Fərəcin intizarı (Kəmalud-Din kitabından)

Bismillahir rəhmanir rəhim

 Şeyx Səduq (r.ə) “Kəmalud-din” kitabının 55-ci babında (səh.644) müntəzirlərin fəziləti ilə bağlı bir sıra hədislər qeyd etmişdir ki, misal olaraq onlardan bir neçəsini qeyd edək:

1-Əbdül-Həmid əl-Vasiti deyir: “İmam Sadiq (ə)-a dedim: Allah sizə yardımçı olsun, biz bu işin intizarını çəkməkdən öz iş-gücümüzü atmışıq. Həzrət (ə) buyurdu: Ey Əbdül-Həmid, görəsən ola bilərmi ki, bir şəxs özünü Allaha həsr edə, amma Allah onun üçün bir çıxış yolu qoymaya? Xeyir, Allaha and olsun ki, Allah belə şəxs üçün mütləq bir çıxış yolu (fərəc və rahatlıq) qərar verəcəkdir. Allah rəhmət etsin o bəndəyə ki, özünü bizə həsr edir, Allah rəhmət etsin o bəndəyə ki, bizim işimizi dirildir. Ravi deyir, dedim: Əgər Qaimi görmədən ölüb getsəm necə olacaq?

Buyurdu: İçərinizdən hər kim desə ki, “əgər Ali-Muhəmmədin Qaiminin zamanında yaşasaydım, mütləq ona kömək edərdim”, onun önündə qılınc vuran kimidir, yox-yox, hətta onun önündə şəhid olan kimidir”.

2-Musa ibn Bəkr əl-Vasiti İmam Rza (ə)-dan, o həzrət də ataları (ə) vasitəsilə Allah Rəsulundan (s) nəql edib deyir: “Ümmətimin ən fəzilətli əməli, izzət və cəlal sahibi olan Allah tərəfdən fərəcin gəlməsinin intizarında olmaqdır”.

3-Muhəmməd ibn Fuzeyl deyir: “Əbul-Həsən Rza (ə)-dan fərəc barədə soruşdum, buyurdu: İzzət və cəlal sahibi olan Allah deyir: “Gözləyin (intizarda olun), Mən də sizinlə birgə gözləyirəm” (Əraf surəsi, 71)”

4-Muhəmməd ibn Əbu Nəsr deyir: “Həzrəti Rza (ə) buyurdu: Nə gözəldir səbr etmək və nə gözəldir fərəcin intizarında olmaq. Məgər eşitməmisən ki, izzət və cəlal sahibi Allah buyurur: “Gözdə-qulaqda olun, Mən də sizinlə birgə gözləyirəm” (Hud surəsi, 94), həmçinin, ”Gözləyin (intizarda olun), Mən də sizinlə birgə gözləyirəm”. Siz səbr etməlisiniz, fərəc ümdsüzlük zamanı gələcək. Sizdən öncəkilər sizdən daha səbirli idilər”.

5-Əmmar əs-Sabati deyir: “Əba Əbdillah Sadiq (ə)-a dedim: Sizdən olan gizli imamla[1] birgə batil dövləti zamanında yaşayıb ibadət etmək üstündür, yoxsa haqqın zühur etdiyi və haqq dövləti (qurulduğu) zamanda aşkar olan imamla birgə edilən ibadət? Dedi: Ey Əmmar, Allaha and olsun ki, gizlində (batil dövlətində) verilən sədəqə, aşkarda verilən sədəqədən daha üstündür. Eləcə də, imamınız gizlin olduğu zamanda batil dövlətində etdiyiniz ibadət, haqq zühur etdiyi və haqq dövləti qurulduğu zamanda aşkar imamla birgə etdiyiniz ibadətdən daha üstündür. Ona görə ki, batil dövlətdə yaşadığınız və onlarla məcburi şəkildə keçindiyiniz zaman düşmənlərinizdən qorxub çəkinən bir halda ibadət edirsiniz[2]. Batil dövlətində qorxa-qorxa edilən ibadət, haqq dövləti zamanı axayınlıqla edilən ibadət kimi deyil (birinci daha üstündür). Bilin, sizlərdən hər kim öz vacib namazını düşmənindən gizlədərək öz vaxtında qılıb tamam edərsə, izzət və cəlal sahibi olan Allah bunun əvəzində ona təklikdə qılınan iyirmi beş vacib namazın savabını yazar. Sizlərdən hər kim də nafilə namazı qılıb onu tamam edərsə, izzət və cəlal sahibi olan Allah buna görə ona on nafilə namazının savabını yazar. Kim (bu dövrdə) bir yaxşı iş görərsə, Allaha bunun əvəzində ona iyirmi yaxşı iş(in savabını) yazar. Allah, sizlərdən mömin olub  öz əməllərini gözəl edən, dininə, İmamına və özünə görə təqiyyə edən və bu şəkildə Allaha ibadət edən və həmçinin dilini qoruyan şəxsin xeyir əməllərini(n savabını) qat-qat və olduqca çox artırar.

Ravi deyir, dedim: Sizə fəda olum, məni əməl etməyə rəğbətləndirdiniz. Lakin bir şeyi də bilmək istərdim və o da budur ki, necə olur ki, bu gün bizim etdiyimiz əməllər haqq dövləti zamanında sizdən olan aşkar İmamın əshabının edəcəyi əməllərdən üstün olur? Halbuki, onlar da biz də bir dinə; izzət və cəlal sahibi olan Allahın dininə qulluq edirik?!

Buyurdu: Siz Allahın dininə daxil olmaqda, namazda, orucda, həccdə, bütün xeyir işlərdə və Allaha ibadətdə onları qabaqlamısınız. Siz bu ibabətləri  gizli olan imamınızla birlikdə düşmənlərinizdən gizlədərək edirsiniz. İmamınıza itaət edir, onunla birgə səbr edir, haqq dövlətini gözləyir, imamınıza və özünüzə zalım hökmdarlar tərəfdən xətər yetməsindən qorxursunuz. Baxıb görürsünüz ki, imamınızın və özünüzün haqqı zalımların əlindədir və onlar sizi ondan məhrum ediblər. Əvəzində isə sizi dünya dalınca salıb, gündəlik tələbat arxasıyca qaçmağa məcbur ediblər. Siz bu vəziyyətdə səbrlə din(darlıq) və ibadət edir, imamınıza itaət göstərirsiz və düşmənlərinizdən qorxan halda yaşayırsınız. Buna görə də Allah sizin əməllərinizi(in əcrini) daha da artırır. Elə isə xoş olsun sizə, xoş!

Ravi deyir, dedim: Sizə fəda olum, onda biz nə üçün haqq dövlətində yaşayıb İmam Qaim (ə)-ın əshabından olmağı arzu edək ki? Bir halda ki, bu gün sizin imamətiniz və itaətinizdə olduğumuz üçün əməl baxımından haqq dövlətində yaşayanlardan daha üstünük!

İmam (ə) buyurdu: Sübhanallah, məgər istəmirsiniz ki, Allah hər yerdə haqq və ədaləti aşkar etsin? İstəmirsiniz ki, bəndələrin vəziyyəti yaxşılaşsın, Allah onların sözlərini bir etsin, ayrılmış qəlbləri bir-birinə yaxınlaşdırsın, yer üzündə izzət və cəlal sahibi olan Allaha məsiyət edilməsin, Allahın bəndələr içərisində qoyduğu qanunlar icra olunsun, Allah haqqı öz əhlinə qaytarsın və beləcə onlar onu aşkar etsinlər və haqq heç kəsdən gizli qalmasın? Bil, ey Əmmar, sizlərdən hər kim bu halda (batil dövlətində və ya qeybət dövründə intizar çəkən halda) ölərsə, Allah (ə.c) yanında Bədr və Uhudda şəhid olan kəslərin bir çoxundan daha üstün olar. Elə isə, müjdə olsun sizə!”

 

Şeyx Səduq, “Kəmalud-din və təmamun-nimə”

Tərcümə: Zuhuradogru.org

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]  Hədisdəki “gizli olan imam”-dan məqsəd qeybdə olan imam deyil. Məqsəd zalım hökumət zamanında yaşayıb fəziləti ümumi camaatdan gizli qalan imamdır. Necə ki, daha sonra məlum olacaq. Lakin buna baxmayaraq hədisi-şərifi qeyb dövrünə və qeybdə olan İmama (ə) da aid etmək olar. Bu səbəbdən də mərhum müəllif hədisi “fərəcin intizarını çəkən şəxsin savabı” adlı babda gətirmişdir. Müt.

[2]  Daimi təqib və əqidəsinə görə öldürülmək qorxusu ilə. Müt.

Leave a Comment