İbrahim (ə)-ın qeybə çəkilməsi

Bismillahir rəhmanir rəhim

 

İbrahim (ə)-ın qeybə çəkilməsi bir çox yöndən həzrəti Məhdi (ə)-ın qeybə çəkilməsinə bənzəyir. İbrahim (ə) hələ anasının bətnində cənin halında ikən Allahu-təala onun izini (əlamətini) itirmişdi. Allahu-təala o həzrətin dünyaya gəlməsini də lazım olan vaxtadək gizli saxlamışdır. (Necə ki, həzrəti Məhdi (ə)-da da belə olmuşdur.)

Bir dəfə Nəmrudun münəccimi ona öz ölkələrində bir oğlan uşağının dünyaya gələcəyini və onların həlakının o uşağın əli ilə olacağını xəbər verir. Bundan sonra Nəmrud yeni dünyaya gələn oğlan uşaqlarını öldürmək əmri verir.

İbrahim (ə)-ın anası o həzrətə hamilə qaldığı zaman Nəmrud onun yanına nəzarətçi qadınlar göndərir. Lakin onlar qadında heç bir hamiləlik əlaməti müşahidə etmirlər. (Bu hadisə də həzrəti Məhdi (ə)-ın hadisəsi ilə çox oxşardır. Belə ki, Mötəmid Abbasi də İmam Əsgəri (ə)-ın evinə gözətçi qadınlar göndərirdi ki, o həzrətin evində hamilə qadın olub-olmadığını öyrənsinlər.) Həzrət (ə) dünyaya gəldikdən sonra anası onu bir mağaraya aparır. Uşağı orada qoyub mağaranın ağzına böyük bir daş parçası yerləşdirir və gedir. Allahu-təala onu öz barmağı ilə qidalandırır. Həzrəti İbrahim (ə) öz barmağını sorur və ondan süd içirdi.

İbrahim (ə) bu şəkildə bir müddət qeybdə olur və işi gizli qalır. Daha sonra zühur edir və Allahın əmrini yerinə yetirir.

Bundan sonra ikinci dəfə qeybə çəkilir. Bu o zaman idi ki, əmisi Azər onu bütlərə sitayiş etməyə çağırmışdı və həzrət (ə) də belə cavab vermişdi: “Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım ümidi ilə öz Rəbbimi çağırıram. Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı ona (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik” (Məryəm surəsi, 48-49).

Həzrəti İbrahim (ə) insanlardan uzaqlaşdığı və onlardan gizlində olduğu zaman möminlər onu görmək istəyir, o həzrətin ziyarətinə can atırdılar. Buna misal olaraq aşağıdakı hadisəni göstərə bilərik:

Əbu Cəfər Baqir (ə) buyurur: İbrahim (ə) ibrət almaqdan ötrü şəhərləri dolaşırdı. Bir gün bir yerdən keçəndə əynində yun paltar olan və səsini səmaya qaldıran bir şəxsin namaz qıldığını görür. İbrahim (ə) dayanıb bu şəxsə tamaşa edir və ondan xoşu gəlir. Buna görə də oturub ibadətini bitirməsini gözləyir. Elə ki, ibadətin uzandığını görür, əli ilə işarə edib bildirir ki, onunla işi var. Həmin şəxs də ibadətini müxtəsər edib İbrahim (ə)-ın yanına gəlir. İbrahim (ə) ona deyir: Kim üçün namaz qılırsan? Deyir: İbrahimin Rəbbi üçün. Deyir: İbrahimin Rəbbi kimdir? Deyir: O həmin kəsdir ki, səni və məni yaratmışdır. İbrahim (ə) ona deyir: Danışığın xoşuma gəldi. İstəyirəm Allah üçün səninlə qardaşlıq edəm. Görəsən evin haradadır ki, ziyarətinə gəlmək istədikdə gələ bilim? Şəxs deyir: Evim bu gölün arxasındadır. Namaz qıldığım yer isə buradır. Məni görmək istəsən buraya gələ bilərsən. Sonra dedi: Bir istəyin varmı? İbrahim (ə) dedi: Bəli var. Dedi: Nədir? Dedi: (İstəyirəm) sən dua edəsən mən amin deyəm və ya mən dua edəm sən amin deyəsən. Şəxs dedi: Nə barədə dua edək? Dedi: Mömin günahkarlar üçün. Dedi: Yox (etmərəm). Dedi: Nə üçün? Dedi: Çünki mən üç il bundan əvvəl Allaha bir dua etmişəm lakin bu vaxtadək müstəcab etməyib. Buna görə də Allaha dua etməyə utanıram.

İbrahim (ə) dedi: Nə barədə dua etmisən? Bir gün namaz qıldığım məkanda oturmuşdum. Birdən gözəl simalı və alnından nur parlayan bir oğlan uşağı gördüm. Yanında da bir inək və bir qoyun var idi. Onun simasından xoşum gəldi və ona dedim: Ey oğlan, bu inək və qoyun kimindir? Sən kimsən? Dedi: Mən Xəlilur-Rəhman  (Rəhmanın dostu) İbrahimin oğlu İsmayılam. Həmin vaxt mən Allaha dua edib öz dostunu mənə göstərməsini istədim. İbrahim (ə) ona dedi: Mən Xəlilur-Rəhman İbrahiməm və oğlan də mənim oğlumdur. Şəxs dedi: Həmd olsun mənim duamı qəbul edən və aləmlərin Rəbbi olan Allaha! Bundan sonra həmin şəxs İbrahim (ə)-ın hər iki üzündən öpüb o həzrəti qucaqladı. Sonra dedi: Bax indi olar. Sən dua et, mən də sənin duana amin deyim. İbrahim (ə) öz dövründən ta qiyamətədək gələcək günahkar mömin və möminələr üçün məğfirət və rizayət diləyib onlar üçün dua etdi. Həmin şəxs də amin dedi. Əbu Cəfər (ə) deyir: İbrahim (ə)-ın etdiyi o dua qiyamət gününədək bizim günahkar şiələrimizə şamildir.

 

 

“əl-Bərahin”, Seyyid Teyyib əl-Cəzairi

 Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment