İlahiyyatçı: “Peyğəmbərlərdə xəta axtarmaq Quranda xəta aparmağa bərabərdir”.

Əqidə Nübuvvət

İlahiyyatçı: “Şeytan nə Adəmi (ə) aldadıb nə də Adəm (ə) meyvə yeyib

Əvvəla bunu bilək ki, bütün peyğəmbərlər mütləq şəkildə məsumdurlar. Bunda şəkk yoxdur. Onların həyatında baş vermiş bəzi hadisələri doğru analiz etmədiyimizdən yanlışlığa düçar ola bilərik.

Məsumluq mövzusunda səhvə yol verilən və yanlış anlaşılan ayələrdən biri də “Əraf” surəsinin ayələridir. Bəziləri ayənin zahirini əsas götürərək, bütün xəta və günahlardan məsum olan Adəm (ə) barədə “Şeytan onu aldatdı, Adəmdə (ə) aldandı” deyə yanlış təsəvvür yaradılır.

İlk öncə ayələrin zahiri tərcümələrini oxuyaq:

Əraf 20: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”

Əraf 21: “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, – deyə and içdi.”

Əraf 22: “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi)…”

Bəziləri elə düşünür ki, Adəm (ə) hansısa meyvəni yemişdir, yaxud hansısa ağaca yaxınlaşmışdır və sairə. Lakin bizim araşdırmamıza əsasən bunlar  yanlış izahlardır. Biz bu mövzuda “Bütün peyğəmbərlər məsumdur” kitabında geniş yer ayırdıq. (Bax: Bütün peyğəmbərlər məsumdur” səh. 31-32)

Bunu bilmək lazımdır ki, bu mövzuda sözügedən ağac iki haldan xaric deyil.

  1. Maddi – Adi ağac. (alma, üzüm, buğda, innab və sairə)
  2. Mənəvi ağac. (Elm yaxud Muhəmməd (s) və ali Muhəmmədin vilayəti)

Burada bunu da qeyd etməliyik ki, Adəmə (ə) heç vaxt elmə (elm ağacına) qarşı xüsusi qadağası olmamışdır. Əksinə Quranın bəyan etdiyinə görə Allah özü ona elm təlim verdi (“Bəqərə” 31) və Adəm mələklərə elm öyrətdi (“Bəqərə” 33)

Biz bilirik ki, sözügedən ayədə “adlar”da məqsəd yenə “şəcərətun-Tayyibə” əhli-beytdir. Deməli, Allahın Adəmə təyin etdiyi xüsusi qadağası yox idi. Əgər olsaydı daha sonra bu qadağanı pozub özü ona təlim verməzdi. Bu Allahın hikmətindən olmazdı.

Qurana yanaşma tərzimizi islah edib düzəltmədikcə heç zaman doğru nəticə ala bilmərik. Yanaşma tərzi yanlışdır deyə bəziləri deyir “Adəm aldanıb meyvə yedi”. Haqlı olaraq hər kəsdə sual yarana bilər ki: “Bu nə cür peyğəmbərdir ki bir almaya (yaxud digər meyvə) görə nubuvvəti sual altına aparır? Bu cür hal adi möminə də yaraşmaz. Məsələn fərz edin tanınmış nüfuzlu bir alim sadə bir şeyə görə öz məqamına xəyanət edib. Biz bunun bir adi insandan belə gözləmiriksə peyğəmbərlərdən necə belə rahat danışırıq?

Şeytanla Adəm (ə) arasında baş verən hadisənin həqiqəti

Biz “Bütün peyğəmbərlər məsumdur” kitabında izah etdik biz bu mövzulara ayənin zahiri ilə yanaşsaq zahirpərəst Quranilər kimi yolumuzu azarıq. Şeytanın Adəmə (ə) dediyi sözü xatırlayaq: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız) üçün qadağan etmişdir!” (“Əraf” surəsi, 20)

Görəsən söhbət hansı mələkdən gedir? Mələkdə məqsəd bizim anladığımız mələkdir?

