Bismillahir rəhmanir rəhim
Şeyx Səduq «Əmali» kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:
Ömər deyir ki, bir gün imam Sadiq(ə.s)-dən soruşdum: –Fatimə(s.ə) dünyaya necə gəlmişdi? İmam(ə.s) buyurdu: –Xədicə(s.ə) Peyğəmbər(s) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicə(s.ə)-dən uzaqlaşdılar, belə ki nə Xədicə(s.ə)-nin evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə (s.ə) çox kədərlənir və bu çirkin əməllərin həzrəti-Mühəmməd(s)-ə zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dən gizlədirdi.
Bir gün Allahın Rəsulu(s) evə daxil olduqda Xədicə(s.ə)-nin kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicə(s.ə)-dən soruşduqda, o pak qadın belə cavab verir: «Bətnimdəki uşaq mənimlə söhbət edir. O, mənim munisimdir».
Peyğəmbər(s) buyurmuşdur: «Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də odur. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir».
Bu minvalla həzrəti-Xədicə(s.ə) hamiləlik dövrünü keçirirdi. O, Fatimə(s.ə.)-nin təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Mühəmməd(s)-ə ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Besətin ilk illərində müşriklər müsəlmanları bacardıqları qədər sıxışdırırdılar. (Həzrəti-Mühəmməd(s)-in tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss edirdilər.) Xədicə(s.ə) bu xəbərdən çox kədərləndi, lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə(s.ə) onları görcək qorxdu. Qadınlardan biri dedi: «Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahim Xəlil(ə.s)-in yoldaşı), bu, Məzahimin qızı Asiyadır. O, sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir».
Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə(s.ə) pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicə(s.ə)-nin qarşısında duran qadın Fatimə(s.ə)-ni götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə Fatimə(s.ə)-ni bələyib, digəri ilə isə başını bağladı, sonra Fatimə(s.ə)-ni dindirdi. Fatimə(s.ə) dil açıb Allahın birliyinə, Mühəmməd(s)-in isə onun rəsulu olmasına şəhadət verərək belə dedi: «Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır».
Sonra O, qadınlara ayrı-ayrılıqda salam verərək onların hər birini öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimə(s.ə)-nin mövludu münasibətilə təbrik söyləyib müjdə verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru heç bir vaxt sezməmişdilər. O zaman xanımlar Xədicə(s.ə)-yə dedilər: «Pak-pakizə və bərəkətli nəslə sahib olacaq mübarək övladını qucağına al!» Xədicə(s.ə) döşlərini qızının mübarək dodaqlarına tutdu. Süd cari oldu. Fatimə(s.ə) ondan sonra hər gün bir aylıq uşaq təki, hər ay isə bir illik uşaq kimi böyüyüb gündən-günə boy atırdı.
Fatimə(s.ə)-nin adları.
Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir:
«Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı[1].»
Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq, elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar.
Yenə də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın «Fatir» adından götürülmüşdür. O Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. «Zəhra» adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi.
Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə «Zəhra» deyirlər?»
Buyurdu: «Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi».
Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət əsnasında buyurdu: «Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu».
İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır: Behiştdə onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər: «Bu parlaq imarət Fatimə(s.ə.)-nindir».
Başqa bir rəvayətdə belə gəlmişdir ki, Allah-təala mələkləri yoxlamaq məqsədilə onlara tərəf qara bulud göndərdi. Bu zaman elə bir qaranlıq çökdü ki, mələklər bir-birini belə görmədilər. Allahdan bu qaranlığın onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını qəbul edib Fatimə(s.ə)-nin nurunu göndərdi.Məhz bu xanımın nuru ərşin ətrafında asılı halda günəş kimi göyün və yerin yeddi qatını işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala onlara buyurdu: «And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin savabını qiyamətə qədər həzrəti-Zəhra(s.ə)-nın Atasının, Ərinin və Övladlarının dostlarına verəcəyəm».
Həzrəti-Zəhra(s.ə)-nın adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən «Bətul» adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr Aşub «Mənaqib» adlı kitabında yazır: «Səhih rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından hər biri onun fəzilətlərini özündə əks etdirmişdir. İbn Babəveyh bu adları « Müvəllid Fatimə» kitabında sadalamışdır».
O Xanımın künyələri: «Ümmülhəsən», «Ümmülhüseyn», «Ümmülmöhsin», «Ümmuləimmə», «Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. Bu künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir.
«Mənaqib» adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə «Nuriyyə», «Səmaviyyə», «Haniyyə» də deyirlər.
«Haniyyə» adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-ya verilmişdi.
Beytül-əhzan, Şeyx Abbas Qummi