Həzrəti Məhdinin (ə.f) əshabı

Bismillahir Rəhmanir Rəhim

Həzrəti İmam Məhdinin (ə.f) əshabının adı, onun yanında olan bir səhifədə yazılmışdır.

 Ravəndi “Əl-Xəraic” kitabında (3/1122, həmçinin, “Uyun”, Şeyx Səduq 2/24-25, hədis 9, “Kəmaluddin”, Şeyx Səduq, 268) deyir: “Mövlamız Hüseyn (ə)-ın cəddi Rəsulullahdan (s) nəql etdiyi bir hədisdə deyilir: “…Hər bir mömin ondan (İmam Məhdidən (ə.f)) razı qalacaq. O, ədalətlə hökm edəcək və ədalətli olmağa göstəriş verəcək. Dəlillər və əlamətlər aşkar olunca Təhamədən xüruc edəcək. Allah onun üçün (dünyanın) ucqar şəhərlər(in)dən Bədr əhlinin sayı qədər – üç yüz on üçü nəfər – adam toplayacaq. Onun yanında bir səhifə olacaqdır ki, orada onun əshabının adları, atalarının adları, hansı ölkədən olduqları, əlamətləri və künyələri yazılmışdır””.

Həzrəti İmam Məhdinin (ə.f) əshabı içərisində Musa (ə)-ın qövmündən müəyyən bir dəstə, Əshabi-Kəhf və digərləri olacaq  

Şeyx Müfid “İrşad” (2/386) kitabında nəql edir: Müfəzzəl ibn Ömərdən nəql edilir və o da Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Kufənin (“Təfsiri Əyyaşi”-də: Kəbənin) arxasından iyirmi yeddi nəfər şəxs (dirilib) Qaim əleyhis-səlamla birgə qiyam edəcək. Onların on beş nəfəri Musa (ə)-ın qövmündən olacaq. Onlar o şəxlərdir ki, haqqa yönləndirib haqqa əməl edirdilər. Yeddi nəfər isə mağara əhlindən (Əshabi-Kəhf) olacaq. Digərləri isə Yuşə ibn Nun, Firon ailəsinin mömini, Salman, Əba Ducanə Ənsari, Miqdad və Malik Əştər olacaq. Bu şəxslər Onun (ə.f) köməkçiləri və hakimləri olacaqlar”.

İbn Mərdəveyh yazır: “İbni Abbasdan, o da Allah Rəsulundan (s) nəql edir ki, həzrət (s) buyurdu: “Əshabi-Kəhf Məhdinin köməkçiləridir”.” (“Əd-Durrul-Mənsur”, Suyuti, 4/215, “Fəthul-Bari”, İbn Həcər, 6/365, “Təfsuri-Alusi”, 15/228)

Onların sayları Bədr əshabının sayı qədərdir və onlar bayraq sahibidirlər

Şeyx Səduq rəvayət edir: Müfəzzəl ibn Ömər dedi: İmam Sadiq (ə) buyurdu: “Sanki mən Qaimin, Bədr əshabının sayı qədər adamın; üç yüz on üç nəfər şəxsin əhatəsində Kufədə minbər üstündə oturduğunu görürəm. Onlar bayraqlar sahibidir, onlar Allahın yerdə bəndələr üzərindəki hakimləridir…” (“Kəmalud-din”, 672-673, hədis 25)

Əbu Əyyub Əbu Bəsirdən nəql edir ki, (Əbu Bəsir) dedi: Kufədən olan bir kişi Əba Əbdillahdan (ə) soruşdu: “Qaim əleyhis-səlamla birgə neçə nəfər qiyam edəcək? Deyirlər onunla birgə Bədr əshabının sayı qədər; üç yüz on üç nəfər adam qiyam edəcək”. Həzrət (ə) buyurdu: “O yalnız çox güclü bir dəstə ilə qiyam edəcək. Çox güclü bir dəstə isə on mindən az olmayan dəstədir”. (“Kəmalud-din”, 654, hədis 20)

Əllamə Məclisi bu hədisin izahında buyurur: “Hədisin mənası budur ki, İmamın (ə.f) əshabı təkcə üç yüz on üç nəfərlə məhdudlaşmayacaq. Bu say (313 nəfər), həzrətin (ə.f) qiyamının əvvəllərində ona qoşulacaq şəxslərin sayıdır”.

Yer üzünün İmamın (ə.f) əshabı ilə fəxr etməsi

Şeyx Səduq buyurur: Əmr ibn Şimr Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Sanki mən Qaimin əshabının yanındayam (onları görürəm). Onların, yerin şərqində və qərbində olanlardan xəbərləri var. Elə bir şey yoxdur ki, onlara tabe olmasın. Hətta yerdəki vəhşi heyvanlar və quşlar arasındakı yırtıcı quşlar belə hər bir işdə onların razılığını güdürlər (onları razı salmağa çalışırlar). Hətta yerin (bir hissəsi o biri) hissəsi qarşısında iftixar edərək deyir: Bu gün mənim üzərimdən Qaimin (ə.f) əshabından olan bir şəxs keçdi!” (“Kəmalud-din”, 673, hədis 25, “Bihar”, 52/327, hədis 43)

Şeyx Abdullah Həsən Ali Dərvişin “Məhdiyyul-uməm” kitabından

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment