Bismillahir rəhmanir rəhim
Hişam ibn Salim deyir: “Əba Əbdillah (ə)-ın (səmadan gələn səs barədə) belə buyurduğunu eşitdim: Səs iki dəfə olacaq. Birincisi gecənin əvvəlində, ikincisi ikinci gecənin axırında. Dedim: Bunlar necə olacaqlar? Dedi: Biri səmadan olacaq, o biri də İblisdən. Dedim: Bunu ondan necə ayıracağıq? (hansının haqq, hansının batil olduğunu necə biləcəyik?) Dedi: Onu, ona daha öncə iman gətirən şəxslər ayırd edə biləcəklər”. (Biharul-Ənvar: 52/295)
Zürarə deyir: “Əba Əbdillah (ə) buyurdu: Bir carçı Qaimin adı ilə nida edəcək. Dedim: Xüsusi olacaq, ya ümumi? Buyurdu: Ümumi olacaq. Hər bir qövm onu öz dilində eşidəcək. Dedim: Elə isə, adı ilə nida edildikdən sonra kim Qaimlə (ə) müxalifət edər ki?! Dedi: Xeyr, (elə deyil). İblis onları çağıracaq. Onlara səslənəcək və camaatı şəkkə salacaq”. (Kəmalud-Din: 2/650)
Məymun əl-Ban deyir: “Əba Əbdillah (ə)-la birgə onun çadırında idim. Həzrət çadırın bir hissəsini kənara çəkib dedi: Bizim işimiz baş verdiyi zaman bu günəşdən də aydın olacaq. Sonra dedi: Bir carçı səmadan səslənib deyəcək: İmam filankəsin oğlu filankəsdir. Bu zaman onun adını çəkəcək. Bu vaxt İblis ləənətullah da yerdən səslənib nida edəcək. Necə ki, Əqəbə gecəsi Allah Rəsulu (s) barədə nida etmişdi[1]” (Kəmalud-Din: 2/650).
Əba Əbdillah (ə) buyurur: “Cəbrailin səsi səmadan olacaq. İblisin səsi isə yerdən. Siz birinci səsə tabe olun. Nəbadə ikinci səsə aldanasınız”. (İsbatul-Huda: 3/722)
Zurarə ibn Əyən deyir: Əba Əbdillah (ə)-ın belə buyurduğunu eşitdim: “Səmadan bir carçı belə səslənəcək: Əmir filankəsdir. (Başqa) bir nidaçı da belə səslənəcək: Nicat tapanlar Əli (ə) və onun şiələridirlər. Dedim: Elə isə bundan sonra kim Məhdi (ə) ilə vuruşar? Dedi: Şeytan da belə nida edəcək: Nicat tapanlar filankəs və onun tərəfdarlarıdır. Bəni Üməyyədən olan bir şəxsin adını çəkəcək. Dedim: Kim doğrunu yalandan ayıra biləcək? Buyurdu: O şəxslər ki, (daha öncələr) bizim hədislərimizi nəql edir və bu baş verməmişdən qabaq “o baş verəcək” deyirdilər. O şəxslər ki, özlərinin haqq yolda olduğunu və doğru olduqlarını bilirdilər”. (Qeybəti-Numani: 264)
İbn Məsləmə əl-Cəriri deyir: “(Camaat) bizə tənə vurur və bizim dediklərimizi inkar edirlər. Biz deyirik: İki güclü səs olacaq. Onlar deyirlər: Əgər onlar baş versələr haradan biləcəksiniz ki, hansı haqqdır hansı batil? Buyurdu: Siz nə cavab verirsiniz? Dedim: Heç bir şey demirik. Buyurdu: Belə deyin: Bu baş verdiyi zaman daha öncə ona (bu səslərin baş verməsinə) iman gətirən şəxs doğrunun hansı olduğunu biləcək. İzzət və cəlal sahibi olan Allah buyurur: “Doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”” (Biharul-Ənvar: 52/296).
Yəni, biz öz şiələrimizə hansı səsin haqq, hansı səsin batil olduğunu demişik. Buna görə də onlar haqqı batildən ayırd edə biləcəklər. Onlar daha öncə buna iman gətirmişlər. Onlar bilirlər ki, ilk səsdə onların İmamlarının (ə.f) adı çəkiləcək, digər səsdə isə Bəni-Ümməyyədən olan şəxsin adı çəkiləcək. Bu zaman onlar birincinin haqq və Cəbrail (ə) tərəfdən olduğunu, ikincinin isə batil və məlun İblis tərəfdən olduğunu biləcəklər. Lakin müxaliflər və İmam Məhdi (ə)-ı tanımayanlar, həmçinin, bu səslərin baş verməsinə inanmayanlar isə çaşqınlığa və şübhəyə düşəcəklər. Çünki onlar daha öncədən bu hadisənin baş verməsinə etiqad bəsləmirdilər və buna görə də o baş verdiyi zaman haqqla batili ayırd edə bilməyəcəklər. Necə ki, digər bir hədisdə buyurulur:
“Gündüzün əvvəlində bir carçı nida edəcək. Bu nidanı hər bir qövm öz dilində başa düşəcək. (Bu zaman deyiləcək: ) Bilin, haqq Əli və onun şiələri ilədir. Sonra gündüzün sonunda İblis yerdən səslənib deyəcək: Bilin, haqq Osman və onun şiələri ilədir. Bu zaman batilə uyanlar şübhəyə düşəcəklər”. (Qeybəti-Tusi: səh.435).
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] Məlun İblis ikinci Əqəbə günündə Allah Rəsulu (s) ilə beyət edən səhabələri yoldan çıxartmaqdan və onları şəkkə salmaqdan ötrü nida etmişdi. Müt.