Bismillahir Rəhmanir Rəhim
Qurani-kərim bir çox ayələrdə təbiət aləminin yaradılışından bəhs etmişdir. Bu ayələrdə kainatın necə əmələ gəlməsi və onun sonluğunun nə sayaq bitməsi açıqlanır.
Burada öncə birinci məsələ – yəni kainatın yaranması məsələsi haqqında bəhs edirik. Quran ayələrinə əsasən xilqət aləmi başlanğıcda qazabənzər maddə şəklində olub. Aşağıdakı ayədə də bu anlam duxan – yəni tüstü mənası daşıyan sözlə ifadə olunub.
Fussilət surəsi, 11-ci ayə: Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan Göyə üz tutdu (Göyü yaratmaq qərarına gəldi). O, Göyə və Yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.
Qurani-kərim təkcə xilqət aləminin başlanğıcını deyil, sonluğunu da qaz şəklində bir maddə halında izah etmişdir.
Duxan surəsi, 10-cu ayədə deyilir: (Ya Peyğəmbər!) Sən Göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib Yerlə Göyün arasını sanki bir duman bürüdüyünü görəcəklər!)
İkinci tərəfdən, başlanğıcda Göy və Yer bitişik şəkildə olmuş, sonralar onlar bir-birindən ayrılmışdır. Bu məsələ Quranda birbaşa verilir. Qurani-kərim Göy ilə Yerin bitişik halını “rətq” və onların bir-birindən ayrılma vəziyyətini “fətq” sözü ilə ifadə etmişdir.
Ənbiya surəsi, 30-cu ayədə bu barədə belə deyilir: “Məgər kafir olanlar Göylə Yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər! (Göylər ilk yaradılışda Yerlə, həm də bir-birinə bitişik halda bir təbəqə olduğu halda, onlar ayrılmış, Göy yeddi təbəqəyə bölünmüşdür. Bu Allahın qüdrət və əzəmətini sübut edən tutarlı ayə və dəlildir.)”
Bir çox alimlərin fikrincə indiki dünya öncə yandırıcı buxar kütləsi halında olub və içəridən baş verən partlayış nəticəsində tədricən parçalanmış, çoxlu ulduzlar və parlaq səma cisimləri bundan yaranmışdır; günəş sistemi və Yer kürəsi də həmin cisimlərdən sayılır.
Corc Qamov Həmin elmi nəzəriyyəni açıqlayaraq belə söyləyir:
“Əgər indiki çağda zaman ardıcıllığı baxımından keçmişə qayıtsaq və dünyanın inkişaf prosesini geriyə qayıdış kimi təsəvvür etsək, istər-istəməz bu nəticəyə gələ bilərik ki, çox-çox uzaq dövrlərdə, hələ kəhkəşanlar və hətta ulduzlar bir-birindən ayrılmaz olduğu bir vaxtda ilkin qaz maddəsinin həm qatılığı, həm də istilik dərəcəsi çox yüksək olmuşdur və kainat həmin qazla dolmuşdur. Sonrakı genişlənmə prosesində bu qatılıq və istilik o qədər dəyişərək aşağı düşmüşdür ki, bunun nəticəsi olaraq Göy cisimlərinin bir-birindən ayrılması mümkün olmuşdur”
Üçüncü bir tərəfdən, təbiət aləminin yaradılışı tədrici proses olmuş – yəni ilkin yaranma çağından başlayaraq bir sıra mərhələlər keçmiş və indiki şəklə düşmüşdür. Quran ayələrinə görə Göylərin və Yerin yaradılışı 6 dövrü əhatə etmişdir. Bu baxımdan iki ayə diqqəti cəlb edir.
Əraf surəsi, 54-cü ayə: Həqiqətən, Rəbbiniz Göyləri və Yeri altı gündə xəlq edən, sonra Ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür.
Qaf surəsi, 38-ci ayə: And olsun ki, Biz Göyləri, Yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.
Şübhəsiz ki, yuxarıdakı ayələrdə bəhs edilən altı gün məfhumu kainatın yaranmasının altı gecə-gündüzdə deyil, altı mərhələdə başa çatdığını nəzərdə tutur. Belə ki, ərəb dilində “yövm” – yəni “gün” sözü cəm formasında “əyyam” kimi işlənir və iki mənaya malikdir:
1. Yerin öz oxu ətrafında fırlanma müddəti (yəni bir gecə-gündüz).
2. Dövr və ya mərhələ
Abdulla Nəsri, Quranda dunyaşünaslığın əsasları
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.