Bismillahir Rəhmanir rəhim
İslam dini müsəlmanlar arasında birliyə olduqca əhəmiyyət verir. Qurani-kərim buyurur:
وَاذْكُرُواْ نِعْمَة اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا
“Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz”.
وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمْ الْبَيِّنَاتُ وَ أُوْلَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
“(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ
“Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”.
إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعاً وَلَا تَفَرَّقُوا
“Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”
وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ
“Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz”
ِانَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
“(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!”
Doğrudur, Qurani-kərim çoxsaylı ayələrdə ümumdini vəhdət məsələsini dönə-dönə vurğulayır. Lakin unutmamalıyıq ki, birlik üçün hər hansı bir meyar lazımdır. Başqa sözlə desək, birlik və vəhdətə çatmaq üçün ümumi bir yol lazımdır. Heç bir meyar olmadan vəhdətdən danışmaq səmərəsizdir. Vəhdət yalnız “Qurani-samit” oxu ətrafında fırlana bilməz. Çünki, Əli (ə) demişkən: Quran (ayələri) müxtəlif batini və zahiri mənalara malikdir. Belə ki, onun sözlərini müxtəlif mənalara yozmaq olar. Elə buna görə də Qur`ani-kərim, səmavi kitab barəsində “İmam” (rəhbər) ifadəsini işlətməklə yanaşı həzrət İbrahimi (ə) nitq qabiliyyətli imam kimi təqdim edir:
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm”, – dedi.
Buradan məlum olur ki, nitq qabiliyyətinə malik olmayan (samit) səmavi kitablar yetərli deyillər. Deməli, natiq və danışan imama ehtiyac duyulur. Hansı ki, mübahisəli anlarda haqq-ədalət carçısı, başqa sözlə, dini birliyin mərkəzi oxu rolunu oynayır.
Bu, yuxarıda qeyd olunan “İ`tisam” ayəsindən də asanlıqla aydınlaşır. Çünki, ayədə müsəlmanların ilahi ipdən yapışmaları əmr olunur. Bu isə o deməkdir ki, sizi qəti surətdə Allaha çatdıran şəxs, mə`sum və haqq imamdan başqa bir kəs deyildir. Dini vəhdətdə ən mühüm meyar və ölçü budur ki, müsəlmanların ətrafında toplaşdıqları həqiqət, səlahiyyətli bilik sahiblərinin elmi araşdırma və müzakirələri yolu ilə aydınlaşmalıdır.
Vəhdətin son məqsədi həqiqətlərdən uzaqlaşmaq deyil, əslində vəhdət özü həqiqətə doğru gedən yoldur. “İ`tisam” ayəsi İslam məzhəbləri arasında birliyin meyarını təyin etməklə, son dərəcə əhəmiyyətli bir sirrin üstünü açır. Belə ki, müxtəlif məzhəblər arasında mövcud olacaq bu birlik, Allah ipindən yapışmadan müyəssər olmur. İlahi ipdən yapışmaqla islam ümməti pərakəndəlikdən və bədbəxtlik bataqlığına düşməkdən, eləcə də məhvedici fitnələrdən yaxa qurtarır.
Ayədə “vəhdət” mərkəzini bildirən “həbl” (ip, kəndir) sözünün olması, diqqəti özünə cəlb edir. Sözsüz ki, bu kəndirin iki tərəfi vardır: biri ümmət, o biri isə uca yaradandır. Bu ip yerlə göy, insanla qeyb aləmi arasında vasitədir. Deməli, vəhdət və birlik çərçivəsinin bu qütbü qeyb və “mələkut” aləminə birləşik olmalı, bununla da müşahidə dünyası ilə qeyb aləmi (dünya və axirət) arasında əlaqə zəncirinə çevrilməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, vəhdət gəmisi, heyvani istəklər körpüsündə yan almamalı, həqiqət və reallıq limanında lövbər salmalıdır. Bir sözlə, heyvani istəklər dairəsində toplaşmaq deyil, haqq və həqiqət ətrafında müttəfiq olmaq nəzərdə tutulur.
