Bismillahir Rəhmanir Rəhim
Әziz oxucu, indi də İmam Hüseyn (ə) türbətinin əzəməti və müqəddəsliyi haqqında nəql olunan bir hədisi diqqətinə çatdırmaq istərdim. Bu hədisin mənasını dəqiq düşünsən, İmam Hüseynin (ə) böyüklüyünü, müqəddəsliyini anlayar və fikrin uca səmalar tək genişlənər.
Peyğəmbərin (s) xanımı Ümmü Sələmə nəql edir ki, otağa daxil olanda balaca Hüseyni babası həzrət Məhəmmədin (s) qucağında gördüm. Peyğəmbərin (s) ovucunda qırmızı rəngli torpaq var idi. O, ovucunu qoxulayır və həmin türbəti öpərək ağlayırdı. Ümmü Sələmə həzrət Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşdu. Peyğəmbər (s) belə buyurdu: “Cəbrail yanıma gələrək xəbər verdi ki, məndən sonra ümmətim övladımı İraq torpağında qətlə yerirəcəkdir. Övladımın qətlə yetiriləcəyi yerdən bu türbəti mənim üçün gətirib.”
Sonra Peyğəmbər (s) həmin türbəti Ümmü Sələməyə verib demişdi: “Bu türbətin qırmızı qana döndüyü vaxt bil ki, oğlum Hüseyn qətlə yetirilmişdir.”
Ümmü Sələmə türbəti götürür və onu şüşə qaba qoyur. Aylar-illər keçir. O gün gəlib yetişir ki, İmam (ə) İraqa tərəf üz tutur. Həzrət vətəndə olmadığı günlərdə Ümmü Sələmə şüşə qabdakı türbətə tez-tez nəzər salardı. Aşura gününə qədər bu hadisə davam etdi (Aşura hicrətin 61-ci ili, Məhərrəm ayının 10-u, İmam Hüseynin (ə) qətlə yetirildiyi gündür).
Ümmü Sələmə öz evində yatmışdı. O, Peyğəmbəri (s) yuxuda görür. Peyğəmbərin (s) mübarək başı və saqqalı toz-torpağa bulaşmışdı. Ümmü Sələmə soruşdu:
– Ey Allahın rəsulu, sənin üz-başın nə üçün toz-torpağa batmışdır? Peyğəmbər (s) deyir:
– Ey Ümmü Sələmə, oğlum Hüseyn üçün qəbir qazırdım.
Ümmü Sələmə qorxmuş halda yuxudan oyanaraq Peyğəmbərin (s) verdiyi və içində türbət olan şüşə qabı götürdü. Türbətin qırmızı qana çevrildiyini görən Ümmü Sələmə qışqıraraq nalə çəkib ağlamağa başlayır. Bəni-Haşim qadınları onun ətrafına torlaşaraq ağlamağının səbəbini soruşurlar. Ümmü Sələmə onlara deyir ki, Hüseyn (ə) qətlə yetirilmişdir. Qadınlar ondan bu xəbəri haradan bildiyini soruşduqda, Ümmü Sələmə Peyğəmbəri (s) yuxuda gördüyünü və o Həzrətin verdiyi türbəti, bu türbətlə bağlı Peyğəmbərin (s) söylədiklərini onlara nəql edir. Bu əhvalatı və xəbəri eşitcək qadınlar da onunla birgə fəryad çəkərək ağlamağa başlayırlar.
Ümumiyyətlə, bu hədisin nəql olunan mənbələri həddən artıq çoxdur. Ona görə də biz onlardan bəzilərini burada qeyd etdik…
Hörmətli din qardaşım! İmam Hüseyn (ə) türbətinin əzəmət və müqəddəsliyini dərk etmək üçün bu hədisi diqqətlə nəzərdən keçir. Allah-taala Cəbrailə Hüseynin şəhid olacağı məkandan bir ovuc torpaq götürüb Peyğəmbərə (s) çatdırmasını əmr etmiş, Peyğəmbər (s) böyük hüzn və göz yaşları içində bu türbəti götürmüş, qoxulayaraq öpmüşdü. Bəli, əziz oxucu! Bu hədis çox böyük mətləbləri, həqiqətləri bizə bəyan edir. Hədisdən bizə aydın oldu ki, İmam Hüseyn (ə) türbətinin qana çevrilməsi həqiqətən qeyri-adi, eyni halda ən sarsıdıcı bir hadisə olmuşdur. Tarixdə bu cür hadisə yeganədir!!! Bu şəhidlər ağası Hüseynin türbəti üçün ilahi müqəddəslik deyilmi? Bəli, Allaha and olsun ki, belədir! Sonra qeyd etmək istərdik ki, bu hədis həqiqətən İmam Hüseyn (ə) türbətinin digər türbətlərdən üstün olmasını göstərir. Buna görə də bu türbət üzərinə səcdə daha üstün və daha dəyərlidir.
Seyyid Məhəmməd İbrahim əl-Müvəhhid əl-Qəzvini. Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.