Hz.Məhdinin (ə.f) viladətinə dəlil olan hədislər

Bismillahir Rəhmanir Rəhim

  Bildiyimiz kimi, İmam Məhdi (ə) dünyaya gəldikdən sonra atası İmam Həsən Əsgəri (ə) bir neçə dəfə o həzrəti öz seçilmiş və xass səhabələrinə göstərmişdir. Bununla özündən sonrakı xələfi onlara tanıtmış, sonuncu və yer üzünü haqq-ədalətlə dolduracaq olan imamın o həzrət (ə.f) olduğunu bildirmişdir. Biz burada həzrət İmam Əsgərinin (ə) övladı Məhdi (ə)-ı səhabələrinə göstərməsinə dəlil olaraq bir neçə hədis qeyd edirik.

1. Şeyx Səduq öz sənədi ilə Muhəmməd ibn Osman Əmridən (r.ə), Muaviyə ibn Həkimdən və Muhəmməd ibn Əyyub ibn Nuhdan nəql edir ki, dedilər: “Biz qırx nəfər idik və Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) evində idik, həzrət (övladını) bizə göstərib dedi: Bu məndən sonrakı imamınız, mənim sizin üzərinizdə olan xəlifəmdir. Ona tabe olun və məndən sonra dininizdə (əqidənizdə) parçalanmayın, yoxsa həlak olarsınız. Bilin, siz bu gündən etibarən bir daha onu görməyəcəksiniz”.

Dedilər: “Həzrətin yanından çıxdıq. Bir neçə gün keçdikdən sonra Əbu Muhəmməd  əleyhis-səlam vəfat etdi”. (İkmalud-din, 2/399)

2. Şeyx Müfid öz sənədi ilə Muhəmməd ibn İsmayıl ibn Musa ibn Cəfərdən (İraqdakı Peyğəmbər (s) övladları içərisindəki ən yaşlı şeyx idi) nəql edir ki, deyir: “Həsən ibn Əli ibn Muhəmməd əleyhimus-səlamın oğlunu (İmam Məhdini (ə)) iki məsçidin arasında gördüm. O zaman o uşaq idi”. (İrşad, 2/353-354)

Qeyd: İki məsçiddən məqsəd Məsçidul-Həram və Məsçidun-Nəbi, eyni zamanda Kufə və Səhlə məsçidləri ola bilər. Allah daha yaxşı bilər-müt.

3. Əmr Əhvazinin belə dediyi nəql edilir: “Əbu Muhəmməd onu (İmamı (ə.f)) mənə göstərib dedi: Bu sizin sahibinizdir”. (İrşad, 2/353-354)

4. Qunduzi Şafei “Yənabiul-məvəddə” kitabında fars xidmətçidən belə nəql edir: (İmam Əsgəri (ə)-ın) evinin qapısında dayanmışdım. Otaqdan bir cariyə çıxdı. Bu zaman onunla birgə üstü örtülmüş nəsə  var idi. Əbu Muhəmməd ona dedi: Əlindəkini aç. (Cariyə örtüyü açınca, örtükdən) gözəl və ağ üzlü bir oğlan uşağı çıxdı. Həzrət buyurdu: Bu məndən sonra sizin imamınızdır. Xidmətçi deyir: Bundan sonra bir daha onu görmədim. (Yənabiul-məvəddə, 461, Muntəxəbul-əsər, 365)

5. Şeyx Tusi belə nəql edir: İsmayıl ibn Əli ən-Novbəxti (Əbu Səhl) dedi: “Əba Muhəmməd (ə) xəstə olan zaman onun yanına getmişdim. (Həzrət (ə) elə bu xəstəlikdən də vafat etdi və o zaman mən onun yanında idim.) ..Bu zaman həzrət öz xidmətçisi Əqidə dedi: Ey Əqid, mənə bir stəkan qaynamış su gətir.

Əqid qaynamış su hazırladı. Sonra Xələf əleyhis-səlamın anası Səqil xanım suyu gətirdi.

Həzrət qədəhi əlinə alıb içmək istədikdə əli əsməyə başladı və qədəh Həsən (ə)-ın dişlərinə toxundu. Həzrət (ə) qədəhi əlindən yerə qoydu və Əqidə dedi: Otağa daxil ol, orada səcdə edən halda bir uşaq görəcəksən, onu yanıma gətir. Əbu Səhl deyir: Əqid dedi: Otağa daxil olub göz gəzdirməyə başladım. Bu zaman səcdədə olan və barmağını səmaya tərəf qaldıran bir uşaq gördüm. Ona salam verdim və o da namazını müxtəsər etdi. Sonra dedim: Ağam tapşırdı ki, onun yanına gedəsən. Bu zaman uşağın anası Səqil gəldi və əlindən tutub onu atası Həsən əleyhis-səlamın yanına gətirdi. Əbu Səhl deyir: Uşaq həzrətin yanına gəlincə salam verdi. Onun rəngi ağ (parlaq) idi, saçında qıvrımlıq var idi və dişləri aralı idi. Həsən (ə) onu görüncə ağladı və dedi: Ey ailəsinin seyyidi! Mənə su ver, mən Rəbbimə tərəf gedirəm. Uşaq qaynamış su olan qədəhi əlinə götürüb həzrətin dodaqlarına tərəf apardı və suyu həzrətə (ə) içirdi. Həzrət (ə) suyu içdikdən sonra buyurdu: Mənə namaz qılmağa yardım edin. Beləcə həzrətin yanına bir dəsmal sərildi. Uşaq isə bir-bir atasının (dəstəmaz əzalarını) yudu, sonra başına və ayaqlarına məsh çəkdi.