Əgər biz ayədəki “mələkəyni” ifadəsini mələk kimi anlasaq bu Quranın digər ayələri ilə ziddiyyət yaradar. Quranın xəbər verdiyinə görə mələklər Adəmin qarşısında səcdəyə qapıldılar. Ona səcdə etdilər. (“Bəqərə” surəsi, 34)

Deməli mələklərin Adəmə (ə) səcdə etməsilə artıq Adəm (ə) özünün məqam cəhətdən onlardan üstünlüyünü anlamışdır. Bütün bunlardan sonra Adəm niyə mələk olmaq istəsin ki? Yəni, deyirik ki, Adəm (ə) mələkdən də uca bir mərtəbədə idi. Bir insan ən uca məqamdan aşağı məqama düşməsini arzulaması yaxud bu yolda zəhmət çəkməsi absurddur. Adəm peyğəmbər bu işdən uzaq idi. Adəm (ə) özünün mələkdən daha üstün olmağın zatən bilirdi. Niyə özündən məqamca aşağı olan varlıqların səviyyəsinə enməyə səy göstərsin ki? Deməli “mələk”də məqsəd biz bildiyimiz mələklər deyil. Bilirik ki mələklər heç vaxt məqam baxımdan irərləyə bilmirlər. Onların bilinən müəyyən məqamları vardır. Adəmə vəd verilən yaxud ona vəsvəsə verilən məqam əhli-beytin məqamı idi. Yoxsa Adəmi heç bir zahiri nemətlər, sözlər o ağaca (düşüncə və fikrə) yaxınlaşmağa vadar edə bilməzdi.  Onları ağaca yaxınlaşdılar, yəni bu fikrə düşdülər. Və Allah da onlara bu məqamda xəbərdarlıq edir ki, “bəs sizə demədim ki bu fikrə düşməyin?”

Təfsirlərdə bu ağacın əhli-beyt olması da qeyd edilir. Daha sonra müfəsirlər hədislərdə gələn  “şəcərətun tayyibə” “pak ağac” – hədislərinə də istinad edirlər.

“Bəqərə” surəsi 35-də sözümüzə dəlildir.  Allah buyurdu:

وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ

 “Biz dedik: Ey Adəm! Sən zövcənlə birlikdə bağçada yerləş və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.”

Bəzi müfəssirlər bu ayənin təfsirində mənəvi mənaya işarə etmişlər. Dəlil kimi də ayədəki əvəzliyi göstərmişlər. Belə ki, ayədəki “həzihi” əvəzliyinin yaxına işarə etdiyini və şeytanın Adəmin fikrinə, düşüncəsinə işarə etdiyimiz fikirləri təlqin etdiyini yazmışlar.

Sual: Kimsə soruşa bilər ki, məgər əhli-beytə yaxınlaşmaq mənfi işdir ki, həmin işə qadağa qoyulsun?

Cavab: Həzrət Adəm və Həvva əhli-beytin məqamına yetişmək istəyirdilər. Onların olduğu ucalığa çatmaq istəyirdilər. Bu iş öz-özlüyündə mənfi iş deyildi. Hər insan mənən daha uca məqamlara yetişmək istəyir.

Allahın etdiyi xəbərdarlıq tam mənada qadağa deyildi. Allah öz əzəli elmi ilə məsələnin nəticəsini onlara xəbər vermişdir ki, sizdə o məqama yetişmək üçün mənəvi tutum kifayət qədər deyil. Vəssalam. Onlar da həmin fikrə düşməklə, yəni ağaca yaxınlaşmaqla bir daha buna yəqin tapdılar. Bu bizə təəccüblü gəlməməlidir. Bənzər mövzuya Həzrət İbrahim (ə) qissəsində də rast gəlirik. Bəs nə üçün Adəmə (ə) tutulan irad Həzrət İbrahimə tutulmur?

Cənnətdə) əbədi qalmamağınız üçün ifdəsinə gəlincə insanın əsil həqiqəti zatən əbədidir. İnsan ölsə belə onun faniliyi düşünülməz. Dəyişikliyə məruz qalan insanın bədənidir. Şeytanın işarə etdiyi əbədilik zahirlə -bədənlə əlaqəli idi.

Digər yöndən Adəmin bu fikrə düşüncəyə düşməsi eynilə bir həkimin göstərişinə əməl etməyib ona zərər verə biləcək bir yeməyi yeyən kəs kimi də anlaya bilərik. Ayədə keçən əbədiliyin elə “Şəcərətun-Tayyibəyə” nisbət verilməsi və o cür təsvir edildiyi qeyd edən müfəssirlər də var.

Sual: Adəm şeytanın andına aldandı?

Cavab: Rəvayətlərdə qeyd olunub ki, Adəm (ə) şeytanın Allaha and içdiyini gördükdə ona inandı. Çünki o Allaha yalan yerə and içildiyinə heç vaxt şahid olmamışdı və düşünmürdü kimsə bu işə cürət edə. Odur ki ona inandı. Adəmin bu mövzuda bilgisizliyi qeyri adi hal deyil və ismət sifəti ilə də ziddiyyət təşkil etmir. Bu cür halların Həzrət Yunus (ə), Həzrət İbrahim, Həzrət Musa (ə) bəhsində də şahidi oluruq. Məgər bütün adıçəkilən peyğəmbərlər bu gedişatla xəta əhli idilər?

Başqa bir məsələdə budur ki, Quranın buyurduğuna əsasən şeytan peyğəmbərləri aldada bilməz. Mövzunun son qismində mövzuya izah veriləcək.

Həzrət Adəm (ə) və Həvva  düşünürdülər ki görəsən Allah bizdən  fəzilətlisin yaradıbmı?” Bu məqamda Allah buyurdu: “Ey Adəm başını qaldır. Ərşə tərəf bax”. Adəm (ə) başını qaldırıb ərşə baxdı. Adəm (ə) ərşə tərəf baxdıqda orada bu sözlər yazılmışdı: “Lə iləhə illəllah Muhəmmədun rasulullah. Əli ibn Əbu Talib əmirul muminin, və zövcəsi Fatimə dünya qadınlarının seyyidəsidir. Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır”. Adəm (ə) dedi: “Ey Rəbbim bunlar kimdir?” Allah buyurdu: “Bunlar sənin zürriyətindir. Onlar Səndən və bütün məxluqatımdan xeyirlidir… Onlara həsəd gözü ilə baxma.” (Molla Zeynul-Abidin əl-Kəlyaykani, “Ənvarul Vilayə”, səh-153)

Bu rəvayət mərhum Şeyx Səduqun bir neçə rəvayət kitabında, o cümlədən “Uyunu Əxbarir-Rza (ə)” və “Məaniul-Əxbar” da qeyd olunmuşdur. Bu rəvayət bir sənəd, bir möhtəva ilə hər iki kitabda gəlmişdir. Bu onu göstərir ki, tək bir rəvayət olmuşdur ki, mərhum Səduq hər iki kitabda onları nəql etmişdir.

Bu rəvayətin məzmunu və mənası belədir: “Əbdussəlam ibn Saleh Hərəvi (Əbasəlt) rəvayət etmişdir ki, İmam Rzaya (ə) dedim: Ey Allah Rəsulunun oğlu, mənə Adəm və Həvvanın yediyi həmin ağacın (meyvənin) həqiqətindən xəbər ver. Belə ki, camaat bu barədə fikir ayrılığındadır. Onlardan bəzisi bu ağacın buğda, bəzisi üzüm, bəzisi isə həsəd ağacı olduğunu rəvayət edirlər.

