Dəccal barədə

Bismillahir rəhmanir rəhim

 

Şiə Əhli-Beyt (ə) məktəbinin hədis mənbələrində Dəccal və onun hərəkatı barədə qeyd olunanlar sünni mənbələrində mövcud olan hədislərdəki məlumatlardan bir neçə yöndən fərqlənirlər:

1-Bizə görə Dəccal (l.ə) yəhudidir və İmam Məhdi (ə) zühur edib dövlətini qurduqdan və İsa ibn Məryəm (ə) nüzul etdikdən sonra İmama qarşı dünya səviyyəsində hərəkat başladacaq. Dəccalın ardıcılları yəhudilər, nasibilər, əqidəsiz və əxlaqsız insanlardırlar. Belə görünür ki, o bir sıra hiylə və kələklər vasitəsilə qeyri-adi işlər görəcək və özünün Allah olduğunu iddia edəcək.

2-Bizim hədislərimiz digər mənbələrdə gələn nağılvari və şişirtmə ünsürlərindən xalidir.

3-Digər mənbələrdə Kəbul-Əhbar Dəccalın ortaya çıxmasını Konstantiniyyənin fəth edilməsindən dərhal sonra olacağını bildirmiş və qiyamətin qopmasını da bundan yeddi il sonraya təyin etmişdir. Onlar da hamılıqla onun fikirlərini qəbul etmişlər. Halbuki, bizim mənbələrimiz bunu rədd etmiş və bildirmişdir ki, ilahi ədalət dövləti uzun müddət davam edəcək.

4-Baxmayaraq ki, onların alimləri hamılıqla Kəbin fikirlərini qəbul etmişlər, lakin Təmim əd-Darinin təsvir etdiyi Dəccal ilə Ömər ibn Xəttabın təsvir etdiyi Dəccal arasında məəttəl qalmışlar.

Bizə gəlincə isə biz nəql etmişik ki, Dəccal hidayət İmamlarının (ə) sonuncusunun (ə.f) müqabilində duran zəlalət imamlarının sonuncusudur. Kafidə (8/296) İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunur: “Dəccalın çıxışına qədər hər kim (insanları özünə tərəf) çağıracaqsa mütləq ona beyət edəcək birini tapacaq. Hər kəs bir zəlalət bayrağı qaldırarsa, o bayrağın sahibi tağutdur”.

Biz rəvayət etmişik ki, Dəccalın ardıcılları Əhli-Beyt (ə) düşmənləridirlər. Hüzeyfə ibn Əsəd deyir: “Əbu Zərin Kəbənin qapısının halqasından yapışıb belə dediyini eşitdim: Məni tanıyanlar üçün (deyirəm) mən Cündəb ibn Cünadəyəm. Məni tanımıyanlar(a gəlincə) isə bilsinlər ki, mən Əbu Zərəm. Mən Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: Kim birincidə və ikincidə mənimlə döyüşərsə, üçüncüdə Dəccalın ardıcıllarından olacaq. Bu ümmət içərisində mənim Əhli-Beytimin məsəli dənizin qaranlıqlarındakı Nuhun gəmisinin məsəli kimidir. Kim ona minsə nicat tapar, kim ondan ayrı düşsə qərq olar. Deyin görüm, çatdıra bildimmi?”(Ricali-Kəşşi: 29).

Şeyx Tusinin “Əmali” (1/59) kitabında isə belə nəql olunur: “Əbu Zərin azad etdiyi qul Rafe deyir: Əbu Zərin (r.ə) Kəbənin qapısının halqasından yapışıb belə dediyini eşitdim: Məni tanıyanlar üçün (deyirəm) mən Cündəb əl-Ğəffariyəm. Məni tanımıyanlar üçün deyirəm mən Əbu Zər əl-Ğəffariyəm. Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: Kim birincidə mənimlə və ikincidə Əhli-Beytimlə döyüşərsə, Allahu-təala onu üçüncüdə Dəccalla birgə həşr edər..”.

“Uyunu-əxbarir-Riza (ə)” kitabında isə (2/47) belə nəql edilir: “…Kim axirəz-zəmanda bizimlə döyüşərsə elə bil Dəccalla birgə (bizimilə) döyüşüb”.

Bu hədislər ona işarə edir ki, Dəccalın döyüşəcəyi tərəf Əhli-Beyt (ə)-dır. Bu da təbiidir. Yer üzərindəki ilahi ədalət dövləti onların (ə) sonuncularının (ə.f) əli ilə qurulacaq. Dəccal isə yer üzündəki sonuncu zəlalət hərəkatının başçısı olacaq.

 “Məhasin” kitabında (səh.90) İmam Sadiq (ə)-dan belə nəql edilir: “Allah Rəsulu (s) buyurdu: Hər kim biz Əhli-Beytə ədavət bəsləsə (qiyamət günü) Allah onu yəhudi kimi dirildər. Dedilər: Ya Rəsulallah, hətta iki şəhadətlə şəhadət versə belə? Buyurdu: Bəli. İnsan bu iki sözü deməklə qanının axıdılmasından qorunmuş olur. (Əks halda) zəlil halda cizyə verməli olur. Sonra dedi: Hər kim biz Əhli-Beytə ədavət bəsləsə (qiyamət günü) Allah onu yəhudi kimi dirildər. Dedilər: Bu necə (ola bilər), ey Allahın Rəsulu? Buyurdu: (Ona görə ki,) əgər belə bir şəxs Dəccalın zamanında yaşasaydı ona iman edərdi”. Başqa bir hədisdə isə buyurur: “Ey camaat, Hər kim biz Əhli-Beytə ədavət bəsləsə Allah onu yəhudi kimi dirildər. Belə bir şəxsin müsəlmanlığı ona fayda verməz. Belə bir şəxs Dəccalın zamanında yaşasa ona iman gətirər..”(Məşariqu-ənvaril-yəqin: səh. 52).

(“Dəccalın zamanında yaşasa ona iman gətirər” cümləsi Dəccalla bu şəxslərin, yəni Əhli-Beyt (ə) düşmənlərinin (nasibilərin) eyni əqidədə və eyni düşüncədə olacaqlarını göstərir. Başqa sözlə: Dəccal da Əhli-Beyt (ə) düşmənçiliyi edəcək. Biri zahirdə müsəlman, digəri isə yəhudi olmasına baxmayaraq hər iki tərəf eyni əqidədə və eyni tərəfdə olacaqlar və onları Əhli-Beyt (ə)-a düşmənçilik bir araya gətirəcək. Bu səbəbdən də qiyamət günü həşr olunduqları zaman yəhudi kimi həşr olunacaqlar. Müt)   

 

Şeyx Əli əl-Kəvrani, “əl-Mucəmul-Məvzui”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.       

Leave a Comment