Bismillahir Rəhmanir Rəhim
İdris (ə) öz əshabına Allahdan istədiyi və Allahın ona vəd etdiyi barədə xəbər verdi və bildirdi ki, o kənddən çıxıb başqa kəndlərə üz tutsunlar. Möminlər də çıxıb müxtəlif kəndlərə getdilər və o zaman onların sayı (cəmi) iyirmi nəfər idi. İdris (ə) hündür bir dağda bir mağaraya sığındı. O gündüzlər oruc tutar, hər axşam isə bir mələk onun üçün yemək gətirərdi. Bu müddət ərzində izzət və cəlal sahibi Allah möminlərə görə o zalım hökümdarı aradan aparmış, mülkünü dağıtmış, şəhərini xaraba qoymuş, itləri qadınının əti ilə doyurmuşdu. Lakin şəhərdə başqa bir günahkar zalım peyda olmuşdu. İdrisin (ə) çıxmasından sonra kənd əhalisi iyirmi il bu vəziyyətdəcə qaldılar. Göydən bir damla belə yağış yağmır, halları çox pisləşmişdi; hətta yeməyi uzaq kəndlərdən gətirməli olurdular. Nəhayət onlardan bir dəstəsi digərlərinin yanına gedərək dedi: “Gördüyünüz bütün bu başımıza gələnlər İdrisin Rəbbindən bizə yağış yağdırmamasını istəməsi səbəbilə gəldi. (İndi) İdris bizlərdən gizli qalıb və biz onun yerini bilmirik.. Lakin Allah bizə qarşı İdrisdən daha rəhimlidir”. Beləcə sözü bir yerə qoyub qərara gəldilər ki, tövbə edib Allaha yalvarıb-yaxarsınlar və Ondan yağış yağdırmasını istəsinlər. Buna görə də üst-başlarına kül yaxıb qalın paltar geydilər, başlarına torpaq töküb tövbə, istiğfar, ağlamaq və ah-nalə ilə Allaha yalvarmağa başladılar. İzzət və cəlal sahibi olan Allah İdrisə (ə) vəhy edib dedi: Sənin kəndinin camaatı tövbə, istiğfar, ağlamaq və ah-nalə ilə Mənə yalvardılar. Mən isə Rəhman və Rəhim olan Allaham. Tövbələri qəbul edər, xətalardan keçərəm. Mən onlara rəhm etdim, indi onlara yağış göndərməyimə heç nə mane olmur, bircə sənin məndən istədiyin duadan başqa. İndi Məndən istəyirsən ki, onlara yağış göndərim? İdris (ə) dedi: İlahi, mən Səndən bunu istəmirəm. Allah dedi: Ey İdris, sən Məndən istədin və Mən sənə müsbət cavab verdim, indi Mən səndən istəyirəm sənsə Mənim istəyimə cavab vermirsən? İdris (ə) dedi: İlahi, istəmirəm. Allah ona yemək gətirən mələkə əmr etdi ki, daha onun üçün yemək aparmasın. İdris (ə) o gecə yeməyinin gəlmədiyini görüb qəmləndi və acdı, lakin səbr etdi. İkinci və üçüncü gecələr də bu minvalla keçdi. Lakin İdrisin (ə) səbri tükəndi və Rəbbini çağırıb dedi: Ey Rəbbim, ruhumu almazdan öncə rizqimi məndən kəsdin. Allah İdrisə (ə) vəhy edib dedi: Ey İdris, üç gün üç gecə yeməyini kəsdiyimə görə narahat oldun, amma iyirmi ildir kəndinin camaatının ac qalmasına görə narahat olub onları yada salmadın. Sonra Mən sənə onların çətinliklərini xatırladıb onlara rəhm etdiyimi dedim və istədim ki, Məndən onlara yağış göndərməyimi istəyəsən. Lakin sən onlar üçün Məndən (yağış) istəməyə paxıllıq etdin və Mən də səni aclıqla ədəbləndirdim. Bu səbəblə səbrin tükəndi və narahat oldun. Elə isə olduğun yerdən kəndə en və gündəlik ruzini axtar.