Həzrət buyurdu: Bütün bu yozumların hamısı səhihdir. Soruşdum ki, bəs bunun nə mənası var və bu ixtilaf nəyə görədir? Buyurdu: Ey Əbasəlt, cənnət ağacları növbənöv meyvə verir. Onlar dünya ağacı kimi deyil (ki, hər bir ağacın bircə meyvəsi olsun). Adəm və Həvvanın yedikləri həmin meyvə buğda idi ki, üzüm də verirdi. Haqq-taala Adəmi hörmətli tutduqda və mələklərə ona səcdə etməsini tapşırdıqda, onu cənnətin daxilində məskunlaşdırdı. Özlüyündə düşündü ki, görəsən Allah məndən üstün cins yaratmışdırmı? Allah öncədən onun düşüncəsini bildiyi üçün nida gəldi ki, ey Adəm, başını qaldır və ərşə nəzər sal. Adəm başını qaldırdı və ərşə nəzər saldı. Ərşin üzərində yazılmışdı: “Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd Allahın Rəsulu, Əli ibn Əbu Talib Möminlərin əmiri, onun zövcəsi Fatimə aləmlərdə olan xanımların xatunu, Həsən və Hüseyn isə cənnət gənclərinin ağalarıdır”. Adəm soruşdu: İlahi, onlar kimdir? Allah-taala buyurdu: Onlar sənin və övladlarının zürriyyətidir. Onlar səndən və bütün yaratdıqlarımdan üstündürlər. Əgər onlar olmasaydı, nə səni, nə cənnəti, nə cəhənnəmi, nə səmanı, nə də yeri yaradardım. Ona görə də məbada onlara həsəd gözü ilə baxasan. Yoxsa səni Öz civarımdan çıxararam. Beləcə, Adəm onlara həsəd gözü ilə baxdı və onların dərəcəsini özü üçün arzuladı. Beləliklə, Allah-taala Şeytanı ona müsəllət etdi ki, qadağan etmiş olduğu ağacdan yesin. Şeytanı Həvvaya müsəllət etdi. Çünki Fatiməyə həsəd gözü ilə baxmışdı. Belə ki, o da Adəm kimi həmin ağacdan yesin. Nəticədə Allah hər ikisini cənnətdən çıxartdı və Öz civarından yer üzünə saldı”. (Uyunu Əxbarir-Rza (ə), c.1; s. 306)

Rəvayət geniş və fərqli mətnlərlə olduğundan mövzumuzla əlaqəli olan hissəsini qeyd etdik. Rəvayətin son hissəsində gələn və Adəmə (ə) xitab olunan “Onlara həsəd gözü ilə baxma” cümləsi ismət sifəti ilə müvafiq deyil. Çünki “həsəd” rəzil əxlaqi xüsusiyyətlərdəndir peyğəmbərlərə yaraşmaz. Həsədin ən primitiv tərifinə belə nəzər salsaq görərik ki “həsəd bir insanın malik olduğu üstünlük və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdir.”

Rəvayətlərə əsasən:

Həsəd münafiqin əlamətidir.

Həsəd Allaha etirazdır. Çünki, qarşı tərəfə verilən üstünlüyü və fəziləti Allah ona vermişdir.

Həsəd təkəbbür əhlinin sifətidir.

Bu siyahını uzatmaq da olar. Mövzumuz həsəd deyil. “Adəm (ə) həsəd etdi deyə Cənnətdən qovuldu” deyənlərə sadəcə həsədin necə bir rəzil xüsusiyyət olduğunu xatırlatmaq istədik. Allah Rəsulu (s) buyurur: “Mömin qibtə edər, ancaq münafiq həsəd aparar”.

Sadə bir sual verək: Adəm (ə) ən azı bir mömin bəndə idi ya yox? Zənnimcə heç bir müsəlman Adəmin (ə) möminliyinə şübhəsi olmaz. Onda təkrar soruşuruq: Bir möminə yaraşmayan həsəd sifətini bir peyğəmbərə aid etmək insafdırmı?!