Buna əsasən demək olar ki, “həqiqət” xalqın istəyinə heç bir bağlantısı olmayan, müstəqil reallıqdır. Həqiqəti taparaq kütləvi surətdə ondan yapışmaq xalqın öz öhdəsinədir. Yəni xalq həqiqəti qavradıqdan sonra, özlərini ona uyğunlaşdıraraq bir araya gəlməlidir. Demək, “həqiqət” xalq ittifaqının məhsulu deyil. Belə ki, ümmətin hər hansı bir məsələdə yekdil olmasından haqq, onların bir məsələdən üz çevirmələrindən isə batil doğulmur. Necə ki, İmam Hüseyn (ə) müsəlmanların birliyini yararaq Yəzidin əleyhinə qiyam etdi. O həzrət özü bu barədə belə buyurur:
انما خرجت لطلب الاصلاح فی امة جدی ارید ان آمر بالمعروف و انهی عن المنکر
“Mən babamın ümmətinin islahı yolunda qiyam etdim. Mənim məqsədim insanları doğru səmtə çəkərək, pis yoldan uzaqlaşdırmaqdır”. Əgər həqiqət, ümmətin müttəfiqliyi ilə ölçülürsə, burada artıq islaha ehtiyac duyulmur. İslah və doğru yola yönəldərək pisliklərdən çəkindirmək həqiqətin öz mahiyyətinin xalq toplusundan kəsb olunmaması müddəasını sübut etmək üçün ən güclü dəlildir. Əslində xalq özünü həqiqətə təqdim etməli və onunla müvafiq şəkildə uzlaşmalıdır. “İ’tisam” ayəsinin şərhində gələn hədisələrə müraciət etməklə görürük ki, Allahın ipi, insanı tam arxayınlıqla uca tanrıya çatdıran məsum imamlardır.
İbn Həcər Heytəmi bu ayəni, Əhli-beyt (ə) haqqında nazil olmuş ayələr sırasında gətirmişdir. Habelə “Səqəleyn” hədisini bu ayənin (“İ’tisam” ayəsi) izahedicisi adlandırmaq olar. Çünki, o hədisdə Allahın rəsulu (s) möminləri Quran və Əhli- beyt adlı iki qiymətli gövhər ətrafında toplaşmağa çağırır. Bununla isə, onların həqiqət səmtinə yönəlib, azğınlıqdan yaxa qurtarmasını bəyan edir.
Əbu Cəfər Təbəri “İ’tisam” ayəsini təfsir edərkən belə deyir: “İ’tisam” dedikdə bir şeydən yapışaraq əl götürməmək nəzərdə tutulur, çünki ip elə bir şeydir ki, insanı məqsədə çatdırır.
Başqa bir tərəfdən bu hədisin bir sıra yazılarında “İ’tisam” sözü işlənmişdir. Nümunə olaraq İbn Əbu Şeybənin Peyğəmbərdən “Səqəleyn” hədisini nəql etməsini göstərmək olar. Burada göstərilir ki, Peyğəmbər (s) belə buyurdu:
انی ترکت فیکم ما لن تضلو ان اعتصمتم به کتاب الله و عترتی…
Elə bu səbəbdən təfsir və hədis alimləri “Səqəleyn” hədisini “İtisam” ayəsinin izahında gətirirlər.
Hakim Həskani birbaş İslam Peyğəmbərindən (s) belə nəql edir:
من احب ان یرکب سفینه النجات و یتمسک بالعروه الوثقی و یعتصم بحبل الله المتین فلیوال علیا ولیاتم بالهدات من ولده.
“Nicat tapmış gəmiyə minmək, sarsılmaz kəndirdən yapışmaq və Allahın ipindən əl götürməməyi istəyən şəxs, Əlinin (ə) vilayətini qəbul edib, onun hidayətçi övladlarının ardıcılı olmalıdır.”
Yekun olaraq deyə bilərik ki, ayə və onun izahında gəlmiş hədislər şəffaf şəkildə göstərir ki, Əhli-beyt, İslam xalqlarını öz ətrafına toplayan mərkəzi nöqtə, imamət və vilayətə dair müzakirə isə, əslində Quran və hədislərin təkidlə vurğuladığı vəhdətin mərkəzi oxu və meyarından söhbət etməkdir.
Hakim Neyşaburi, İbn Abbas vasitəsi ilə Peyğəmbərdən (s) belə nəql edir:
“Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimi ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir.
Əgər ərəb qəbilələrindən bir qrup onlarla qarşı-qarşıya durarsa, öz aralarında fikir ayrılığı düşər və şeytan dəstəsinin bir üzvünə çevrilərlər”.
Həmçinin Əbuzərin barəsində belə nəql edir ki, o, Kəbənin kənarında dayanaraq əlləri ilə Kəbənin qapısından tutub belə dedi: “Ey camaat məni tanıyanlar tanıyır, kimsə məni tanımırsa, mən Əbuzərəm. Allah Rəsulundan (s) eşitdim ki, buyurdu:
“Mənim Әhli- beytim, Nuhun gəmisi kimidir, ona minən nicat tapar və hər kəs ondan üz döndərsə, (dənizdə) qərq olar”.
Əli-Əsğər Rizvani , Qədir-Xum
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.