İdris əleyhis-səlam olduğu yerdən enib bir kəndə gəldi və qarnını doyuracaq bir şey axtarmağa başladı. Kəndə daxil olunca evlərin birindən bir tüstü qalxdığını gördü. Evə yaxınlaşdıqda bir qoca qarı gördü. Qarı əlindəki iki yuxanı tavaya yaxırdı. İdris (ə) ona dedi: Ey qadın, mənə yemək ver, aclıq məni əldən salıb. Qarı ona dedi: Ey Allah bəndəsi, İdrisin duası bizim üçün əlavə bir şey qoymayıb ki, onu bir başqasına verə bilək -və and içərək bildirdi ki, ondan başqa bir şeyi yoxdur- yeməyini bu kəndin camaatından (deyil) başqalarından istə. İdris (ə) ona dedi: (Heç olmazsa) mənə bir şey ver ki, onunla canımı saxlaya bilim (ölməyim) və ayaqlarımda güc olsun ki, məni daşıya bilsin. Beləcə gedib yemək axtara bilim. Qadın dedi: Bu iki yuxanın biri mənimdir, o biri də oğlumun. Əgər öz yeməyimi sənə versəm, mən öləcəyəm. Yox əgər oğlumun yeməyini versəm, onda da oğlum öləcək. Mənim əlavə bir yeməyim yoxdur ki, sənə verəm. İdris (ə) dedi: Sənin oğlun kiçikdir. Ona bu yuxanın yarısı da kifayət edər və yarısını yeməklə yaşaya bilər. O bir yarı da mənə kifayət edər və mən həyatda qala bilərəm. Bundan sonra qarı öz yuxasını yedi və o biri yuxanı da İdris (ə)-la oğlu arasında böldü. Lakin qarının oğlu görəndə ki, İdris (ə) onun yuxasından yeyir (yuxasının yarısını yeyir) narhat oldu və öldü. Anası dedi: Ey Allah bəndəsi, oğlumu yemək qorxusundan öldürdün! İdris (ə) ona dedi: Narahat olma, mən Allahın izni ilə onu dirildərəm. İdris (ə) uşağın qolundan tutub dedi: Ey Allahın əmri ilə bu uşağın bədənindən xaric olan ruh, Allahın izni ilə onun bədəninə qayıt, mən İdris Nəbiyəm! Uşağın ruhu Allahın izni ilə ona qayıtdı. Elə ki, qadın İdris (ə) “Mən İdrisəm” sözünü eşitdi və oğluna baxıb yaşadığını gördü, dedi: Şəhadət verirəm ki, sən İdris Nəbisən. Bunu deyib çölə çıxdı və var gücü ilə kənd içərisində qışqıraraq dedi: Fərəcə görə müjdə olsun sizlərə, İdris kəndinizə gəldi! Beləcə İdris (ə) gəlib əvvəlki zalımın yerində – bir təpənin üstündə əyləşdi. Camaat ətrafına toplaşıb ondan yağışın yağması üçün dua etməsini xahiş etdikdə dedi: Xeyr, sizin bu zalım başçınız və bütün kənd camaatı piyada və ayaqyalın şəkildə gəlib istəməyincə etməyəcəyəm. Onun sözü həmin zalıma çatdı. Zalım qırx nəfər adam göndərib İdrisi (ə) yanına gətirmələrini əmr etdi. Lakin adamlar gəlib onu aparmaq istədikdə İdris onlara qarğış etdi və hamısı öldülər. Sonra zalım şəxs beş yüz adam göndərdi. İdris (ə) onlarla da danışıb zalımın yanına getməyəcəyini bildirdi. Nəhayət zalım və bütün kənd camaatı ayaqyalın və piyada şəkildə gəlib xaze vəziyyətdə İdrisin (ə) qarşısında dayandılar. O da dua edib izzət və cəlal sahibi Allahdan yağış yağdırmasını istədi. Beləcə göy üzünü bulud alıb şimşək çaxdı və elə o andaca yağış yağmağa başladı. Elə bir həddə ki, hətta insanlar sel gəldiyini zənn etdilər.
“Kəmalud-din”, Şeyx Səduq
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Xoş bizim halımıza ki, elə bir peyğəmbərin ümmətiyik ki, mərhəmətdə heç kəs ona tay deyil.