Adəmin (ə) etdiyi bəs nə idi? Cavab sadədir, Adəm (ə) qibtə etdi. Bu mövzuda eyni hadisəni əsk etdirən rəvayətin sonunda həsəd deyil, qibtə sözü gəlmişdir. Və bu kimi rəvayətlət çoxluq təşkil edir. Sözümüzün təsdiqi kimi sözügedən ayələrin təfsirində zikr olunan rəvayətdir. (Bax: “Təsnim” təfsiri, c. 3, səh. 362-363)

Bundan əlavə “Əl-Mizan”ın müəllifi həsəd sözü ilə bağlı fərqli bir izah da verir və Həzrət Adəmlə (ə) bağlı olan həsədin heç də əxlaqi rəzillik kimi qeyd olunan həsəd olmadığını şəffaf şəkildə bəyan edir. Böyük müfəssir yazır: “Həsəd” gözü peyğəmbər məqamını təmənna və arzu etmək kimi mənalandırılsın. Daha əxlaqi rəzilliklərdən olan həsəd kimi deyil. (Seyid Məhəmmədhüseyn Təbətəbai, “Əl-Mizan fi təfsiril-Quran”, c.1, s.144)

Qadağanın səbəbi isə Həzrət Adəm və Həvvanın əhli-beytin məqamında olmamalarıdır. Bizim də bu mövzuda vəziyyətimiz belədir. Biz də Allaha şikayət ya etiraz edib deyə bilmərik ki, niyə bizi də filan peyğəmbər kimi məsum qərar vermədin və sair. Əlbəttə, Adəmin (ə) düşündüyü bu qəbildən deyildi. Mövzunu əziz oxucuların zehninə yaxınlaşdırmaq və başadüşülməsini rahatlaşdırmaq üçün belə bir misal çəkirik.

Mövzunun daha yaxşı anlaşılması üçün bir ayənin təfsirinə də baxmaq yerinə düşərdi.

“Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.” (“Nisa” 54)

Həzrət Əli (ə) ayənin təfsiri ilə bağlı buyurur: “Bizə ilk həsəd edən Həzrət Adəm idi ki, Allah onu Öz qüdrət əli ilə yaratdı”. (“Əl-İhticac əla əhlil-lihac” c. 1, səh. 160)

Bu mövzu əhli-sünnə mənbələrində də yer almışdır. “Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar…”

İbn Məğazlı imam Baqirdən (ə) belə bir hədis nəql edir ki İmam Baqir buyurdu: “Allaha and olsun ki, həsədə məruz qalan ilk Bizik. (Əhli-Beytdir). (“Şəvahidut-Tənzil”, Həskani, c. 1, səh. 143; “İrşadul-Qulub”- c. 2, səh. 174)

Ayətullah Məkarim Şirazi: “Adəmin həsəd i(qibtəsi) daxili olduğundan və bunu zahir etmədyindən bu mövzuda harama düçar olmamışdır.” (“Nümunə” təfsiri c. 6, səh. 121. Çap. Şəmsi 1374)

“Nisa” surəsinin 54-cu ayəsinin bəzi hissələrinin izahında yenə də Adəmin şəcərətun-tayyibəyə -əhli-beytə olan qibtəsindən söz açılır. (Bax: “Şəvahidut-Tənzil”, Həskani, c. 1, səh. 146, hədis 200)

Həzrət Adəmlə bağlı rəvayətlərdə həsədin mənası rəzil əxlaqi sifət deyil, “təmənna və arzu” olmasın da yuxarıda öyrənmiş olduq. Başqa sözlə burada söhbət həsəddən yox, qibtədən gedir.

Adəmin istəyi əhli-beytin məqamını görmək idi. (“Biharul-Ənvar”  c. 11, səh. 165-173)

Adəmin qibtəsi nəinki xəta idi gözəl və təqdirə layiq iş idi. Adəm (ə) o məqamı daha sonra özü ilə Allah arasında qərar verərək onlara təvəssül etmək, o mübarək adların Allah tərəfindən ona təlim edilməsi şərəfinə nail oldu. Bu özü də onu bəyan edir ki arzusunda olduğu şey heç də xüsusi qadağa deyildi. Sadəcə əhli-beytin məqamından doğru şəkildə istifadə etmək yolunu Allah tərəfindən öyrənmiş oldu.Allah əhli-beytin məqam və fəzilətini ona daha yaxından göstərdikdə dəm (ə) onlara təvəssül etdi. Başqa sözlə onların ucalığını iqrar etdi. Adəmə (ə) yaraşan  əhli-beytin məqamına göz dikmək yox, oları özü ilə Allah arasında vasitə qərar vermək ən gözəli idi. Adəmin etdiyini ən pis halda dini mənbələrə sonradan əlavə edilmiş “tərki-övla” termini ilə ifadə etmək olar. Hələ gərək kimsə isbat edə ki, Adəmin (ə) etdiyi qibtə əqaid kitablarında qeyd olunan tərki-övla çərçivəsinə daxildir ya yox.

