhəbindən olması onun ədalətdən düşməsi üçün kifayətdir). Habelə Şeyx Tusi bu rəvayətin “xəbəri-vahid” olduğunu bildirərək onun höccət olmadığını demiş, onun səhih olduğunu deməyin mümkünsüz olduğunu bildirmişdir. Habelə bu rəvayəti nəql edən şəxslərin tənə və məzəmmət edilmiş, güvənilməz şəxslər olduqlarını vurğulamışdır.
2-Şeyx Tusi bu rəvayətin təvil edilə bilən bir rəvayət olduğunu bildirmişdir.
3-Şeyx Tusi bu rəvayəti qeyd etdikdən sonra ardınca belə demişdir:
“Bu rəvayətdə ən uzağı qarşı tərəfin təqliddən uzaq durması gərəkdiyinə işarə edilmişdir. Bu rəvayət səhih olsa belə, başqaları üçün höccət deyildir. Hərçənd ki, bu sözün nisbət verildiyi şəxsin (Səfvanın) məqamı bu cür bir söz deməkdən çox ucadır. Səfvan məqam, fəzilət, zöhd və din sahibi bir şəxsdir. Necə ola bilər ki, Səfvan elmi bir məsələdə onunla müxalif olan bir şəxsə: “Mən bu məsələyə istixarə etməklə etiqad etdim”, – desin?! Belə bir şeyx yalnız o vaxt deyilə bilər ki, Səfvanın onu təklif həddindən çıxaracaq qədər ağıldan kəm olduğu və qəflət əhli olduğu deyilə!” (əl-Ğeybə: səh.61).
Göründüyü kimi Şeyx Tusi bu rəvayətə əsaslananların fikirlərini alt-üst etmişdir. Şeyx Tusinin də buyurduğu kimi, imamətin isbatı məsələsində istixarəyə əsaslanmaq ağıldankəmlərin və naqis şüurlu insanların işidir. Necə ola bilər ki, imamət kimi üsuliddinin bir parçası sayılan etiqadi bir sahədə istixarə höccət sayılsın? Görəsən, nə zamandan istixarə ilə imam təyin edilir?! Buna əsasən, bu rəvayətlə dəlil gətirmək batil sayılır. Şeyx Tusi (r) bu rəvayəti təsdiq etmək üçün deyil, inkar etmək üçün, onun şiə əqidəsi ilə ziddiyyət təşkil etdiyini göstərmək üçün qeyd etmişdir.
Bəli, vaqifilər belə bir rəvayət qondarmaqla İmam Rza (ə)-ın imamətinə tənə vurmaq istəmişlər. Belə ki, onlar Səfvan kimi bir şəxsin İmam Rzanın (ə) imamətini istixarə ilə qəbul etdiyini deməklə İmam Rza (ə)-ın imamətini gözdən salıb onu təhqir etmək istəmiş, o həzrətin imaməti barədə nəss gəlmədiyini göstərməyə çalışmışlar! Elə bunun özü ona şahidlik edir ki, hətta vaqifiyyə məzhəbi belə imamətin istixarə ilə sübuta yetirilməsini gülünc bir iş hesab edirmiş. Məhz bu səbəbdən də İmam Rza (ə)-ın imamətinə tənə vurmaqdan ötrü onun imamətini qəbul edən şəxslərin istixarə və s. bu kimi gülünc şeylərlə bu imaməti qəbul etdiklərini uydurmuşlar. Lakin Əhməd İsmayılın ardıcılları hətta vaqifilərin belə məsxərə etdikləri bu rəvayəti öz “imam”larının imamətləri üçün dəlil gətirirlər. Elə isə haradadır düşünən ağıllar?! Haradır ibrət alacaq şəxslər?!
Əhməd İsmayıl və ardıcıllarının əsaslandıqları 2-ci və 3-cü dəlillərə isə növbəti məqaləmizdə toxunacağıq, inşəallah.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
İstifadə edilmiş ədəbiyyat:
1-Seyyid Ziya əl-Xəbbaz. “Hucciyyətul-istixarə fil-əqaid”.
2-Şeyx Əhməd Salman. “əş-Şuhubul-əhmədiyyə alə muddəil-məhdəviyyə”.
3-Şeyxut-Taifə Şeyx Tusi. “əl-Ğeybə”.
[1] Yəni, Allahdan xeyir dilədikdən sonra, başıma nə gəlib-gəlməməsi mənim üçün önəmli deyil. Çünki mən bu işimlə Allahdan xeyir diləmişəm. Xeyir dilədikdən sonra (istixarə etdikdən sonra) başıma nəsə gəlsə, həmin şeyin mənim üçün daha xeyirli olduğunu biləcəyəm. Bu səbəbdən də istixarə etdikdən sonra başıma gələn şey mənim üçün önəmli deyil. (Müt).