Dəccal kimdir

Bismillahir Rəhmanir Rəhim

 “Kəmalud-din təmamun-nimə” kitabında axirəz-zəmanda Dəccalın çıxması ilə bağlı Əmirəl-möminin Əli ibni Əbi Talibin belə buyurduğu nəql edilir:

Nizal ibn Səbərə deyir: Əmirəl-möminin Əli ibni Əbi Talib əleyhis-səlam bizlər üçün xütbə etdi. Həzrət Allaha həmdü-səna edib Muhəmməd və Ali Muhəmmədə salavat göndərdikdən sonra dedi: Ay camaat, nə qədər ki məni itirməmisiniz, soruşun məndən! –Üç dəfə bunu təkrar etdi. Bundan sonra Sə`səə ibn Suhan (r.ə) ayağa qalxıb dedi: “Ey möminlərin Əmiri, Dəccal nə vaxt çıxacaq?” Əli əleyhis-səlam ona dedi: Əyləş, Allah sənin sözünü eşitdi və nə istədiyini bildi. And olsun Allaha ki, (bu barədə) sual soruşulan sual soruşandan çox bilmir. Lakin bunun (Dəccalın çıxmasının) bəzi əlamətləri vardır ki, bir-birinin ardıyca baş verəcəkdir. İstəyirsən onlar barədə sənə xəbər verim? Dedi: Bəli, ey möminlərin Əmiri!

Buyurdu: Yadda saxla, bu işin əlaməti bunlardır: o zaman insanlar namazı öldürərlər, əmanəti zay, yalanı halal edərlər, riba yeyər, rüşvət alar, binaları möhkəm edərlər, dini dünyaya satarlar, səfehləri işlədər, qadınlarla məsləhətləşər, qohumluq əlaqələrini kəsərlər, həva-həvəsə tabe olarlar, qanı ucuz bilərlər (yüngül tutarlar). Helmli olmaq zəiflik, zalım olmaqsa fəxr hesab edilər. Başçılar facir, vəzirlər zalım, elmlilər xəyanətkar, qarilər fasiq olar. Yalan şahidliklər ortaya çıxar, fücur (əxlaqsızlıq), böhtan, günah və tüğyan aşkar olar. Quran müshəfləri bəzədilər, məsçidlər zinətləndirilər, minarələr uzun tikilər. Şər insanlara hörmət edilər, (məsçidlərdə) səflər çox, (lakin) qəlblər ayrı-ayrı olar. Əhdlər sındırılar, vəd edilən yaxınlaşar. Qadınlar -dünyaya hərislik ucbatından- ərləri ilə birgə ticarətə qoşularlar. Fasiqlərin səsləri bərk gələr, sözləri dinlənilər. Bir qövmün başçısı o qövmün ən rəzil şəxsi olar. Şərrinin qorxusundan əxlaqsız facir şəxsdən çəkinərlər. Yalançıya inanar, xəyanətkara güvənərlər. Müğənni qadınlara və çalğıçılara yer verilər. Bu ümmətin sonuncuları əvvəlkilərə lənət edər. Qadınlar yəhərə minərlər. Qadınlar kişilərə, kişilər də qadınlara oxşayar. Şahidlər şahid çağrılmadıqları bir halda şəhadət verərlər. Başqa birisi də bilmədən və haqqı çatmadan bir məsələdə şəhadət verər. Dindən başqa bir şey üçün fəqih olar, dünya işini axirətdən üstün tutarlar. Canavar qəlblərinin üzərinə qoyun dərisi geyərlər, (halbuki) qəlbləri çürümüş leşdən daha pis qoxar, “səbr” (bitkisin)dən daha acı olar. Belə olan vaxt, tələsmək, tələsmək (lazımdır)! Tez olmaq, tez hərəkət etmək lazımdır! O zaman ən yaxşı məskən Beytül-Müqəddəsdir. İnsanlar üçün elə bir zaman gələcək ki, həmin vaxt onların hər birisi oranın sakini olmasını arzulayacaq (istəyəcək-başqa bir nüsxədə). Əsbəğ ibn Nübatə qalxıb dedi:

Ey möminlərin Əmiri, bəs Dəccal kimdir? Buyurdu: Bilin, Dəccal Said ibn Seyddir, kim ona inansa, bədbəxtdir. Kim onu inkar etsə, xoşbəxtdir. O, İsfahan deyilən bir şəhərdən, yəhudiliklə tanınan bir kənddən çıxacaq. Onun sağ gözü kordur, o biri gözü isə alnındadır ki, sübh ulduzu kimi parıldayır. Onun gözündə sanki qanla qarışmış bir laxtalanma (qarışıq) vardır. Onun iki gözü arasında kafir yazılmışdır və hər bir yazmağı bilən və bilməyən şəxs onu oxuya bilir. O dənizlərə dalar və günəş onunla birgə hərəkət edər. Onun önündə dumandan bir dağ olar, arxasında isə ağ rəngdə bir dağ olar ki, camaat onu yemək sanar. O, güclü qəhətlik olduğu bir zamanda ortaya çıxar və ağ bir uzunqulaq üstündə olar. Onun uzunqulağının bir addımı bir mil olar və mənzil-bəmənzil yol gedər. Hansı suyun yanından keçərsə, qiyamət gününə qədər qaynayar. O var gücü ilə və şərqlə qərb arasındakı bütün ins, cinn və şeytanların eşidə biləcəyi bir səslə səslənib deyər: Mənə tərəf tələsin dostlarım! “Mənəm yaradıb nizama salan, mənəm təqdir edib yönləndirən! Mən sizin uca rəbbinizəm!”[1]

Allahın düşməni yalan deyəcək. O təkgözdür, yemək yeyir, bazarlarda gəzir. Sizin izzət və cəlal sahibi olan Rəbbiniz isə taygöz deyil, yemir, gəzmir və aradan getmir, Allah bundan çox-çox ucadır!

Bilin, o gün onun ardıcıllarının əksəriyyəti zinadan dünyaya gələnlər və yaşıl atlaz paltar geyənlər olacaq. Allah onu Şamda “Əfiq” adlanan bir keçiddə -cümə günündən üç saat keçmiş- öldürəcək. Allah onu arxasında Məsih İsa ibn Məryəm -əleyhiməs-səlamın namaz qılacağı şəxsin əli ilə öldürəcək. Bilin, bundan sonra təmmətul-kubradır[2].

Dedik: Nədir o, ey möminlərin Əmiri? Buyurdu: Səfa (dağında) yerdən bir məxluqun (“Dəbbətül-ərz”in)[3] çıxması. Onun yanında Süleyman ibn Davudun üzüyü və Musanın əsası olacaq -hər üçünə salam olsun. O hər bir möminin üzünə o üzüyü qoyar və orada belə bir iz qalar: “bu, həqiqətən də mömindir”. Sonra onu hansı kafirin üzünə qoyarsa, orada da “bu, həqiqətən də kafirdir” yazılar. Hətta mömin ona səslənib deyər: vay olsun sənə, ey kafir! Kafir də səslənib deyər: xoş olsun sənə, ey mömin! İstərdim bu gün mən də sənin kimi olam və “çox böyük bir xoşbəxtliyə çatam”. Sonra o “məxluq” başını qaldırar və cəlal sahibi Allahın izni ilə şərq-qərb arasında olan hər bir kəs onu görər. Bu, günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək. “Və la yənfəu nəfsən imanuha, ləm təkun amənət min qəbl, əv kəsəbət fi imaniha xəyra”! ((O gün) daha öncədən iman gətirməyən və ya imanında bir xeyir ələ gətirməyən kimsənin imanı fayda verməyəcək!) (Ənam surəsi, 158)

Sonra həzrət əleyhis-səlam buyurdu: Bundan sonra baş verəcəklər barədə məndən soruşmayın. O bir əhddir ki, həbibim Rəsulallah səllallahu əleyhi və alihi onu mənimlə bağlamışdır və demişdir ki, onu itrətimdən başqa heç kəsə bildirməyim.

Nizal ibn Səmərə deyir: Sə`səə ibn Suhana dedim: Ey Sə`səə, Əmirəl-möminin bununla nə demək istəyirdi? Sə`səə dedi: Ey Səmərənin oğlu, İsa ibn Məryəmin -əleyhis-səlam- arxasında namaz qılacağı şəxs itrətin on ikincisi, Hüseyn ibni Əlinin -əleyhiməs-səlam- doqquzuncu övladıdır. O “qərbdən çıxacaq günəş”dir. Rükn və məqam arasında zühur edər və yer üzünü təmizləyər (paklayar). Əmirəl-möminin əleyhis-səlam bildirdi ki, həbibi Rəsulallah -səllallahu əleuhi və alih- onunla əhd bağlayıb ki, bundan sonra olanları itrəti olan İmamlardan (səlavatullahi əleyhim əcməin) başqa heç kəsə bildirməsin.

 

“Kəmalud-din”, Şeyx Səduq

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

      

 


[1]  Məlun, “Ə`la” surəsinin 2-3-cü ayələrində Allahu-təalanın vəsfində gələn bu ayəti-kərimələri öz xüsusiyyətləri kimi oxuyur və sonda Fironun etdiyi iddianı (Naziat surəsi, 24) edir.-müt.

[2]  Ola bilsin Naziat surəsi ayə 34-ə işarədir.

[3]  Hədislərə əsasən, “Dəbbətul-ərz” Əli ibni Əbi Talib əleyhis-səlamdır-müt.

Leave a Comment