Əbu Muhəmməd əleyhis-səlam ona dedi: Müjdə olsun sənə ey oğlum, sən zamanın sahibisən, sən Məhdisən, sən Allahın yer üzərində höccətisən. Sən mənim övladım və uşağımsan, sən mənim vasitəmlə dünyaya gəlmisən. Sən Muhəmməd ibnil-Həsən ibni Əli İbn Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talibsən. (Əleyhimus-səlam)

Sən Allah Rəsulunun (s) övladısan və imamların sonuncususan. Allah Rəsulu (s) sənin barəndə müjdə verib, sənə ad və künyə qoyub. Bu barədə atam məndən əhd alıb, ondan da sənin pak ata-babaların əhd almışlar. Rəbbimiz olan Allah Əhli-Beytə salam və bərəkət göndərsin, həqiqətən də O həmd edilməyə layiq və şəni çox uca olandır!

Bunu dedikdən sonra Həsən ibn Əli (ə) vəfat etdi. Allahın salam və bərəkəti olsun onların hamısına!” (Biharul-ənvar, 52/16)

6. Əhməd ibn İshaq deyir: “Əba Muhəmməd Həsən ibn Əli əleyhiməs-səlamın yanına daxil oldum. İstəyirdim ki, ondan özündən sonrakı xələf barədə soruşum. Lakin mən bir söz deməmiş özü sözə başlayıb dedi: Ey Əhməd ibn İshaq, Allah təbarəkə və təala Adəmi (ə) yaratdığı gündən bəri yer üzünü Allahın höccətindən xali qoymayıb və qiyamətəcən də qoymayacaq. Allah onun səbəbilə yer əhlindən bəlalar uzaqlaşdırar, ona görə yağış yağdırar və ona görə yerin bərəkətlərini çıxarar.

Dedim: Ey Allah Rəsulunun oğlu, səndən sonra imam və xəlifə kimdir? Həzrət əleyhis-səlam yerindən qalxıb otağa daxil oldu və çiynində təxminən üç yaşında olan bir oğlan uşağı ilə otağdan çıxdı. Uşağın üzü sanki on dörd gecəlik ay kimi idi. Dedi: Ey Əhməd ibn İshaq, əgər sənin Allah və onun höccəti yanında hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı Allah Rəsulunun –  səllallahu əleyhi və alih – adındandır, künyəsi də onun (s) künyəsindəndir. Bu o şəxsdir ki, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq. Ey, Əhməd ibn İshaq onun bu ümmət içərisindəki məsəli, Xizr əleyhis-səlamın məsəli kimidir. (Həmçinin) onun məsəli, Zul-Qərneynin məsəli kimidir. And olsun Allaha ki, onun bir qeybə çəkilməsi olacaqdır ki, bu zaman yalnız (xüsusi) şəxslər nicat tapacaqlar. Onlar o kəslərdirlər ki, Allah onları onun (İmam Məhdinin (ə.f)) imamətində sabitqədəm etmiş və onları onun fərəcinin tez olması üçün dua etməyə müvəffəq etmişdir!”

Əhməd ibn İshaq deyir: “Dedim: Ey mövlam, bir əlamət vardırmı ki, qəlbim onunla aram olsun? Bu zaman uşaq fəsahətli və açıq-aşkar bir dillə ərəbcə dedi: Mən Allahın yer üzərində saxladığıyam (bəqiyyətullaham), mən Onun düşmənlərindən intiqam alan şəxsəm. Gözünlə gördükdən sonra daha başqa dəlil istəmə, ey Əhməd ibn İshaq.

Əhməd ibn İshaq deyir: Sevincli və fərəhli bir halda evdən çıxdım. Səhəri gün olunca yenidən həzrətin (ə) yanına gedib dedim: Ey Allah Rəsulunun oğlu, mənə bəxş etdiyin nemətə görə çox sevincliyəm, lakin onun Xizr və Zül-Qərneyn kimi olmasını dedikdə (nəyi nəzərdə tuturdun)? Buyurdu: Uzun zaman qeybə çəkilməsini, ey Əhməd. Ona dedim: Ey Allah Rəsulunun oğlu, onun qeybə çəkilməsi belə uzun olacaq? Dedi: Rəbbimə and olsun ki, bəli. Hətta (o qədər uzun olacaq ki,) bu işə etiqad edənlərin əksəriyyəti etiqadından dönəcək. Yalnız Allahın vilayətimizlə bağlı əhd aldığı şəxslər və qəlbinə iman yazıb Özündən olan bir ruhla gücləndirdiyi şəxslər salamat qalacaqlar. Ey İshaq ibn Əhməd, bu Allahın işindən bir iş, sirrindən bir sirr, qeybindən olan bir qeybdir. Sənə dediklərimi yaxşı yadında saxla və onları gizlət və şükr edənlərdən ol ki, sabah ”illiyin”də olasan”. (Biharul-Ənvar, 52/23)          

Seyyid Muhəmməd Əli əl-Həlv, “Əl-Ğeybə vəl-İntizar”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Hz.Məhdinin (ə.f) viladətinə dəlil olan hədislər”

Leave a Comment