Qeybəti suğranın başlanması və səbəbləri

Bismillahir rəhmanir rəhim

İmam Məhdi (ə)-ın “kiçik qeyb dövrü” atası İmam Həsən Əskəri (ə)-ın şəhadətindən sonra başlamışdır. 260-cı hicri ilinin Rəbiul-Əvvəl ayının 8-də, səhər vaxtı İmam Həsən Əskəri (ə) şəhadətə yetişmiş və bununla da imamət o həzrətdən övladı İmam Məhdi (ə)-a keçmişdir. Həzrət (ə) qeybət dövrünün başlanması ilə özünün ilk vəkili təyin etmişdir ki, bu böyük şəxs də Osman bin Səid əl-Əmri (r.ə)-dir. Kiçik qeybət dövrü 329-cu hicri ilinin mübarək Şəban ayının 15-də, dördüncü naib cənab Əbul-Həsən Əli bin Muhəmməd əs-Səmuri (r.ə)-in vəfat etməsi ilə başa çatmışdır. Bütün bu dövr isə təxminən yetmiş il çəkib. Kiçik qeyb dövründə həzrət İmam (ə)-ın xüsusi naibləri və ya səfirləri dörd şəxs olmuşdur. Bunlar; cənab Osman bin Səid əl-Əmri, onun oğlu cənab Muhəmməd bin Osman, cənab Həsən bin Ruh və cənab Əli ibn Muhəmməddir. (Allah hamısından razı olsun).

İmam Məhdi (ə)-ın qeybə çəkilməsinin səbəbini İmam Sadiq  (ə) belə açıqlayır: “Bu işin sahibinin bir qeybə çəkilməsi olacaq ki, bu zaman hər bir mübtəla olan şübhəyə düşəcək.” Ravi deyir: Dedim: Sənə fəda olum, nə səbəbə? Dedi: “Bizə onu sizə açıqlamağa icazə verilməyən bir işə görə.” Dedim: Onu qeybə çəkilməsində hikmət nədir? Buyurdu: “Onun qeybə çəkilməsininin hikməti ondan öncə qeybə çəkilən Allah höccətlərinin (vəsilərin) qeybə çəkilmələrindəki hikmətdir. Onun bu qeybə çəkilməsindəki hikmət yalnız o zühur etdikdən sonra məlum olar. Necə ki, Xizr (ə) gəmini deşərkən, uşağı öldürərkən və divarı təmir edərkən (bütün bunların heç birisi) Musa (ə) üçün (o zaman) aydın olmamışdı. Bu, yalnız onlar ayrılarkən (ən sonda) Musa (ə) üçün aydın oldu. Ey İbni Fəzl, həqiqətən də bu iş Allahın işindən bir iş, Onun sirrindən bir sirr, Onun qeybindən bir qeybdir. Əgər biz biliriksə ki, O Həkimdir (hikmət sahibi), (deməli) bizə bəlli olacaq ki, Onun etdiyi bütün işlər hikmətdir (Onun bütün işləri bir hikmət üzündəndir), hətta o işlər bizim üçün aydın olmasa belə.

Dördüncü naibin (r.ə) vəfatından sonra, yəni 329-cu hicri ilində “böyük qeyb dövrü” başlamışdır.

 

Imamalmahdi.com saytının ərəb bölməsinə istinadən

1 thought on “Qeybəti suğranın başlanması və səbəbləri”

Leave a Comment