Sual: Qibtə yaxşı haldırsa niyə Adəm (ə) ona görə məzəmmət olunub Cənnətdən qovuldu?

Cavab: Adəmin axirət Cənnətində olmasını təsdiq edən heç bir tutarlı fakt yoxdur. Əksinə Adəmin axirət Cənnətində olmamasını təsdiqləyən ayə və rəvayətlər isə kifayət qədərdir.

Adəmin etdiyi qibtəyə gəlincə, bəli qibtə yaxşıdır. Adəm (ə) heç vaxt məzəmmət olunmayıb. Çünki məzəmməti gərəkdirən heç bir hal baş verməmişdir.Qibtə yaxşıdır və biz də edirik. Amma qibtənin özündə müəyyən məsələlər var. Qibtənin də öz dərəcə və mərtəbələri var. Məsələn: Yaxşılıq etmək – Bu ifadənin daxilində yüzlərlə yaxşı işləri sığdırmaq olar.

Adəmin (ə) qibtəsi nə idi? O istəyirdi ki, əhli-beytin məqamına yetişə, onu arzu edirdi. Amma Adəm (ə) kimilər zatən bilməliydi ki bu Allahın əzəli elmiylə artıq müəyyən olunub. O məqama yetişə bilməz. Əgər onda o mənəvi ləyaqət olsaydı zatən o da onlardan biri olardı. Demək o məqama elə əhli-beyt özü daha layiqdir. Həzrət Adəm və Həvva əhli-beytin məqamına yetişmək istəyirdilər. Onların olduğu ucalığa çatmaq istəyirdilər. Bu iş öz-özlüyündə mənfi iş deyildi. Hər insan mənən daha uca məqamlara yetişmək istəyir.

Allahın etdiyi xəbərdarlıq tam mənada qadağa deyildi. Allah öz əzəli elmi ilə məsələnin nəticəsini onlara xəbər vermişdir ki, sizdə o məqama yetişmək üçün mənəvi tutum kifayət qədər deyil. Vəssalam. Onlar da həmin fikrə düşməklə, yəni ağaca yaxınlaşmaql bir daha buna yəqin tapdılar. Bu bizə təəccüblü gəlməməlidir. Bənzər mövzuya Həzrət İbrahim (ə) qissəsində də rast gəlirik.

Adəmin (ə) ona göz dikməsi təmənna etməsi səbəb oldu ki Allah ona əhli-beytə təvəssül etməsini buyurdu. Onun əhlibeytə təvəssülü elə bunu göstərdi ki o əhli-beyti özündən daha üstün sayır.

Şeytan peyğəmbərləri aldada bilərmi?

“Əraf” surəsinin 22-ci ayəsinin izahı.

فَدَلاَّهُمَا بِغُرُورٍ
“Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi…”

Şeytanın hansısa peyğəmbəri aldadaraq azdırması mümkün deyil. Çünki bununla bağlı Quranda xüsusi qayda qoyulmuşdur. Şeytan xalisləri azdıra bilməz.
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

“(İblis) dedi: İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxardacağam.” (Sad, 82)
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
“Onların arasında Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.” (Sad, 83)

Bəli, şeytan hiylə və kələk işlədə bilər, lakin bu hiylə ilahi iradə ilə puç olar. (Həcc, 52)

Hər halda Adəmi (ə) nə şeytan aldadıb nə də məsum peyğəmbər hansısa meyvəni yeyib. Onlar hər bir halda bütün xəta və qüsurlardan uzaqdırlar.

Mahir Şəkərov –İlahiyyatçı, araşdımaçı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir