İlahiyyatçı Quranilərə səsləndi: “Qurani-Kərimin harasında yazılıb ki,”…

“Quran təklikdə kifayət edir, hədisə ehtiyac yoxdur” deyənlər özləri niyə bu qədər mollalıq edir, hətta daha da irəli gedərək peyğəmbər rolunda çıxış edərək təfsir dərsləri deyir, müraciətçilərə yön verib əllaməlik edirlər? Kifayətdirsə, işiniz olmasın, adamlar özləri istədiklərini tapacaq. Siz niyə bu qədər əl-ayağa düşmüsünüz? Ya da kimsə Qurandan danışanda sən düz demirsən, o ayə elə deyil belədir, deyirsiniz? Qardaş, təklikdə kifayətdirsə, mənə belə kifayətdir, sənə elə, bir başqasına başqa cür. Kifayətdirsə, sənin də müdaxilənin yeri yoxdur…

Nə isə, mövzuya bir qədər yön verirəm:

Hər şeydən əvvəl bir məsələni daim diqqət mərkəzində saxlamalıyıq. O da budur ki, iddiaçı hər hansı məsələ ilə bağlı iddia irəli sürdükdə konkret fakt və dəlilə əsaslanmalıdır. İndi “Quran bizə təklikdə kifayətdir, hədisə ehtiyac yoxdur” deyənlərdən soruşuruq:

“Qurani-Kərimin harasında yazılıb ki, Quranı Peyğəmbərdən (s) alın, sonra Peyğəmbəri (s) bir kənara qoyub “Quran bizə təklikdə kifayət edir və biz onu Peyğəmbərə müraciət etmədən daha yaxşı, daha düzgün və tam başa düşürük” deyin?!”

Qurana birbaşa müraciətin yetərli olduğunu güman edənlərə başqa sualımız da var: “Siz ki, Allahın kitabının yetərli olduğunu iddia edirsiniz, təkcə müsəlmanların Peyğəmbər (s) və Əhli-beytə (ə) müraciətini qəbul etmirsiniz, yoxsa kitabın bütün bəşəriyyətə yetərli olduğunu düşünür, hətta sizə də müraciət edilməsinə lüzum görmürsünüz?” Əgər desəniz ki, kitab hər kəs üçün yetərlidir, o zaman nəzəri, etiqadi, nəticədə də əməli hərc-mərcliyin olması qaçılmazdır. Ortada hidayətçi və istiqamətləndirici deyə bir şey qalmayacaq. Kimin ürəyi necə istəsə, elə də yorumlayacaq, davranacaq, ürəyindən keçəni Qurana aid edəcək. Əgər desəniz ki, xeyr, bizə müraciət etməlisiniz, o zaman soruşuruq: “Məgər, kitabın yetərli olduğunu iddia edən siz deyildinizmi? Əgər kitab təklikdə yetərli deyilsə, müraciətə ehtiyac varsa, nə üçün kitabı gətirənin özünü (Peyğəmbəri), onun bilicilərini (Əhli-beyti) bir kənara qoyub sizə üz tutmalıyıq?”

Kitabın özünü qəbul edib onun müəllimini bir kənara qoymaq hansı ağla, məntiqə sığır? Müəllim olmadan hansı kitabı öyrənmək olar? Təsəvvür edin, minlərlə tiraj əlifba yazılır və oxuma-yazma bilməyən insanların ixtiyarına verilir. Onlar bu əlifbanı necə və hansı vasitə ilə öyrənə bilərlər? Əgər müəllim olmasa, hərə o hərflərə bir başqa ad verməyəcəkmi? Əgər müəllimsiz elm mümkün olsaydı, məktəblər və universitetlərə ehtiyac qalmazdı. Nəzər nöqtəsi olan məsələ insanların hidayəti üçün göndərilmiş ilahi kəlam olduqda isə, vəziyyət daha da incələşir. Bu kəlamın ehtiva etdiyi ayrı-ayrı məzmunları, müxtəlif elm sahələrinə dair misallarını, etik, fəlsəfi, ədəbi, elmi, tərbiyəvi, nəzəri, əməli incəliklərini və sairəni müəllimsiz necə dərk etmək olar? Allah-taala Quranda məhz bu nüansı xüsusilə vurğulayaraq peyğəmbərlərin, elçilərin göndərilməsinin səbəbinin həm də ayələri oxumaq, insanları islah etmək, kitab və hikməti öyrətmək olduğunu açıq şəkildə qeyd edir:
“Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt onlara minnət qoydu. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər”
Nəzərə almaq lazımdır ki, Peyğəmbərin (s) qəbul edilməsi və ona iman Qurandan əvvəl gəlir. Quranın təqdimatçısı da Peyğəmbərdir (s). Quranda Allahla yanaşı Peyğəmbərə (s) və Əhli-beytə (ə) itaət göstərilməsi əmri də bu ikisinin ayrılmazlığını göstərir. Əgər Quran təklikdə kifayət etsəydi, bu gün hamı alim, əməl adamı, ədalətli, təqvalı və mömin olardı. Bəs necə olub ki, bu kitab hətta onun yetərli olduğunu idda edənlərin özlərini də hidayət etməyib? Əgər kitab yetərli idisə, bu qədər prinsipial və ümumi məsələlərdə fikir ayrılıqları olan məzhəblər haradan və necə meydana gəlib? Məgər hamısı bir kitaba müraciət və istinad etmirmi? Əgər Quran təklikdə kifayət etsəydi, 1100 ildən sonra vəhhabi təriqəti meydana gəlməzdi. Davamı da var, ancaq çoxdur. Başqa vaxta qalsın

İlahiyyatçı, ruhani – Famil Şirvanov

Leave a Comment