Elmi münazirə, bəhslər zamanı nələrə diqqət etməliyik? – Quran işığında

İmamın xas naibləri

Salam olsun doğru yola tabe olan hər bir kəsə! (“Taha” surəsi, 47)
Şübhəsiz ki, Allah yanında din İslamdır… (“Ali – İmran” surəsi, 19) ayəsini rəhbər tutaraq həyatını İslama görə yaşayanlar, həm də bu dini başqalarına çatdırmaqla məsuldurlar. İslamın ilkin dövrlərində əziz peyğəmbərimiz (s) bu ilahi vəzifəyə məktub vasitəsi ilə əməl edirdisə, sonrakı dövrlərdə xüsusi müəllimlərin vasitəsilə bu işə əməl olunurdu. Zaman keçdikcə bu iş kitabların vasitəsi ilə həyata keçməyə başladı və insanların maariflənməsində kitablar əvəzsiz rola sahib oldu. Hazırki zamanda məlumatların insanlara çatdırılmasında internetin də rolu az deyil. Lakin, bunu da bilmək lazımdır ki, internet və sosial şəbəkələrdə yayılan bu informasiyaları ciddi şəkildə araşdırıb təhlil etmək lazımdır.
İndi isə gəlin söhbətimizin əsas hissəsinə keçid alaq. Biz İslamı insanlara çatdırarkən əsasən hansı qaydalara riayət etməliyik?
Əvvəla bunu bilmək lazımdır ki, İslam dini ədəb və ərkan dinidir. Odur ki, hər bir müsəlman dini başqalarına çatdırarkən diqqət edəcəyi ən birinci və ən mühum məsələ ədəb və ərkandır.Əslində bu Quranın bizdən tələb etdiyi qaydadır. Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.” (“Nəhl” surəsi, 125)
Bəli, ədəb və ərkan mütləq qorunmalı, qarşı tərəflə danışarkən mülayim olmaq lazımdır.Hətta qarşımızdakı kafir belə olsa. Məsələ daha da aydın olsun deyə Qurandan məsələ ilə bağlı bir hadisəni qeyd edək. Bildiyiniz kimi Firon Allaha üsyanı, və zülmkarlığı ilə həddini aşmışdı.İş o yerə çatmışdı ki, Firon özünü Allah elan etdi. (“Naziat” surəsi, 24) Uca Allah o dövrün peyğəmbərini Hz Musa və qardaşı Harun (ə) Fironun yanına göndərərkən buyurduğu bu ayə çox ibrətamizdir. “Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).” (Taha 43-44) Deməli qarşı tərəflə kobud danışmaq, ədəb və ərkandan kənar olduğu kimi, Quranın prinsiplərinə də ziddir.
Təbliğ zamanı ikinci əsas məsələ təhqir və söyüş kimi nalayiq söz və hərəkətlərdən çəkinmək lazımdır ki,bu da Quranın istəyidir. Uca Allah buyurur: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.” (“Ənam” surəsi, 108)
Deməli İslamı təliğ edərkən qarşı tərəfi təhqir edib söymək olmaz. Hətta qarşı tərəf kafir də olsa. İslami dəyərləri qarşı tərəfə çatdırarkən təhqirdən qətiyyətlə uzaq durmalıyıq. Bu həm Qurana həm də əziz İslam peyğəmbərinin (s) əxlaqına ziddir.
Diqqət olunası bir məqamda bundan ibarətdir ki, qarşı tərəfə fikrimizi dəlil və subutlar əsasında təqdim etməliyik.Kor-koranə olaraq məcburi şəkildə inansanlara nəyisə qəbul etdirmək məntiqə və ağıla zidd olduğu kimi Qurana da ziddir. “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə.” (“İsra” surəsi, 36)
Başqa bir mübarək ayədə Allah bizi dəlil və subutla danışmağa dəvət edərək buyurur: “De: Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.” (“Bəqərə” surəsi, 111)
Digər bir ayədə isə bu mətləbə işarə olunaraq buyrulur: “(Ya Peyğəmbər,) de: Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik.”
Daha bir mühum məsələ bundan ibarətdir ki, qarşı tərəflə danışdığımız zaman, gətirdiyimiz subut və dəlillərə baxmayaraq əgər yenə də fikrimizi qəbul etmirsə, belə bir halda belə onu təhqir edib alçatmağa haqqımız yoxdur. Allah hətta bəzi yerlərdə peyğəmbərini (s) xristianlarla belə vəhdətə dəvət edərək buyurmuşdur: “De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq…” (“Ali İmran” surəsi, 64)
Başqa bir ayədə isə belə buyrulur: “Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) sən mömin deyilsən deməyin…” (“Nisa” surəsi, 94)
Salam olsun doğru yola tabe olan hər bir kəsə! (“Taha” surəsi, 47)

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir