Bismillahir rəhmanir rəhim
Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: “Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mö`min insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bə`zən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”
Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: “Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: “Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bə`zilərinin nəzərində bunlar günah hesab olmasın.)
İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: “Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: “Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)
Ayətullah Behcətin həyatı, Məlahət Əsədova