Hədislərdəki, “islah“-ın mənası

Bismillahir rəhmanir rəhim

 Bir sıra hədisi-şəriflərdə İmam Məhdi (ə)-ın işi barədə “islah” (yoluna qoyma, səhmana salma) təbiri işlənmişdir. Görəsən Əhli-Beyt (ə) hədislərində qeyd edilən bu ifadədən məna nədir?

İmam Hüseyn (ə)-dan belə nəql edilir: “Mənim övladlarımdan olan doqquzuncu şəxsdə Yusifdən (ə) və Musa ibn İmrandan (ə) bir əlamət vardır. O, biz Əhli-Beytin Qaimidir. Allahu-təala onun işini bir gecədə islah edəcək (yoluna qoyacaq)”. (Mucəmu-əhadisil-İmami-Məhdi: 3/179)

Həmçinin, Allah Rəsulundan (s) belə nəql edilir: “Allah Məhdini bir gecədə islah edəcək”.

Hədislərdə qeyd edilən bu “islah” kəliməsindən məqsəd nədir?

Görəsən, məqsəd İmamın (ə) mübarək şəxsiyyətində “islah”ın baş verməsidir? Yoxsa məna, o həzrətin qiyam və xüruc etmə işinin yoluna qoyulmasıdır? Və ya inqilabının baş verməsi üçün şəraitin hazırlanmasıdır?

Məlumdur ki, İmamın (ə.f) mübarək şəxsityyətində heç bir nöqsan və eyb yoxdur. Həzrət (ə) cismi cəhətdən nöqsanlı deyil ki, məsələn gözləri görməyə və buna görə də gözləri islah edilə. Həmçinin, İmam (ə.f) əxlaqi cəhətdən (haşa) nöqsanlı deyil ki, əxlaqi və ya ictimai davranışları gözəlləşdirilə və islah edilə. İmam (ə) xəlqən və xulqən kamildir və fəzilət və üstünlüyün ən son zirvəsindədir. Deməli aydın olur ki, hədisdəki “islah”dan məna cismi və ruhi islah deyil. Elə isə görəsən, bu islah, zühur etməsi üçün şərtlərin hazır olması mənasına gələn dünyəvi islahdır, yoxsa öz ilahi qiyamına başlaması üçün o həzrətə Allah tərəfindən izin verilməsidir?

Həqiqətdə, Əhli-Beyt (ə) hədislərində gələn “islah” sözü dünyəvi islaha işarə etmir. Buna bir sıra hədislər də dəlalət edir. Belə ki, indi qeyd edəcəyimiz hədislərdən bu islahın dünyaya deyil, İmamın (ə) özünə aid olduğu bəlli olur:

1-Yəzid əl-Kinasidən belə nəql edilir: “Əba Cəfər Muhəmməd ibn Əli (ə)-ın belə buyurduğunu eşitdim: Bu işin Sahibində Yusifin (ə) bir əlaməti vardır… (və o budur ki,) Allah onun işini bir gecədə yoluna qoyacaq”(Mucəmul-Əhadis: 3/239).

2-Əmirəl-möminin (ə) Allah Rəsulundan (s) belə nəql edir: “Məhdi biz Əhli-Beytdəndir. Allah onu bir gecədə islah edəcək”. (Əqdüd-Dürər: 21, Kənzul-Ummal: 14/264 və s.)

3-İmam Sadiq (ə) buyurur: “Bu işin Sahibinin qeybə çəkilməsi olacaq… Allah onun işini bir gecədə islah edəcək”( Mucəmul-Əhadis: 3/358).

4-Əbdül-Əzim əl-Həsəni İmam Təqi (ə)-dan belə nəql edir: “Bizim Qaimimiz olan Məhdi… xüruc edib yer üzünün haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq. Allah təbarəkə və təala onun işini bir gecədə islah edəcək (yoluna qoyacaq). Necə ki, Allah öz həmsöhbəti Musanın (ə) işini islah etmişdi. Belə ki,  o öz ailəsi üçün od tapmağa getmişdi, lakin qayıdarkən rəsul və peyğəmbər kimi qayıtdı..” (Biharul-Ənvar: 51/156)

Bu və digər hədislərdə işlədilən təbirlərdən “işinin bir gecədə islah edilməsi” ifadəsinin hansı mənaya gəldiyini aydın şəkildə başa düşürük. Xüsusən də, hədislərdə İmamın (ə.f) işinin islahının Musa (ə)-ın işinin islahına bənzədilməsi məsələni daha da aydın edir. Belə ki, bu təbirlərdən başa düşürük ki, əslində “islah” deyərkən (əvvəlki iki məna deyil,) “xüruc izni” nəzərdə tutulur. Başqa sözlə, o həzrətə qiyam, təbliğ, zühur etmək izninin verilməsi nəzərdə tutulur. Necə ki, İmam Sadiq (ə) buyurur: “..Musa ibn İmran (ə) öz ailəsi üçün od tapmağa getmişdi, lakin qayıdarkən rəsul və peyğəmbər kimi qayıtdı. Beləcə, Allah öz bəndəsi və peyğəmbəri olan Musanın (ə) işini bir gecədə islah etdi. Allah təbarək və təala on ikinci imam olan Qaim (ə)-la da belə edəcək. Onun işini də öz peyğəmbəri Musanının işi kimi bir gecədə islah edəcək (yoluna qoyacaq): onu sıxıntı və qeybətdən fərəc və zühura çıxaracaq!”(Dəlailul-İmamə: 247, Məlahimu İbn Tavus (r): səh.81).

 

Seyyid Hüseyn Müdərrisi, “Zalikə yovmul-xuruc”

Tərcümə: Zuhuradogru.org

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment