Hacı Şeyx Rəcəbəli

Bismillahir Rəhmanir Rəhim

«Cənab Şeyx» və ya «Şeyx Rəcəbəli Xəyyat» adı ilə məşhur olan, Allahın saleh və mö᾽min bəndəsi olan Hacı şeyx Rəcəbəli 1262-ci hicri ilində (Miladi 1883.)Tehran şəhərində dünyaya gəlmişdir.Atası məşhədi Baqir sadə bir fəhlə idi. Rəcəbəlinin on iki yaşı olarkən atası dünyasını dəyişmiş və o, özündən kiçik qardaş və bacısı ilə yetim qalmışdır. Şeyxin uşaqlıq dövrü haqda əlimizdə bundan artıq mə᾽lumat yoxdur. Amma onun özü anasından eşitdiyi xatirələri belə nəql edir:

«Sən mənim bətnimdə olan zaman atan kababxanada işləyirdi. Bir gün o, evə kabab gətirmişdi. Mən onları yemək istədikdə sən bətnimdə hərəkətə gəldin və ayaqlarınla qarnıma vurmağa başladın. Hiss etdim ki, bu kababı yeməməliyəm. Əl saxlayıb atandan bu məsələnin səbəbini soruşdum. Atan dedi: Doğrusunu desəm, bunları icazəsiz gətirmişəm! Mən də o yeməklərdən yemədim.»

Buradan mə᾽lum olur ki, şeyxin atası sadə bir insan olmuşdur və yüksək şəxsiyyətlərə xas olan qeyri-adi xüsusiyyətə malik olmamışdır. Amma şeyxin öz dediklərinə əsasən, atası Allah dostlarından birinə yaxşılıq etmiş və onun duası nəticəsində belə bir saleh övlad ərsəyə gətirmişdir.

Şeyxin beş oğlu və dörd qızı olmuş, qızlarından biri uşaq ikən dünyasını dəyişmişdir.

Şeyxin evi

Şeyxin atasından qalma sadə evi «Mövləvi» xiyabanının «Siyahlar» küçəsində yerləşirdi. O, ömrünün axırına kimi bu kiçik və sadə evdə yaşamışdır.

Onun oğlu deyir: Evimizin damı köhnə və uçuq olduğundan yağan yağışın suyu evin tavanından döşəməyə tökülürdü. Günlərin bir günündə bir neçə yüksək rütbəli hərbçi ölkənin böyük şəxsiyyətləri ilə birlikdə bizə gəlmişdilər. Biz də yağış daman yerlərə ləyən və kasa düzmüşdük. Onlardan biri bizim bu acınacaqlı vəziyyətimizi görüb getdikdən sonra münasib yerdə iki torpaq sahəsi almış və onları atama göstərib demişdi: Bunlardan birini sizin üçün, digərini isə özüm üçün almışam. Atam cavabında demişdi: Çox sağ olun, öz evimiz özümüzə kifayətdir.

Şeyxin övladlarından digər birisi deyir: Mənim məişət vəziyyətim yaxşılaşdığı üçün atama dedim: Atacan, mənim dörd tümən pulum vardır. Bu evimizi də on altı tümənə alırlar. İcazə verin, pulumuzu toplayıb münasib bir yerdə təzə ev alaq.

Atam buyurdu: İstədiyin vaxt özün üçün təzə ev ala bilərsən, mənim üçün elə bu da bəsdir!

Evləndikdən sonra evin ikinci mərtəbəsində iki otaq tikdirib hazırladıqdan sonra atama dedim: Atacan, sənin görüşünə yüksək şəxsiyyətli qonaqlar gəlir. Öz görüşlərinizi bu otaqlarda keçirsəniz yaxşı olar.

Atam buyurdu: Yox! Hər kəs istəsə elə bu otağa gəlsin, köhnə palazların üstündə otursun. Mənim heç nəyə ehtiyacım yoxdur!

Bu kiçik otağın döşəməsində sadə bir kilim və köhnə bir dərzi stolu vardı.

Bir neçə ildən sonra şeyx öz otaqlarının birini məşhədi Yadulla adlı bir taksi sürücüsünə iyirmi tümənə icarəyə verdi. Bir müddətdən sonra Yadullanın bir qızı oldu. Mərhum şeyx onun adını Mə᾽sumə qoydu, qulağına azan-iqamə dedikdən sonra iki tümən çıxardıb uşağın bələyinə qoydu və buyurdu: Yadulla! İndi sənin ailə üzvlərinin sayı çoxalıb və məişət xərcin də artıb. Bu aydan e᾽tibarən iyirmi tümən əvəzinə on səkkiz tümən icarə haqqı verəcəksən.

 

Məhəmmədi Reyşəhri , Məhəbbət iksiri

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment