Bismillahir Rəhmanir Rəhim
Qeyd etdik ki, dini rəhbərlər məsumdurlar və Allahın əsil hökmlərindən xəbərdardırlar. Buna görə də məsumlar arasında baxış fərqi yoxdur. Fəqihlər isə məsum deyillər və şəxsi araşdırmaları ilə öz fətvalarını bəyan edirlər. Bəzən onların dəlilləri arasında fərqlər olur. Buna görə də fətvalar arasında fərq təbiidir. Biz bunu inkar etmirik. Bəzi fiqhi mənbələr mötəbər dəlillərə malikdir və həmən mənbələrlə bağlı heç bir ixtilaf yoxdur. Bütün fəqihlər şəri hökmlərin isbat üsulu ilə tanışdırlar. Onlar həmin mənbələr arasında yekdil qərarlarını bildirirlər. Qeyd olunan mənbələr əsasında çıxarılan hökmlər zəruri və qətidir. Bəzi fiqhi dəlillərin isə mənbələri qəti olmadığından fətvalar arasında fərq yaranır.
Həzrət Mehdinin (əc.) qeyb dövründə fəqihlər məsumla görüşə bilmədiklərindən şəri hökmlərin isbatı üçün rəvayət kitablarına müraciət etməyə məcburdurlar. Bu kitabların müxtəlif nüsxələri var və ayrı-ayrı nüsxələr arasında fərqlər mövcuddur. Bəzən köhnəlmiş kitabları oxumaq çətin olur. Qədim xətləri oxuyarkən fərqli mülahizələr yaranır. Nəzərə alsaq ki, bugünkü nəşrlərdə də fərqlər olur, uyğun problemi anlamaq asanlaşar. Əgər fəqih bütün mənbələri əldə edə bilmirsə, təbii ki, fətvalar arasında fərq olasıdır.
Rəvayət mənbələri arasında da fərqlər var. Bəzən müxtəlif rəvayətçilər tərəfindən nəql olunmuş hədislər arasında fərq olur. Fəqih rəvayətin mötəbərliyini təyin edir. Məsələn, “İbn Sənan” adı ilə iki rəvayətçi tanınmışdır. Onların biri Məhəmməd ibn Sənan, digəri Abdullah ibn Sənandır. Fəqih min bir zəhmətlə rəvayətin hansı ibn Sənan tərəfindən nəql olunduğunu müəyyənləşdirir.
Rəvayətlərin anlaşılmasında da problemlər var. Bir neçə rəvayətçi tərəfindən ötürülmüş buyuruqların mötəbərliyi dəqiqləşdirilməlidir. Bəzən eyni bir söz məsumun dövründə bir mənada, hazırkı gündə başqa mənada işlədilir. Məsələn, Quran və “Nəhcül-Bəlağə”də “təqiyyə” sözü “təqva” mənasında işlədilmiş “təqah” sözü ilə eyni kökdəndir. Bu söz İmam Sadiqin (ə) dövründə təqiyyə, yəni əqidəni açıqlamamaq mənasında işlədilmişdir. Məsumların müəyyən buyuruqları təqiyyəyə əsaslana bilər. Fəqih bütün bu problemləri həll etməlidir. Bu qəbil araşdırmalarda fərqli baxışların olması təbiidir.
Fəqihlərin fətvaları arasındakı fərq müxtlif sahələrdə mütəxəssislərin baxışları arasındakı fərq kimidir. Biz ağılın mühakiməsindən istifadə etməli, daha elmli insanlara üz tutmalıyıq. Bu səbəbdən də daha elmli fəqihə müraciət edilməsi tapşırılır. Əlbəttə ki, ələm (daha elmli) fəqihin fətvasının Allah hökmü olduğunu iddia etmək olmaz. Hər halda daha alim fəqihin fətvası daha mötəbərdir.
Fiqhi mənbələrdə ictihad və şəri hökmlərin çıxarılması müəyyən üsullara əsaslanır. Fəqih bu çərçivədən çıxa bilməz. Fəqihin ixtiyarı yoxdur ki, öz baxışını məsumun baxışı kimi təqdim etsin. Rəvayətlər rəy əsasında şərh oluna bilməz. Demək, fətvalar arasındakı fərq dövrün dəyişməsi ilə əlaqədar deyil. Eyni bir dövrdə də fətvalar arasında fərq olur. Hətta eyni bir fəqih öncə bir fətva verir, bir müddət sonra fətvasını dəyişir. Fəqihin fətvası bəzən min il bundan öncəki fəqihin fətvasına uyğun olur. Bəzən də eyni dövrdə yaşayan fəqihlərin fətvası fərqlənir. Fəqih vəzifəlidir ki, din çərçivəsində fiqhi qaydalardan istifadə edərək dini hökmlər barədə rəy bildirsin. Bu yönümdə kimsə öz meyl və həvəsinə əsaslana bilməz. Bəli, fəqihlərin fətvaları arasındakı fərqin kökü dini plüralizmlə yox, mənbələrlə bağlıdır.
Ədalətli və təqvalı fəqihlər öz araşdırmaları nəticəsində fərqli fətvalar verirsə, onların fətvaları möhtərəmdir. Kimsənin onlara eyb tutmağa ixtiyarı yoxdur. Başqa sahələrdə də mütəxəssislər fərqli fikirlər söyləyir və onların fikirləri hörmətlə qarşılanır. İxtisası olmayanların sözü isə mötəbər deyil. Həkim olmayan bir şəxs tibb elmindən nə danışsa, məqbul deyil. Dini biliklərdən xəbərsiz insanın da fətva vermək haqqı yoxdur. Əlbəttə ki, kimlərsə xalqın və ya Amerikanın istəyinə uyğun fikir söyləyə bilər. Amma yalnız mütəxəssislərin söylədikləri mötəbər sayılır.
Ustad Misbah Yəzdi : İnsan həyatında təqlidin rolu
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.