Bismillahir Rəhmanir Rəhim
İnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:
1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Quranın dediyi kimi, hər sübh və şam öz Allahlarını yad edirlər və onların duası çətinliklərinə görə deyil: “Sübhlər və axşam…”
Bəlkə də bu halın səbəbi bütün nemətlər ixtiyarlarında qoyulduğu halda onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu nemətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mərifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün nemət və ya bəlanın fərqi yoxdur.
Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: “Onlar xeyir işlər görməyə tələsər, ümid və qorxu ilə bizi çağırar və həmişə bizim qarşımızda müti olarlar.”
2. İkinci dəstəyə əksər möminlər daxildir. Bu şəxslər nemət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün nemət verilən zaman Allahı unudurlar və nemətlərin onlardan alındığı zaman dua edirlər: “İnsana bir nemət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.”
Xalqın əksəriyyəti belədir. Çox az insanlar nemət zamanı Allahı unutmur.
3. Üçüncü dəstə bəzi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi.
Bu qism insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar.
4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qurani-Kərim bu insanlar barəsində belə buyurur: “Nə üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş və şeytan pis əməllərini onlara gözəl göstərmişdir.” Başqa bir yerdə isə belə buyurulur: “Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. (Amma nə sizin qəlbləriniz Allahın qorxusundan çırpınar və nə də gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.” Əvvəldə dediyimiz kimi, həqiqi mömin heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İstər adi vasitələr olsun, istərsə də olmasın! O, duadan əl çəkmir! Adi vasitələrin hazır olduğu yerdə bu vasitələri həqiqi səbəb bilməyərək dua edir və həqiqi səbəbə doğru əl açır. Allahı səbəbkar bildiyindən süfrəsində çörək olmasına baxmayaraq, doymağını Onun iradəsindən asılı bilir. Çünki öz ehtiyaclarının ödənməsində həqiqi səbəbkar yalnız Allahı hesab edir və maddi vasitələrin təsirini Onun icazəsindən asılı olduğunu anlayır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. O inanır ki, Allah adi vasitələrsiz də onun ehtiyaclarını təmin edə bilər.
İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol nemətlər vermişdir. Lakin bəzən əvvəlcədən təsəvvür olunmadığı halda bu nemətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu?
Ustad Misbah Yəzdi, Rəbbin dərgahında
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.