Cinlərin İmam Məhdi (ə)-a yardım etmələri

Bismillahir-rəhmanir-rəhim

“İrşadul-qulub” kitabında Harun ibn Səiddən belə nəql edilmişdir: Əmirəlmöminin (ə)-ın belə buyurduğunu eşitdim: “…Mənim nəslimdən olan bir şəxs zühur edəcək. O şəxs yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq. Allah Musanın (ə) qövmündən qalan (kəsləri və ya əşyaları) onun yanına gətirəcək. Əshabul-kəfhi onu üçün dirildəcək. Onu mələklərlə, cinlərlə və bizim müxlis şiələrimizlə gücləndirəcək…”

“əl-Hidayətul-kubra” kitabında Müfəzzəl ibn Ömərdən nəql edilən uzun bir hədisdə belə deyilir:

“…Həmin gün Günəş ilk dəfə ağ və tər-təmiz şəkildə tülu edəcək (doğacaq). Elə ki, tülu edib ağaracaq, Günəşin gözündən bir carçı açıq-aşkar ərəb dilində məxluqata səslənəcək. Onun səsini səmalarda və yerdə olan hər bir kəs eşidəcək. O belə deyəcək: “Ey məxluqat! Bu, Muhəmməd ailəsinin Məhdisidir.” Bundan sonra onun adını babası Allah Rəsulunun (s) adı ilə adlandıracaq, onun künyəsini babası Allah Rəsulunun (s) künyəsi ilə deyəcək, sonra onun on birinci imam Həsənin (ə) oğlu olduğunu bildirəcək və deyəcək: “Ona tabe olun ki, hidayət olasınız. Onunla müxalifət etməyin ki, azarsınız”. Onun çağırışını ilk qəbul edənlər mələklər, sonra cinlər, sonra da seçilmiş şəxslər olacaqlar. Onlar “eşitdik və itaət etdik”, – deyəcəklər…”

Bu hədisdə Müfəzzəl sual verərək deyir: “Ey ağam, mələklər və cinlər insanların gözlərinə görünəcəklər?” Həzrət (ə) buyurdu: “Allaha and olsun ki, bəli. Onlar insan öz yodaşları və ailəsinin arasına qarışdığı kimi insanların arasına qarışacaqlar.” Mən dedim: “Ey ağam, mələklər və cinlər onunla (İmam Məhdi (ə) ilə) birgə hərəkət edəcəklər?” Buyurdu: “Allaha and olsun ki, bəli. Onlar Kufə ilə Nəcəf arasına Hicrət adlanan yerə nazil olacaqlar. Onun səhabələrinin sayı belə olacaq: 46 min mələk və 6 min cin. Allah onlarla ona kömək edəcək, ona zəfər bəxş edəcək…”

 

“Ənsarul-İmamil-Məhdi minəl-insi vəl-cinni vəl-məlaikəti və ğeyrihim”, Muin əl-Heydəri

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment