Düzgün təqlid və onun şərtləri

Bismillahir rəhmanir rəhim

 

Dini vəzifələrimizə və şəri hökmlərə münasibətdə Peyğəmbər (s) və Əhli-beytin (ə) yolunu izləyən bizlər həqiqi İslam maarifindən faydalanmaq istəyindəyik. Təqlid məsumların rəy və baxışına yaxınlaşmaq üçün zəruri şərtdir. “Hər kəs öz rəyini meyar götürməlidir” kimi şeytani şübhələr bizim üçün qəbulolunmazdır. Öncə prinsipial olaraq təqlid mövzusunu araşdırmalı, təqlidin düşüncə və fitrət, Quran və sünnə baxımından təsdiqlənən bir həqiqət olduğuna inanıb təqlid dairəsini müəyyənləşdirməliyik. Təyin etməliyik ki, hansı hallarda təqlid olar, hansı hallarda olmaz. Təqlid mövzusunu araşdırarkən zaman və məkan məhdudiyyətlərini nəzərdən qaçırmamalıyıq. Bəzi dini hökmlər və göstərişlər üçün zaman və məkan məhdudiyyətləri vardır. Məsələn, geyim məsələsində isti məntəqələrdə yaşayan insan soyuq məntəqələrdəki insanlara, soyuq məntəqədə yaşayan insanlar isti məntəqədə yaşayan insanlara təqlid edə bilməz. Bu onların sağlamlığı üçün təhlükəlidir.

İslam peyğəmbəri isti havalı hicazda yaşadığından həmin iqlimə uyğun geyinmişdir. Təbii ki, soyuq məntəqədə yaşayan insan «peyğəmbərə təqlid edirəm» deyib eyni libasları geyinə bilməz. Hətta təqlidin düzgün olduğu hallarda onun mütləq olub-olmadığı, zaman və məkan kimi müəyyən şərtlərdən asılılığı öyrənilməlidir. Bəzən danışıqda da müəyyən qeydlər edilir. Bu qeydlərdən aydın olur ki, öyrənilən söz nəzərdə tutulmayan bir hala aid ola bilər. Eyni zamanda söz şərti rəftara şamil olunmur. Çünki rəftar danışıqdan fərqlidir. Rəftarla bağılı qeydlər “ləbbi” və ya “məqami” səciyyələrə malikdir. Bəzən danışıq üçün də uyğun şərtlər özünü doğruldur.

İCTİHAD ZƏRURƏTİ VƏ DİNDƏ TƏQLİD

Şübhəsiz ki, dini hökmləri tanımaq üçün Əhli-beytdən (ə) nəql olunmuş rəvayətləri tərcümə edib xalqın ixtiyarına vermək düzgün deyil. Bəziləri iddia edirlər ki, fəqihlərin risalə yazmasına ehtiyac yoxdur və xalq özü rəvayətlərdən nəticə çıxarmalıdır. Hansı ki, rəvayətləri anlamaq üçün müqəddimə biliklərə ehtiyac var. Rəvayətin qəbul olunması üçün şərtlər mövcuddur. Ən əsası rəvayətin mötəbərliyi təyin olunmalıdır. Bunun üçünsə fundamental biliklərə ehtiyac var. Yalnız fəqihlər rəvayətləri araşdırıb, onları müqayisə etmək və sonda düzgün qənaətə gəlmək imkanına malikdirlər. Bəzən nəql olunmuş rəvayətin əsas məqsədi qapalı olur. Bu qəbil rəvayətləri düzgün anlamaq üçün insan hədis elmi ilə tanış olmalı, düzgün nəticə əldə etmək üçün oxşar rəvayətlərdən istifadə etməlidir.

Məsumların rəftar və əməllərindən danışan müəyyən rəvayətlər üçün isə hər hansı şərt qoyulmur. Bu qəbil rəftarlardan hamı, istənilən məkan və zamanda istifadə edə bilər. Uyğun rəvayətləri nümunə götürmək üçün ictihada ehtiyac yoxdur. Məsələn, həzrət Əli ibn Əbu Talibin ədalətə münasibəti həmişə örnəkdir. Bəzi rəftarlar isə mütləq deyil, onların qəbulu üçün müəyyən şərtlər ödənməlidir. Kimsə şübhə etmir ki, Əli ibn Əbu Talib ibadət əhli idi, Quran oxuyurdu. Onun düşmənləri də qəbul edirlər ki, Əmirəl-möminin vaxtının çoxunu ibadətdə keçirirdi. Həzrət hətta xurma bağılarında işlədiyi vaxt zikr edir, dua oxuyur, Quran qiraət edirdi. Amma araşdırmaya ehtiyaclı suallar da var. Məsələn, bir müstəhəb əməl o biri vacib əmələ mane olduqda Əmirəl-möminin müstəhəb əməli yerinə yetirirdimi? Məsələn, Əmr ibn Əbduvədlə savaşa getməli olduğu vaxt namazı döyüşdən üstün sayırdımı? Şübhəsiz ki, Əmirəl-möminin həm ibadət, həm də cihad əhli idi. İki iş bir-birinə mane olduqda həzrət daha mühümünü seçirdi. Demək, Əmirəl-mömininin əməl və rəftarlarından ibrət götürmək üçün müəyyən şərtlər nəzərə alınmalıdır. Məsələn, namazın cihada mane olması bir şərtdir. Bu qəbil qeyri-mütləq məsələlərdə elmin dərinliyinə varmaq, ictihad etmək lazımdır. Hər hansı rəvayətə kor-koranə təqlid etmək olmaz, müəyyən dəlillər əldə olunmalıdır. İnsan zəruri şərtləri araşdırmaq gücündə olduqda daha mühüm əməli seçə bilir. Bəli, Əhli-beytin (ə) buyuruqlarını anlamaq üçün çox vaxt ictihada ehtiyac olur. Əhli-beytin (ə) müəyyən əməllərinə təqliddə də ictihad zəruridir. Fəqih müəyyənləşdirir ki, hansı əmələ hansı şəraitdə təqlid olunmalıdır.

 

İnsan həyatında təqlidin rolu, Ustad Misbah Yəzdi

Leave a Comment